Ekskluziv
1279
12:12, Bu gün

"Bu amillər Türkiyənin hərbi "C-130" təyyarəsinin xarici müdaxiləyə məruz qalması ehtimalını gücləndirir...”

“Gəncədən havalanan təyyarənin Türkiyəyə uçuşunda ən qısa məsafə Ermənistan üzərindəndir. Təyyarə isə şərqə istiqamətlənərək, Gürcüstan hava sahəsinə girib və ardınca da qərbə doğru yön alaraq Türkiyəyə uçmaq xəttini seçib. Görünür, təyyarə pilotları da nədənsə şübhələnib daha uzun marşruta üstünlük veriblər...”
 
“Türkiyənin Bakıdakı 8 Noyabr paradında iştirak etmiş “F-16”-larına texniki dəstək məqsədilə Azərbaycana göndərildiyi deyilən “C-130” hərbi yük təyyarəsinin paraddan cəmi 3 gün sonra- noyabrın 11-də Gəncədən havalandıqdan sonra Gürcüstan ərazisində qəzaya uğraması barədə media araşdırması aparmısınızmı və hansı nəticələrə gəlmisiz? Kənardan müdaxilə ilə bağlı hansısa versiya gerçəyə uyğun görünürmü?”
 
Bu sualla müraciət etdiyimiz Heydər Oğuz Moderator.az-a açıqlamasında bildirib ki, Türkiyənin Gürcüstanda “C-130” hərbi yük təyyarəsinin qəzaya uğramasının müxtəlif səbəbləri ola bilər: 
 
“Təbii ki, xarici müdaxilə ehtimalı da istisna deyil. Xüsusilə də Azərbaycan-Türkiyə münasibətlərinin getdikcə yaxınlaşdığı, Türk ölkələri ordularının bir araya gəlməsi və ortaq təlimlər keçirməsi ehtimalının gücləndiyi bir zamanda bu mübahisəli qəzanın baş verməsi təxribat ehtimalını gücləndirir. Məlum olduğu kimi, ötən ay Qəbələdə keçirilən Türk dövlət liderlərinin zirvəsində Azərbaycan prezidenti bir sıra ölkələri narahat edən açıqlamalar vermişdi. O, Türk dövlətlərinin sahib olduqları avantajları qorumaq üçün qüvvələri birləşdirməsinin və ortaq təlimlər keçirməsinin zəruriliyindən danışmışdı. Sözsüz ki, bu təklifə regionda maraqları olan dövlətlər, o cümlədən Rusiya biganə qala bilməzdi. Üstəlik, qəzaya uğrayan təyyarənin türk “F-16”-larına texniki dəstək məqsədilə Azərbaycana göndərildiyi iddia olunur. Böyük ehtimalla, onlar təkcə Türkiyəyə məxsus “F-16”-lara xidmət etməklə qalmamışdı. Mümkündür ki, Azərbaycana məxsus təyyarələrin də NATO standartlarına uyğunlaşdırılması üçün də müəyyən işlər gömüşdülər. Prezident İlham Əliyevin bu yaxınlarda ABŞ-ın ən böyük hərbi hissələrindən sayılan “Centcom” –un komandir heyəti və digər Pentaqon yetkiləri ilə görüşdə Azərbaycan hava qüvvələrinin də NATO standartlarına keçdiyini bəyan etməsi də bu istiqamətdə verilmiş mühüm bəyanatlardan idi. Rusiyanın bu bəyanatlardan və konkret addımlardan sonra hansısa təxribatlara getməsi ağla gələn ilk versiyalardan biridir. Amma dediyim kimi, bütün bu mülahizələr sadəcə müəyyən gümanlara əsaslanır. Sözügedən təyyarənin qəzaya uğramasının əsl səbəbi ciddi araşdırmalardan sonra bəlli olacaq”.
 
Heydər Oğuzun fikrincə, təyyarənin uçuş istiqaməti və bəzi texniki göstəricilərinə baxmayaraq, qəzaya uğraması da şübhələri artırır: 
 
“Bilirsiniz ki, Gəncədən havalanan təyyarənin Türkiyəyə uçuşunda ən qısa məsafə Ermənistan üzərindəndir. Təyyarə isə şərqə istiqamətlənərək, Gürcüstan hava sahəsinə girib və ardınca da qərbə doğru yön alaraq Türkiyəyə uçmaq xəttini seçib. Görünür, təyyarə pilotları da nədənsə şübhələnib daha uzun marşruta üstünlük veriblər. Digər tərəfdən, “C-130” təyyarələrinin 4 mühərriki olur, onlardan hətta 3-ü sıradan çıxarsa, 1-i ilə qəzadan qurtulmaq mümkün idi. Belə çıxır ki, pilotların bu manevr imkanları da olmayıb. Bütün bunlar təyyarənin xarici müdaxiləyə məruz qalması ehtimalını gücləndirən amillərdir. Amma yenə təkrar edirəm ki, bunlar sadəcə şübhələrdir və təsdiqlənməsi üçün rəsmi məlumatlara ehtiyac var”.
 
Təqdim etdi: 
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər