Ekskluziv
195
13:53, Bu gün

"Ukrayna energetika sistemi iflic oldu: dövlətə məxsus bütün istilik elektrik stansiyaları sıradan çıxarıldı" - "Центрэнерго"

 
"Qarşıdan gələn payız-qış mövsümü Ukrayna üçün ən çətin dövr olacaq..."
 
Kütləvi hücum və nəticələri
 
Ukraynanın "Центрэнерго" dövlət enerji şirkətinin məlumatına görə, Rusiya Ukraynanın istilik elektrik stansiyalarına müharibənin əvvəlindən bəri ən genişmiqyaslı zərbəni endirib.
 
Moderator.az xəbər verir ki, şirkət bu barədə "Facebook" hesabında açıqlama yayıb. Bildirilir ki, raketlərin və eyni anda bir neçə dəqiqədə onlarla zərbə endirən pilotsuz uçuş aparatlarının ardıcıl hücumlarından sonra şirkətə məxsus bütün istilik elektrik stansiyaları tamamilə sıradan çıxıb.
 
"Центрэнерго" yazır ki, stansiyalar hərbi obyekt deyil, burada mülki insanlar çalışırdı. Lakin hücumlardan sonra vəziyyət fəlakət həddinə çatıb. Şirkət bildirir: "Biz dayandıq… Hazırda generasiya sıfırdır. Biz aylarla gecə-gündüz bərpa etdiyimiz hər şeyi tamamilə itirdik".
 
Hücumlar 8 noyabr gecəsi baş verib. Nəticədə Ukraynanın bir sıra bölgələrində elektrik təchizatı pozulub. Kremençuk tamamilə işıqsız qalıb, Kiyevdə fövqəladə kəsintilər tətbiq olunub. Elektrik dəyişikliyi nəqliyyat sisteminə də təsir edib - qatarların hərəkətində gecikmələr yaşanıb, gömrük bazası sıradan çıxdığı üçün sərhəd keçidi müvəqqəti olaraq dayandırılıb.
 
"Центрэнерго" Ukraynada dövlətə məxsus yeganə enerji istehsalı şirkətidir. Müharibədən əvvəl şirkət üç böyük TES-ə nəzarət edib: Tripolskaya (Kiyev vilayəti), Zmievskaya (Xarkov vilayəti) və Uqlegorskaya (Donetsk vilayəti). Bu stansiyalardan biri 2022-ci ildə Rusiya tərəfindən ələ keçirilib, digərləri isə 2024-cü ildə zərbələrlə dağıdılıb.
 
Şirkət bütün çətinliklərə baxmayaraq, dağıdılmış obyektləri yenidən bərpa etməyə çalışacağını bildirir: "Bizim başqa seçimimiz yoxdur. Yenə də bərpa edəcəyik".
 
 Enerji mütəxəssislərindən pessimist proqnoz
 
Razumkov Mərkəzinin enerji proqramları üzrə direktoru Vladimir Omelçenko vəziyyəti belə qiymətləndirir: istilik elektrik stansiyalarına ümid etmək artıq mümkün deyil, çünki onların böyük hissəsi ya dağıdılıb, ya da ağır zədələnib. Onun sözlərinə görə, bu cür obyektləri fiziki cəhətdən tam qorumaq mümkün deyil - ölçüləri çox böyükdür və müdafiə vasitələrinin çatdırılması vaxt tələb edir.
 
Omelçenko bildirir ki, Ukraynanın payız-qış mövsümünə minimal generasiya gücü ilə daxil olacağı artıq qaçılmazdır. Hazırda ölkənin enerji sistemi əsasən atom elektrik stansiyalarına, məhdud həcmdə elektrik idxalına və kiçik miqyaslı desentrallaşdırılmış generasiyaya söykənir.
 
Ukrayna parlamentinin Enerji və kommunal xidmətlər komitəsinin üzvü Sergey Naqornyak da xəbərdarlıq edib ki, elektrik kəsintiləri bütün istilik mövsümü boyunca davam edəcək. Onun sözlərinə görə, Rusiya yalnız böyük stansiyaları deyil, hətta kiçik bioyanacaq stansiyalarını belə hədəfə alır. Noyabrın 11-dən etibarən ölkənin bir çox bölgələrində elektrik istehlakına məhdudiyyət tətbiq ediləcək.
 
Bərpa cəhdləri və qeyri-müəyyənlik
 
Ukraynanın enerji infrastrukturu son aylarda davamlı olaraq vurulur, fövqəladə kəsintilər gündəlik həyatın bir hissəsinə çevrilib. "Центрэгерго" mütəxəssisləri yorğunluğa və dağıntılara baxmayaraq, yenidən işləyəcəklərini deyirlər. Lakin bu bərpa işlərinin nə qədər çəkəcəyi bilinmir və enerji sektorunun əsas yükü atom elektrik stansiyalarının üzərinə düşəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər