Novxanıda Zəfər Günü münasibətilə bayram süfrəsi təşkil edilib
Ekskluziv
274
12:51, Bu gün

Novxanıda Zəfər Günü münasibətilə bayram süfrəsi təşkil edilib

8 Noyabr 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində böyük zəfərin 5-ci ildönümü münasibətilə iş adamı Cəlil Nağıyev tərəfindən şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib.

Tədbirdən öncə Novxanı qəbiristanlığındakı şəhid məzarları ziyarət edilib, qəbir üstünə gül dəstələri qoyulub, dualar oxunub. 

350 nəfərin iştirak etdiyi bayram süfrəsində açılış nitqi ilə çıxış edən məscidin axundu Hacı Ələsgər Mikayılzadə, 8 Noyabr zəfərinin tarixi önəmindən bəhs edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi bu zəfərin dünya hərb tarixində misilsiz hadisə olduğunu söyləyib. Axund qeyd edib ki, bu zəfər Azərbaycan xalqının böyüklüyünü, şücaətini, yenilməzliyini bir daha bütün dünyaya sübut etdi, birmənalı şəkildə təsdiqlədi.

Şəhid Rauf İbadovun atası, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm İbadov çıxışında Azərbaycan gəncliyinin cəsarət və vətənpərvərliyinə diqqət çəkib, zəfərin əldə edilməsində gənclərimizin mühüm rol oynadığını vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən bu möhtəşəm zəfərin xalqımızın və dövlətimizin həyatında silinməz iz buraxdığını bildirən Rauf İbadov, gələcək nəsillərin də vətənpərvərlik ruhunda yetişdirilməsinin mühüm önəm kəsb etdiyini söyləyib.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov 8 Noyabr zəfərinin milli-mənəvi dəyərlərimiz baxımından əhəmiyyətinə diqqət çəkib. Hacı Bəxtiyar Nəcəfov qeyd edib ki, məhz erməni faşizminin darmadağın edilməsindən sonra işğaldakı ərazilərdəki dini abidələri, məcscidləri əsarətdən qurtarmaq, onları bərpa etmək mümkün olub.

Buzovna Cümə Məscidinin axundu Hacı Soltan Əlizadə Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qvvələrimizin əldə etdiyi böyük zəfərə, onun beynəlxalq aləmdə doğurduğu əks-sədaya diqqət çəkib. Hacı Soltan Əlizadə qeyd edib ki, 8 Noyabr zəfəri öz unikallığı, təkrarsızlığı, əzəməti ilə bütün dünyanı heyrətə gətirib, dünya hərb tarixində dərin iz qoyub. Artıq regionda sülhün və sabitliyin mövcud olduğunu xatırladan axund, bunu dövlətimizin, Prezidentimizin ən böyük uğurlarından biri kimi xarakterizə edib.

Tədbirdə çıxış edən BDU-nun tələbəsi Nüsrət Mirzəyev, kənd ağsaqqalı Nuhbala Ağayev, “Azərbaycan Bayrağı” ordenli ehtiyatdfa olan polkovnik Elmar Hüseynov, müharibə veteranı polkovnik-leytenant İlham Rüstəmov, tanınmış ziyalı Musa Mirzəyev və digərləri də 8 Noyabr zəfərini Azərbaycan xalqının ən böyük tarixi qələbəsi kimi qiymətləndirib, şəhidlərimizin və qazilərimizin qəhrəmanılığından ehtiramla söz açıblar.

Tədbirin sonunda çıxış edən iş addamı Cəlil Nağıyev bayram münasibətilə Azərbaycan xalqını  təbrik edib, 8 Noyabr zəfərinin tarixi önəminə toxunub:

“Mən Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu böyük, misilsiz 8 Noyabr zəfərinin 5-ci ildönümü  münasibətilə xalqımızı təbrik edir, şəhidlərimizin və şəhid analarının qarşısında baş əyir, qazilərimizə sonsuz təşəkkürümü bildirirəm.

Hər kəsə məlumdur ki, bizə bu səfəri bəxş edən Prezidentimiz, Silahlı Qüvvələrimiz, şəhidlərimiz və qazilərimiz oldu. Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın müharibə dönəmində xalqla sərgilədiyi mənəvi həmrəylik, xalqımızın dövlətimiz ətrafında sıx birləşməsi, öz ordusunun yanında olması da qələbimizə böyük töhfə verdi. Qələbəmizi öz qanları, canları bahasına təmin edən şəhidlərimiz, ölümün gözünə dik baxaraq düşmən üstünə cəsarətlə addımlayan, öz igidlikləri ilə onları dəhşətə gətirən qazilərimiz bizim üçün əbədi qürur və iftixar mənbəyidir.

Qələbəyə nail olsaq da, hələ qarşıda görməli olduğumuz çox iş var. Biz yeni qələbələr üçün Prezidentimizin ətrafında sıx birləşməkdə davam etməli, dövlətimizin işğaldan azad edilən ərazilərdə apardığı quruculuq işlərinə dəstək verməli, habelə, uşaq və yeniyetmələrimizin vətənpəvərlik ruhunda tərbiyə edilməsinə böyük diqqət yetirməliyik. Unutmamamlıyıq ki, xalqımızın və dövlətimizin gələcəyi yeniyetmə və gənclərimizdən, onların milli-mənəvi dəyərlərə bağlılığından, vətənpəvərlik ruhundan bilavasitə asılıdır.

Mən bir daha xalqımızı bayram münasibətilə təbrik edir, xalqımıza əmin-amanlıq, Prezidentimizə və dövlətimizə xalqımızın rifahı, respublkamızın çiçəklənməsi naminə apardıqları mübarizədə sonsuz uğurlar arzulayıram”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər