Ekskluziv
290
09 Nov 2025 | 23:32

"Antisosial medianın yüksəlişi" - "The Atlantic"

"Çat-botların dövrü insanı daha da tənha edəcək..."

Sosial şəbəkələr bitdi - indi süni "ünsiyyət" dövrü başlayır

"The Atlantic" nəşrinin yazdığına görə, sosial şəbəkələrin dövrü artıq başa çatır və onu daha təhlükəli bir mərhələ - süni ünsiyyət dövrü əvəz edir. Yazının müəllifi Deymon Beres hesab edir ki, insanları bir-birindən ayıran "Facebook" və digər platformalar yerini indi daha dərin tənhalığa aparan çat-botlara verir.

Mark Zukerberq vaxtilə "Facebook"-u insanların əlaqələrini gücləndirən platforma kimi təqdim edib. İndi isə "Meta" daha böyük ambisiyalarla süni intellektə əsaslanan "süni dostluq", "süni terapevt" və hətta "virtual sevgili" ideyalarını irəli sürür. Şirkət elə sistemlər üzərində işləyir ki, istifadəçi daim ekranın o biri tərəfindən gülümsəyən, mimika edən, real insan kimi davranan süni söhbət ortağı ilə danışa bilsin.

"Meta" tək deyil - "Snapchat", "Instagram", "X" (Twitter), "Amazon" və digər platformalar da istifadəçilərə çat-botları zorla təklif edir. Artıq sosial şəbəkələrin məqsədi insanları insanlarla birləşdirmək deyil. Məqsəd - insanları ekranda mümkün qədər uzun müddət saxlamaqdır.

Zukerberqin arqumenti belədir: insanlar yetərli qədər sosial deyil, deməli, çat-botlar "çatışmayan ünsiyyəti kompensasiya edəcək". Ancaq müəllif xəbərdarlıq edir: problem təkcə ünsiyyətin çatışmazlığı deyil - insan real əlaqələri süni əlaqələrə dəyişməyə başlayacaq.

Çat-botlar insanın zəif nöqtəsinə toxunur: diqqət və emosiyalar

Onlayn dünya diqqət uğrunda müharibədir. Çat-botlar isə bunu daha da gücləndirir. Onlar heç vaxt yorulmur, əsəbiləşmir, mübahisə etmir, suallara dərhal cavab verir və ən vacibi - istifadəçini tərk etmir. İnsan isə bunu "diqqət" və "qidalanan emosional əlaqə" kimi qəbul edir.

Müəllif yazır: Bəzi insanlar ChatGPT ilə saatlarla danışır, xarizmatik və seksual dizayn edilmiş botlar (məsələn, İlon Maskın Ani adlı "AI sevgilisi") istifadəçini özünə bağlayır, botlar istifadəçinin adını, vərdişlərini, hətta intim detalları yadda saxlayır.

Ani adlı botda "ürək indikatoru" belə var - istifadəçi yetərincə emosional açılırsa, həmin bot vizual olaraq "daha çox yaxınlıq göstərməyə" başlayır. "Business" modeli isə sadədir: insanı asılı salmaq. Bir çoxları artıq botları dost, psixoloq, hətta romantik tərəfdaş hesab edir.

Müəllif deyir ki, burada ən qorxulu məqam budur: İnsan real münasibətdə olan "ünsiyyət çətinliyini" yaşamır. Bot sənə heç vaxt deməyəcək: "mənim vaxtım yoxdur" ya da "artıq belə danışmaq istəmirəm". Beləcə, insan qeyri-mükəmməl, real münasibətlərdən qaçaraq süni münasibətlərə sığınıb öz sosial instinktini "sökür".

Çat-botlarla böyüyən uşaqlar - yeni itirilmiş nəsil?

"The Atlantic" xəbərdarlıq edir: bu fenomenin ən böyük riski uşaqlarla bağlıdır. "Google" artıq uşaqlar üçün "Gemini"nin versiyasını buraxıb. Digər şirkətlər internetə qoşulan "danışan oyuncaqlar" satır. Uşaq saatlarla botla danışaraq hiss edir ki, qarşısında onu başa düşən və sevən biri var. Əslində isə bu sadəcə koddur.

Psixoloqlar deyir: təmas, fikir ayrılığı, mübahisə insan münasibətlərinin öyrədici tərəfidir. Bot isə uşağın hər sözünü təsdiqləyir və onu özünün haqlı olduğuna inandırır. Beləcə uşaq müqavimət, qorxu, emosional intizam kimi ən vacib sosial bacarıqları qazanmayacaq. Son nəticə - yeni nəsil insanlarla deyil, botlarla böyüyəcək.

Texnologiya insanı daha çox tənhalığa aparır

Çat-botlar insanın arzusunu çox yaxşı başa düşür: dinlənilmək, başa düşülmək, tək qalmamaq. Onlar həmişə cavab verir. Onlar heç vaxt getmir. Sosial şəbəkələr insanları bir-birindən ayırıb, amma çat-botlar növbəti mərhələyə keçir - insanı tam tənha vəziyyətə gətirir. Müəllifin dediyi kimi: "Onlar həqiqətə bənzər ünsiyyət təklif edir, amma nəticədə biz sadəcə özümüzlə danışırıq".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər