Rusiyanın
Ekskluziv
351
09 Nov 2025 | 22:23

Rusiyanın "rəqəmsal pərdəsi": Kreml internet üzərində tam nəzarətə hazırlaşır

"1 mart 2026-dan etibarən "Roskomnadzor" ölkəni qlobal şəbəkədən ayıra biləcək..."

"Ura.news" nəşrinin yazdığına görə, Rusiya hökuməti ölkəni istənilən anda qlobal internetdən ayırmaq səlahiyyətini rəsmiləşdirib. 27 oktyabr 2025-ci ildə qəbul edilən yeni qərara əsasən, internetin idarəetmə "açarı" üç quruma - Rəqəmsal İnkişaf Nazirliyi, "Roskomnadzor" və Federal Təhlükəsizlik Xidmətinə verilir. Bu strukturlar artıq istənilən vaxt internet trafikinə nəzarət edə, saytları bloklaya və Rusiya seqmentini tam şəkildə təcrid edə biləcək.

Rəqəmsal suverenlik, yoxsa nəzarət cəngavəri?

Rəsmi sənədlərdə bu addım "milli təhlükəsizliyin təmin olunması və internetin davamlı işinin qorunması" ilə izah edilir. Lakin ekspertlər bildirir ki, yeni mexanizm əslində "Roskomnadzor"u internet üzərində faktiki senzura mərkəzinə çevirir. Sənəd iki əsas "təhlükə"ni müəyyən edir: xarici hücumlar və daxili "kütləvi nasazlıqlar". Bu geniş və qeyri-müəyyən formul internetin istənilən sosial gərginlik zamanı məhdudlaşdırılmasına imkan yaradır.

"Digital-Report.ru" portalının qeyd etdiyinə görə, belə vəziyyətdə hökumət "manual rejimə" keçə, yəni bütün trafiki dövlət serverləri üzərindən yönləndirə, xarici platformalara çıxışı kəsə bilər. Artıq bir neçə ildir ki, Rusiyada internetin təcrid şəraitində işləməsini yoxlayan sınaqlar keçirilir - sonuncusu 2023-cü ilin iyulunda baş tutub.

Texnoloji və iqtisadi risklər

Mütəxəssislər xəbərdarlıq edir ki, bu sistem adi istifadəçilər üçün "Windows" yeniləmələrinin, oyun serverlərinin və bulud ödənişlərinin dayanması demək ola bilər. Beynəlxalq API və xidmətlərdən (AWS, "Google Cloud" və s.) asılı olan bizneslər isə bir qərarla fəaliyyətini itirə bilər.

İT eksperti Aleksey Lukatskinin sözlərinə görə, sənəd yeni deyil - bu səlahiyyətlər "Roskomnadzor"da əvvəldən olub, sadəcə indi 2032-ci ilə qədər rəsmən qüvvədə olacaq. Digər mütəxəssislər isə Çin modelinə bənzər "milli internet"in yaradılacağını istisna etmir, bunlar xarici resurslara filtrli giriş, mərkəzləşdirilmiş nəzarət və "rəqəmsal dəmir pərdə"dir.

Hələlik hökumət tam təcridi "ehtimal kimi" saxlayır, amma 2026-cı ildən etibarən Rusiyanın internet üzərindəki müstəqilliyi ilə birlikdə, azad kommunikasiya anlayışı da risk altına düşür.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər