"Almaniya prezidenti Frank-Valter Ştaynmayer radikal sağ qüvvələrin yüksəlişini ölkə üçün ən ciddi daxili təhdid adlandırır..."
Almaniya prezidenti təhlükə barədə xəbərdarlıq edir
"Deutsche Welle" nəşrinin yazdığına görə, Almaniya prezidenti Frank-Valter Ştaynmayer Berlin divarının dağılmasının ildönümü münasibətilə Belvyu sarayında çıxış edib və bildirib ki, Almaniyada demokratiya və azadlıq indiyə qədər heç vaxt bu qədər ciddi hücum altında olmayıb. Onun sözlərinə görə, həm xarici, həm də daxili təhdidlər güclənib.
Ştaynmayer deyib: "Demokratiya və azadlıq birləşmiş dövlətimizin tarixində heç vaxt bu qədər ciddi hücuma məruz qalmayıb". Prezident iki təhlükəni xüsusilə vurğulayıb: Rusiyanın aqressiv siyasəti və Almaniyada radikal sağ qüvvələrin yüksəlişi.
O, qeyd edib ki, Rusiyanın təcavüzü Avropanın sülh nizamını dağıdıb və Almaniya bu təhdidə qarşı özünü müdafiə etmək məcburiyyətindədir. Eyni zamanda radikal sağ qüvvələr demokratiyanı hədəfə alaraq cəmiyyətdə dəstək qazanmağa çalışır.
Radikal sağ ekstremizmə qarşı mübarizə çağırışı
Ştaynmayerin sözlərinə görə, sağçı ekstremistlər insanları qorxu və neqativ emosiyalar üzərindən manipulyasiya edir, avtoritar idarəetməni və "Almaniyanın yenidən böyük olacağı" kimi boş vədləri təklif edirlər. Prezident qeyd edib ki, vəziyyətə kənardan baxmaq və gözləmək olmaz: "Fırtınanın sakitləşməsini gözləmək kifayət deyil. Biz hərəkət etməliyik. Biz hərəkət edə bilərik".
O, nə hökumətdə, nə də parlamentdə ekstremist partiyalarla əməkdaşlığın qəbuledilməz olduğunu vurğulayıb. Radikal partiyaların qadağan edilməsini isə yalnız demokratiyanı qorumağın son variantı kimi qiymətləndirib, lakin bunun üçün hüquqi əsasların araşdırılmalı olduğunu deyib. Ştaynmayer ultrasağçı "Almaniya üçün Alternativ" partiyasını ad çəkmədən nəzərdə tutub. Bu partiya artıq bir neçə federal ərazidə ekstremist kimi tanınıb.
Antisemitizmə qarşı mövqe və tarixin mesajı
Prezident çıxışında həmçinin 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra Almaniyada antisemitizmin artmasını pisləyib: "Kimdən gəlirsə-gəlsin, antisemitizmlə mübarizə aparmalıyıq".
Ştaynmayer qeyd edib ki, 9 noyabr Almaniya tarixində üç mühüm hadisə ilə yadda qalıb: 1918-ci ildə II Vilhelmin taxtdan imtina etməsi, 1938-ci ildə nasistlərin "kristall gecə" adlandırılan yəhudi talanlarını təşkil etməsi və 1989-cu ildə Berlin divarının dağılması. Prezident bildirib ki, bu tarixlər Almaniyaya bir həqiqəti xatırladır: demokratiya və azadlıq verilmiş bir şey deyil, hər nəsil onları yenidən qorumalıdır.