Ekskluziv
488
09 Nov 2025 | 20:45

"ABŞ NATO ölkələri və Ukraynaya silah tədarükünü dayandırıb" - "Axios"

"Şatdaun NATO müttəfiqlərinə və Ukraynaya silah ixracını bloklayıb..."

ABŞ silah satışını dondurub

"Axios" nəşrinin yazdığına görə, ABŞ-da şatdaun, yəni dövlətin
maliyyələşdirilməsinin dayandırılması NATO ölkələrinə və Ukraynaya silah tədarükünü bloklayıb. Dövlət Departamenti nəşrə təsdiqləyib ki, dəyəri 5 milyard dollardan çox olan silah müqavilələri müvəqqəti olaraq saxlanılıb.

ABŞ rəsmisi etiraf edib: "Bu, təkcə müttəfiqlərə və tərəfdaşlara deyil, həm də ABŞ hərbi-sənaye sektoruna ciddi zərər vurur". Söhbət xüsusilə aşağıdakı silah növlərindən gedir: AMRAAM hava-hava raketləri, "Aegis"hava müdafiə sistemləri, HIMARS reaktiv yaylım sistemləri. Bu silahlar Danimarka, Xorvatiya və Polşaya səfərbər olunmalı idi, lakin nəşr qeyd edir ki, bu tədarüklərin bir hissəsi sonradan Ukraynaya yönləndirilə bilərdi.

Prosesi kim və niyə  bloklayır?

Silah satışının reallaşması üçün ABŞ Konqresinin təsdiqi tələb olunur. Lakin şatdaun səbəbindən Dövlət Departamentində bu sənədləri hazırlayan əməkdaşların böyük hissəsi məcburi məzuniyyətdədir. Nəticədə sənədləşmə aparılmır və lisenziyalar verilmədən qalır.

Bir rəsminin sözlərinə görə, ötən ay silah satışını dəstəkləyən departamentin işçilərinin cəmi dörddə biri işləyirdi. Respublikaçı Tommi Piqott demokratları günahlandıraraq bildirib: "Demokratlar NATO müttəfiqlərinə həyati əhəmiyyətli silahların satışını bloklayır və bu, həm ABŞ təhlükəsizliyini, həm də tərəfdaşlarımızı riskə atır".

 Şatdaun və Tramp administrasiyasının planları

Bu, ABŞ-da son yeddi ildə ilk böyük şatdaundur. Konqres yeni maliyyə ilinə qədər büdcə sənədini qəbul edə bilməyib. Siyasi qarşıdurmanın səbəbi  tibbi sığorta subsidiyalarına ayrılan vəsaitdir. Donald Tramp büdcə idarəsinin direktoru ilə görüşdən sonra öz sosial şəbəkəsində yazıb ki, "bir çox demokrat yönümlü agentliklərdə" kütləvi ixtisarlar planlaşdırılır və bu addımların müvəqqəti, yoxsa daimi olacağı hələ müzakirə edilir.

"NBC News"-un sorğusuna görə, uzun sürən şatdaun fonunda seçicilərin bir hissəsi Trampın siyasətindən, xüsusilə də 2024-cü ildə ona yenidən hakimiyyətə qayıtmağa imkan verən əsas vədlərlə bağlı məyusdur. ABŞ-dakı siyasi qarşıdurma yalnız daxili idarəetməni deyil, NATO-nun silah təchizatını da iflic edib. Ukrayna və Şərqi Avropa üçün vacib olan raketlər və sistemlər sənədləşmənin açılmasını gözləyir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər