"Moskva məhdud hücumu "sabah da" başlada bilər, lakin NATO-nun cavabı dərhal və dağıdıcı olacaq..."
Rusiya sabah da hücuma başlaya bilər
NATO-nun Birləşmiş Qüvvələrinin operativ komandanlığının rəhbəri, alman general-leytenant Aleksandr Zolfrank "Reuters"-ə verdiyi müsahibədə qeyd edib ki, Rusiya ordusu sürətlə modernləşdirilir və Moskva qərar verdiyi halda, Alyansa qarşı məhdud hərbi əməliyyata "sabah da" başlaya bilər.
Onun sözlərinə görə, hazırda Rusiya Silahlı Qüvvələrinin böyük hissəsi Ukraynada cəmləşib və bu səbəbdən mümkün zərbə lokal, məhdud miqyasda ola bilər. Lakin 2029-cu ilə qədər Rusiyanın potensial hücum resursları əhəmiyyətli dərəcədə genişlənə bilər.
Zolfrank vurğulayıb ki, risk üç amildən asılıdır: ordunun real vəziyyəti, Rusiyanın cəbhədə əldə edəcəyi nəticələr və Kremlin siyasi qərarları. General əlavə edib ki, hücumun olub-olmayacağı yalnız Moskvadan deyil, NATO-nun öz mövqeyindən və davranışından da asılıdır.
NATO-nun mesajı: cavab dərhal və dağıdıcı olacaq
Alyansın baş katibi Mark Rütte CNN telekanalına müsahibəsində bildirib ki, Rusiya hansısa NATO ölkəsinə hücum edəcəyi təqdirdə, cavab dərhal və dağıdıcı olacaq. O, vurğulayıb ki, Kreml NATO ilə birbaşa qarşıdurmada qalib gələ bilməyəcəyini anlayır və buna görə də risk etməyə tələsmir.
Rütte misal çəkərək bildirib ki, Rusiya Rumıniyaya hücum etsə, dərhal bütün 31 NATO ölkəsinin hərbi gücü - hava, dəniz və quru qoşunları Moskvanın qarşısında dayanacaq. Baş katib xatırladıb ki, NATO-nun əsas prinsipi olan 5-ci maddə - "bir üzvə hücum hamıya hücum deməkdir" sadəcə siyasi bəyanat deyil, hərbi öhdəlikdir və lazım olduğu an tam həcmdə icra olunacaq.
Uzunmüddətli geosiyasi qarşıdurma
Rütte əlavə edib ki, Rusiya Qərblə uzunmüddətli toqquşmaya hazırlaşır və özünü tək hiss etməmək üçün digər avtoritar rejimlərlə - Çin, İran, Şimali Koreya və bir sıra başqa ölkələrlə strateji yaxınlaşma prosesinə gedir. Onun fikrincə, yaranmaqda olan bu blok yalnız Avropanın təhlükəsizliyi üçün deyil, beynəlxalq dünya nizamı üçün də real təhdiddir.
Buna görə NATO silah istehsalını artırır, hava hücumundan müdafiə sistemlərini yeniləyir, hərbi ehtiyatları böyüdür və müdafiə sənayesinə investisiyaları genişləndirir. Rütte müsahibəni belə yekunlaşdırıb: "Bu gün güc ən effektiv çəkindirici vasitədir. Nə qədər qətiyyətli və birləşmiş olsaq, bizi sınağa çəkməyə cəhd edənlər bir o qədər az olacaq".