“Türkiyə siyasətçiləri “İbrahim Sazişləri”nə görə Tokayevə güldən ağır söz deməzlər...”
Ekskluziv
703
07 Nov 2025 | 20:20

“Türkiyə siyasətçiləri “İbrahim Sazişləri”nə görə Tokayevə güldən ağır söz deməzlər...”

“O ki, qaldı İsrail-Türkiyə gərginliyinə, bu gərginliyin davam edəcəyi inanılası deyil, çünki hər iki ölkə ABŞ-ın təsiri altındadır. ABŞ heç vaxt qoymaz ki, Türkiyə İsrailin üstünə getsin və ya əksinə...”
 
“Türk Dövlətləri Təşkilatının aparıcı üzvlərindən olan Qazaxıstan dövlət başçısı Kasım-Comart Tokayevin Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşdə İsraillə diplomatik münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim Sazişləri”nə qoşulmaq niyyətini bəyan etməsi Türkiyə ilə münasibətlərinə mənfi təsir göstərməyəcək ki? Axı Türkiyənin İsraillə münasibətləri gərgin olaraq qalır...” 
 
Bu sualla müraciət etdiyimiz siyasi analitik Tahir Cəfərli Moderator.az-a açıqlamasında aşağıdakı fikirləri ifadə edib:
 
“Əslində belə olmayıb. Donald Tramp Qazaxıstanın  “İbrahim Sazişləri”nə qoşulacağını deyib. Əlbəttə ki,  Qazaxıstan Prezidentinin bu addımı Türkiyə və İran mətbuatında birmənalı qarşılanmayıb. Bəziləri belə düşünürlər ki, bunun Türkiyə Qazaxıstan münasibətlərinə mənfi təsiri olacaq, çünki Türkiyə ilə İsrailin arasında münasibətlər gərgin olaraq qalır...
 
Əslində belə deyildir. Bu sazişə qol atmağa hazırlaşan Tokayev hər şeydən əvvəl öz ölkəsinin iqtisadi və siyasi maraqlarından çıxış edir. İndiki dövrdə onun atdığı addım ən düzgün addımdır, çünki Mərkəzi Asiya regionunda Rusiya və Çin siyasi balansı pozurlar və bunun qarşısını almaq üçün ABŞ-ın regiona girməsi ilə pozulmuş balansı bərpa etmək və Qazaxıstan tranzitini tamlığı ilə işlətmək olar.
Onu da qeyd etməliyik ki, Qazaxıstan “orta dövlət” statuslu ölkədir və istədiyi ölkənin yüklərini istənilən ölkəyə göndərmək səlahiyyətinə malikdir. Bu səlahiyyəti yerinə yetirmək üçün dünyanın ən qüdrətli ölkəsi olan ABŞ-ın razılığını almaq lazım idi. ABŞ isə heç vaxt heç bir ölkəyə boş yerə heç nə etmir. Hər  halda ABŞ Qazaxıstan prezidentinin qarşısında qoyduğu şərtlərin arasında “İbrahim Sazişlərinə” qol atmaq şərtini də qoymuşdur. Öz dövlətinin müstəqilliyini istəyən və xalqın həyat şəraitini yaxşılaşdırmaq istəyən Prezident Tokayev praqmatik siyasətçi olduğundan, öz dövlət maraqlarından çıxış edib və İsrailin, BƏƏ, ABŞ və s. ölkələrin investisiyalarını Qazaxıstan iqtisadiyyatına yönəldəcəkdir. O ki, qaldı İsrail-Türkiyə gərginliyinə, bu gərginliyin davam edəcəyi inanılası deyil, çünki hər iki ölkə ABŞ-ın təsiri altındadır. ABŞ heç vaxt qoymaz ki, Türkiyə İsrailin üstünə getsin və ya əksinə... 
 
Keçək indi Türk Birliyinə, Turanın yaradılması məsələsinə. Yaranan hər birliyin iqtisadi və siyasi əsası olmalıdır. Ən güclü iqtisadiyyatı olan ölkənin əsasında bu birlik mümkündür. Hansıdır bu ölkə fikirləşin. Belə bir ölkə varmı? Dünya səviyyəsində tanınan güclü iqtisadiyyatı, elmi, texnologiyası və s. Faktiki hazırkı türk dövlətləri arasında beləsi yoxdur. Odur ki, hərəsi öz yorğanını öz üstünə çəkib durur...
 
Qazaxıstan tranzitinin işləməsi Türkiyənin, İranın, Mərkəzi Asiya ölkələrinin, eləcə də İsrailin və ərəb ölkələrinin iqtisadi marağındadır. Odur ki, Türkiyə siyasətçiləri buna görə Tokayevə güldən ağır söz deməzlər, çünki yaxşı bilirlər, Qazaxıstan Prezidenti çox ağıllı və praqmatik siyasətçidir. Onun üçün əsas siyasi xətt xalqa və Vətənə xidmət etməkdir, Nazarbayev deyil ki, yalnız klanına xidmət eləsin...” 
 
Link kopyalandı!
Son xəbərlər