“İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq”. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan şərəfli Zəfər Gününün 5-ci ildönümünü qeyd etdi. İgid Azərbaycan oğullarının canları və qanları bahasına əldə edilən bu qələbə tariximizə qızıl hərflərlə yazıldı.
Biz bu qələbəni milli birliyimiz sayəsində qazandıq. Milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycanı özünə vətən bilən hər kəs bu müharibədə bir ananın övladı kimi vuruşdu. Bütün dünya azərbaycanlıları haqq işimizə bacardıqları dəstəyi verməyə çalışdılar. Müharibə dövründə Azərbaycan xalqı öz “dəmir yumruğu”nu və həmrəyliyini nümayiş etdirdi.
2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı hərbi təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə əməliyyatı ilə başlayan və xalqımızın tarixinə silinməz izlərlə həkk olunan Vətən müharibəsi Ermənistanın işğalçılıq siyasətinə son verilməsi ilə nəticələndi.
Azərbaycan müharibəni xalqımıza xas ləyaqətlə apardı.Dövlətimizin sosial-iqtisadi gücü, maliyyə imkanları, xarici tərəfdaşlarla etibarlı münasibətləri hesabına əldə olunmuş müasir növ silahlarla XXI əsrin müharibəsini etdi. Həm 44 günlük Vətən müharibəsi, həm də antiterror tədbirləri zamanı aparılmış hərbi əməliyyatlarda düşmənin heç bir mülki obyekti hədəfə alınmadı. Yalnız hərbi hədəflərə zərbələr endirildi. Mülki əhaliyə zərər vurulmadı. Ermənilərin Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətlərinin qisası yalnız döyüş meydanında alındı. Dövlətimiz bu müharibə ilə dünyaya örnək olacaq humanizm nümayiş etdirdi.
44 gün davam edən və Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığını bütün dünyaya göstərən Vətən müharibəsi müasir dünya tarixinə separatçılıq, etnik təmizləmə, dinc əhaliyə qarşı soyqırım, işğalçılıq, tarixi və mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılması kimi barbar əməllərə, habelə bəşəriyyət əleyhinə cinayətlərə qarşı ən uğurlu əməliyyatlardan biri kimi düşdü.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində digər qoşun növləri ilə birlikdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti də əzmlə vuruşub, düşmənə ağır zərbələr endirərək əsl qəhrəmanlıq nümunələri ilə yadda qalıb.
Aparılan əməliyyatlarda Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər yaralanıb, 4 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Böyük qələbənin arxasında Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət, ordu quruculuğu, sosial-iqtisadi inkişaf, Prezident-xalq-ordu birliyi kimi amillər dayanır.
Şanlı Azərbaycan xalqının və onun ayrılmaz parçası olan ordusunun erməni terrorçulara qarşı apardığı savaşda qazandığı zəfər dünyanın aparıcı ölkələrinin hərbi institutlarında tədris olunan dərsliklərdə yeni paraqraf açdı. Azərbaycan əsgərinin igidliyi, iradəsi, cəsurluğu və qəhrəmanlığı artıq beş ildir ki, dünyanın aparıcı hərbi institutları və elmi araşdırma mərkəzləri tərəfindən təhlil edilərək öyrənilir.
Ölkəmizin qələbəsi müasir döyüş əməliyyatlarına baxışları kökündən dəyişdirdi. Təkcə Şuşa əməliyyatında göstərdiyimiz hünər dünya mətbuatında fantastik bir hadisə kimi qiymətləndirildi. İndi hər yerdə Azərbaycan Ordusunun təcrübəsi, qələbəmizin sirri öyrənilir.
Necə də qürurvericidir! Bu sirr isə çox sadədir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, sarsılmaz iradəsi, Azərbaycan döyüşçüsünün misilsiz qəhrəmanlığı, mətinliyi, xalqın öz dövlətinin, Prezidentinin ətrafında yumruq kimi birləşib bir olması, zərgər dəqiqliyi ilə ölçülüb-biçilən və uğurla həyata keçirilən dövlət siyasəti…
Bu siyasət təkcə Şuşa zəfəri ilə, digər torpaqlarımızın işğaldan azad olunması ilə bitmədi. Bu gün Azərbaycanın müqəddəs üçrəngli bayrağı bir zamanlar düşmən tapdağı altında, lakin indi öz sahibində olan bütün torpaqlarımızda dalğalanır.
Vətən müharibəsində qazanılan 8 Noyabr zəfəri və ardınca 19-20 sentyabr 2023-cü ildə separatçıların Xankəndidəki yuvalarının dağıdılması ilə nəticələnən antiterror tədbirləri ilə Azərbaycan yeni bir tarixi dövrə daxil oldu. Bu mənada Azərbaycan Silahlı Qüvvələrinin qazandığı zəfər bir neçə ilin, on ilin deyil, əsrlərin zəfəridir.
Nəticədə illər boyu ən böyük yaramız olan Xocalımıza qovuşduq. Ermənistan rüsvayçı məğlubiyyətini bütün dünya ictimaiyyəti qarşısında bir daha etiraf etməyə məcbur edildi. Bayrağımız indi Qarabağın və Şərqi Zəngəzurun hər şəhərində, hər kəndində dalğalanır! Yuxu deyil, reallıqdır! Bu reallığı yaradan əbədi minnətdar olmalı olduğumuz Müzəffər Ali Baş Komandanımızdır, onun dahiyanə strategiyasıdır, əbədiyyən borclu olduğumuz müqəddəs şəhidlərimizdir, Azərbaycan əsgəridir, onun misilsiz qəhrəmanlığıdır, xalqımızın birliyi və iradəsidir!
Azərbaycan xalqının əzmi, ordumuzun qəhrəmanlığı və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər Gününün beşinci ildönümünü böyük coşqu və iftixarla qeyd etdik.
Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, xalqımızın qürur mənbəyinə çevrildi. Qələbənin əldə edilməsi ilə Azərbaycan itirilmiş torpaqlarını geri aldı, böyük güclərin 200 ildən artıq regionda həyata keçirdikləri erməni layihəsini iflasa uğratdı. Ölkəmiz bu zəfər ilə regionda və beynəlxalq müstəvidə “Qarabağ Azərbaycandır!” reallığını yaratdı.
Bu gün azad olunmuş torpaqlarda dünyanın aparıcı şirkətlərinin iştirakı ilə abadlıq və quruculuq işləri yüksək səviyyədə icra olunur.
Vətən müharibəsində əldə olunmuş zəfərdə böyük xidmətləri olan əsgər və zabitlərimizin, ön və arxa cəbhələrdə fədakarlıq göstərən vətəndaşlarımızın xidmətlərinin dəyərləndirilməsi məqsədilə “Zəfər” və “Qarabağ” ordenlərinin, həmçinin 15 yeni medalın təsis olunması, minlərlə şəxsin Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə mükafatlandırılması dövlətimizin qəhrəmanlarımıza həssas münasibətini göstərir.
“Gün o gün olsun...” Bu sözlərlə başlayan cümləni o qədər çox eşitmişdik ki... Bəli, həmin o gün məhz bu gündür. Məhz bu gün, 30 il ərzində yurd həsrətinin acısından, xalqımızın başına gətirilən müsibətlərin ağırlığından ürəyimizə daman göz yaşlarımızın sevinc göz yaşlarına çevrildiyi gündür.
Alqış bu tarixi yaradanlara!
Alqış Azərbaycan xalqını ən böyük arzusuna qovuşduran Ali Baş Komandana!
Alqış böyük fədakarlıqla düşməni torpaqlarımızdan qovan, separatçıların yuvasını dağıdan, Şuşada, Xankəndidə bayrağımızı ucaldan qəhrəman əsgər və zabitlərimizə!
Bu gün artıq ərazi bütövlüyümüz tam təmin olunub. Azərbaycan xalqı bununla öz ləyaqətini bərpa etdi!
İndi bizimlə hesablaşır, bizə hörmət və qibtə edirlər.
Böyük qələbəmiz uğrunda canlarından keçmiş bütün şəhidlərimizi bir daha rəhmət və ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Daha böyük qələbələrə layiq, Azərbaycan xalqı, müqəddəs Zəfər Günün mübarək!
Venera Mürşüdova
DİN-in Daxili Qoşunlarının
Hərbi İnstitutunun müəllimi