Bizi sosial şəbəkələrdən izləyin:
“Zəngəzur dəhlizinin açılması ilə “Bir Yol- Bir Kəmər” layihəsinin Gürcüstan üzərindən keçən variantı kölgədə qalacaq. Hesablamalara görə, ilk dövrlərdə Gürcüstan öz nəqliyyat imkanlarının ən azı 20%-ni itirəcək...”
Gürcüstan paytaxtında müxalifətin “Gürcü arsusu” adı altında gizlənən rusiyapərəst İvanişvili rejiminə qarşı kütləvi mitinqlər, polislə toqquşmalar davam edir. Ölkə prokurorluğu onsuz da həbsdə olan eks-prezident Mixail Saakaşviliyə və 7 digər müxalifət liderinə qarşı yeni cinayət işi başladır. Bu arada “Gürcü arzusu”nun qatı tərəfdarı olan bir qadın tərəfindən Tiflisdəki bir marketdə azərbaycanlılar qəddarcasına döydürülür... Görəsən, Güney Qafqazdakı iki digər dövlətin - Azərbaycan və Ermənistanın artıq Rusiya təsirindən çıxıb Qərbə, NATO-ya doğru inteqrasiya etməyə çalışdığı bir vaxtda hələ 2030-cu ildə Aİ-yə üzvlük məsələsini qaldıracağını bəyan edən Gürcüstan hakimiyyəti nə etməyə çalışır? Qonşu dövlətdə hadisə və proseslərin inkişafını necə görünür?..
Bu suallar ətrafında Moderator.az-a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşdıqca bundan ən çox qıcıqlanan tərəf Gürcüstan ola bilərdi və görünən budur ki, olub:
“Məsələ burasındadır ki, münasibətlər yaxınlaşdıqca Cənubi Qafqazdan keçən nəqliyyat dəhlizi marşrut dəyişdirəcək. Zəngəzur dəhlizinin açılması ilə “Bir Yol- Bir Kəmər” layihəsinin Gürcüstan üzərindən keçən variantı kölgədə qalacaq. Hesablamalara görə, ilk dövrlərdə Gürcüstan öz nəqliyyat imkanlarının ən azı 20%-ni itirəcək. Bu itkilər getdikcə daha da böyüyəcək. Çünki Azərbaycan və müttəfiqləri kommunikasiya əlaqələrini getdikcə şaxələndirməyə və genişləndirməyə çalışacaqlar. Bu isə daha çox nəqliyyat vasitələrinin bu dəhlizdən keçməsinə, dolayısıyla Gürcüstanın payının maksimum səviyyədə azalmasına, bəlkə də rentabelliliyini itirməsinə yol açacaq. Bu da istər-istəməz Tiflisi qıcıqlandırır.
Azərbaycanın beynəlxalq kommunikasiya imkanlarını şaxələndirməyə çalışması da Gürcüstanın maraqlarına ziddir. İranın və Ermənistanın Bəsrə körfəzi-Qara dəniz marşrutu Gürcüstandan keçəcəkdi. Azərbaycan isə daha ideal bir marşrut təklif etdi. Söhbət Cənub-Şimal marşrutundan gedir. Tamamilə dəmir yolu üzərində qurulan bu marşrut Ermənistan qədər Gürcüstanı da narahat edir. Böyük ehtimalla Tiflisi qıcıqlandıran amillərdən biri də budur...”
Gürcüstanın Rusiyaya meyilli siyasət yürütdüyünü vurğulayan siyasi şərhçi belə deyib:
“İvanişvilinin bu ruspərəstliyinə ən ciddi təhlükə Azərbaycan və Ermənistanın ABŞ və Qərbə meyilli inteqrasiya arzusudur. Xüsusilə də Mərkəzi Asiya ölkələrinin bu təşəbbüsə qoşulması və bu gün- noyabrın 7-də Trampla “C5+1” sammiti keçirməsi də Gürcüstanda narahatlıqla qarşılanır. Rəsmi Tiflis anlayır ki, öz inadkar mövqeyini sürdürsə, beynəlxalq kommunikasiya əlaqələrindən tamamilə təcrid olunacaq və Cənubi Qafqazın “ada ölkəsinə” çevriləcək. Cənubi Qafqazda sıxışıb qalmaq isə Gürcüstan üçün bütün geo-siyasi əhəmiyyətini itirmək və qısa zamanda məhv olmaq anlamına gəlir. Odur ki, Azərbaycan və Ermənistanın yaxınlaşmasını özü üçün həyati təhlükə kimi qavrayan Gürcüstan iqtidarı ciddi nəticəsi olmayan reaksiyalarla gündəmə gəlmək, bir növ şantaj yolu ilə sövdələşmə masasında oturmağa can atır. Vaxtilə dəfələrlə bu şantaja əl atıb öz istədiyini Azərbaycandan və müttəfiqlərindən qoparan Tiflisin bu dəfə öz istəyinə çatması isə mümkün deyil. Çünki vaxtilə Ermənistanla aramızda dərin ziddiyyətlər olduğundan Gürcüstan bizim tək seçənəyimiz idi. İndisə belə deyil. Gürcüstan bu inteqrasiya prosesindən kənarda qalsa, Azərbaycan öz işini Ermənistanla, Ermənistan özündən çıxarsa, İranla davam etdirə bilər. Nəticədə olan küsəyənlərə olar”.
Təqdim etdi:
Sultan Laçın