8 savaşı dayandırdığını deyən ABŞ lideri özü bu ölkəyə qarşı müharibəyə başlayacaq?..
Ekskluziv
340
16:46, Bu gün

8 savaşı dayandırdığını deyən ABŞ lideri özü bu ölkəyə qarşı müharibəyə başlayacaq?..

Fikrimcə, Amerika lideri hədəflərinə və ritorikasına baxmayaraq Venesuela ilə hərbi toqquşmada maraqlı deyil. Məsələni davamlı basqılara həll etmək istəyir...”
 
“Prezident Donald Trampın Venesuela ilə bağlı yürütdüyü siyasət, başlatdığı təzyiqlər narkotik ticarəti bəhanəsi ilə bağlı olsa da, əslində məqsəd bu ölkənin zəngin təbii resurslarına maneəsiz giriş əldə etməkdir. Venesuela neft ehtiyatlarına görə dünyada lider ölkələrdəndir. Onun ixracının 95 faizini, büdcəsinin isə təxminən 60 faizini neft və neft məhsulları təşkil edir. Karakasın əsas ticarət ortaqları Rusiya, Çin, Hindistan, İran və Şimali Koreya kimi despotik rejimli ölkələrdir. Birləşmiş Ştatların yaxınlığında Maduronun düşmən və rəqib hesab edilən dövlətlərlə tərəfdaşlıq və geniş ticarət əlaqələrinə Tramp seyrçi qala bilməzdi.  Zəngin təbii sərvətlərə rəğmən Venesuela kasıb ölkələr siyahısındadır. Ölkəni idarə edən Nikolas Maduronun legitimliyi ABŞ tərəfindən tanınmır və onu diktator adlandırırlar”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Sizcə, ABŞ prezidenti Donald Trampın Venesuelaya qarşı hərbi müdaxilə planları reallaşacaqmı? Və bu region və ümumiyyətlə, dünya üçün nə ilə nəticələnə bilər?” sualını cavablandırarkən siyasi şərhçi Əli Orucov ifadə edib. 
 
“Əgər ABŞ hərbi müdaxilə edərsə, Venesuela ordusu dünyanın ən güclüsü və ən qabaqcılı olan ordu qarşısında müqavimət göstərə bilməz. Bu ölkənin ordusu zəif silahlanıb və hərbi arsenalı əsasən Rusiyanın Hərbi Sənaye Kompleksinin satdığı silah və hərbi texnikalardan ibarətdir. Yalnız 2019-cu ildə Rusiya ilə  11 milyard dollarlıq silah sazişi imzalanıb”, -deyə davamında həmsöhbətimiz bildirib. 
Əli Orucov xatırladıb ki, bundan öncəki prezident Co Baydenin dövründə də Venesuela ABŞ tərəfindən təzyiqlərə məruz qalıb: 
 
“Karakas Trampdan əvvəlki Ağ Ev Administrasiya rəhbərinin də təzyiqlərinə məruz qalmışdı. Vaşinqton sanksiyalar tətbiq etmişdi. Lakin bunun istənilən effekti vermədiyi qənaətinə gələn hazırkı prezident daha sərt və qəti addımlar atmaq qərarına gəlmişdir. Artıq ABŞ hərbçilərinin bir qrupu bölgəyə cəlb edilib. Hər an irimiqyaslı müharibə başlaya bilər. Fikrimcə, Amerika lideri hədəflərinə və ritorikasına baxmayaraq Venesuela ilə hərbi toqquşmada maraqlı deyil. Məsələni davamlı basqılara həll etmək istəyir...” 
 
“Trampın seçki kompaniyasının əsas tezislərindən biri müharibələri dayandırmaq və dünyada sülhə qarantiya durmaq idi. O, 8 müharibəni dayandırdığını bəyan edir və Nobel Sülh mükafatına iddiasını açıq şəkildə bildirir. Və zənnimcə, belə bir halda özünün yeni bir qanlı müharibəyə başlaması Ağ Ev rəhbərinin imicini ciddi şəkildə zədələyərdi. Bundan başqa bu savaş Birləşmiş Ştatların diqqətinin daha vacib problemlərdən Çin, İran və Rusiyadan  yayınmasına səbəb olardı. Odur ki, müharibə az ehtimal olunandır”, - deyə siyasi şərhçi yekunlaşdırıb.
 
Sultan Laçın
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər