"ABŞ prezidentinin şəxsi diplomatiya cəhdləri gözlənilən nəticəni vermir - Moskva kompromisə getmək istəmir..."
Trampın vədləri və reallıq
Moderator.az xəbər verir ki, BBC nəşri Donald Trampın prezident seçkilərində qələbəsinin birinci ildönümü ilə bağı məqalə dərc edib. Nəşr yazır ki, Donald Tramp seçki kampaniyası dövründə Ukraynada müharibəni "24 saat ərzində bitirəcəyini" və Rusiya ilə münasibətləri normallaşdıracağını dəfələrlə bəyan edib. Prezident seçildikdən sonra Vaşinqton və Moskva illər sonra ilk dəfə birbaşa danışıqlara başlayıb, Tramp Putinlə mütəmadi danışıb və hətta Alyaskada görüş keçirib.
Lakin əldə edilən yeganə nəticə danışıqların başlanması olub. Nə atəşkəs, nə də siyasi anlaşma əldə edilməyib. Tramp son aylarda etiraf edir ki, "Putinlə danışırıq, söhbətlərimiz yaxşı keçir, amma heç bir nəticə çıxmır". BBS-yə danışan ABŞ rəsmiləri bildirir ki, Ağ Ev problemi şəxsi münasibətlər üzərindən həll etməyə çalışıb, amma bu model işə yaramayıb. Xüsusilə Trampın yaxın dostu və qeyri-rəsmi vasitəçi Stiv Uitkoff bir neçə dəfə Moskvanı yanlış başa düşərək prosesləri dalana salıb.
"Məsələ torpaq deyil, suverenlikdir"
Putin açıq şəkildə açıqladığı tələblərində Ukraynanın neytral statusunu, ordusunun zəiflədilməsini, rus dilinin xüsusi statusunu və beş region üzərində Rusiyanın "suverenliyinin tanınmasını" istəyir. Moskva yalnız böyük siyasi razılaşmadan sonra atəşkəsə razıdır.
Tramp isə danışıqları "torpaq müqabilində sülh" kimi qavrayıb. Bir mərhələdə hətta Krımın Rusiyaya məxsus olduğunu qəbul etməyə hazır olduğunu inamlı şəkildə bildirib. ABŞ rəsmiləri deyir: "Tramp düşünürdü ki, Putinə sadəcə torpaq lazımdır. Amma Putin torpaq yox, Ukrayna üzərində nəzarət istəyir". Kiyev isə qəti mövqedədir: Ukraynanın ərazi bütövlüyü müzakirə mövzusu deyil.
Diplomatiyadan sanksiyalara: proses dayanıb
Alyaska görüşünün uğursuzluğundan sonra Ağ Ev daha sərt mövqeyə keçib. ABŞ Rusiyaya qarşı, o cümlədən "Rosneft" və "Lukoyl" kimi iri enerji şirkətlərinə yeni sanksiyalar tətbiq edib. Rusiya isə cavab olaraq yeni nüvə silahlarının sınağını elan edib.
Ukrayna və Avropa liderləri Trampı inandırmağa çalışır ki, Putinin tələb etdiyi "kapitulyasiya sülhü" Avropanın təhlükəsizliyini dağıdar və ABŞ-ın maraqlarına ziddir. BBC-yə danışan bir Avropa diplomatı deyir: "Biz sadəcə vaxt udmağa çalışırdıq və buna nail olduq". Hazırda proses demək olar dayanıb. Moskva danışıqlara maraq göstərmir və diqqəti tamamilə hərbi meydanlarda üstünlük qazanmağa yönəlib.
Bir ilin sonunda məlum olur ki, şəxsi diplomatiya modelləri işləməyib, tərəflər sülhün nə demək olduğu ilə bağlı fərqli anlayışlara sahibdir, Moskva üçün əsas məsələ torpaq yox, Ukraynanı nəzarətdə saxlamaqdır. ABŞ tərəfi hesab edir ki, sülh yalnız Rusiyaya iqtisadi və siyasi təzyiq artırıldıqda mümkün ola bilər. Diplomatik dialoq isə hələlik dalanda qalır.