“Moskva hərbi bazası vasitəsilə bir erməni generalı hakimiyyətə gətirə bilər, lakin...”
Ekskluziv
383
21:01, Bu gün

“Moskva hərbi bazası vasitəsilə bir erməni generalı hakimiyyətə gətirə bilər, lakin...”

“Ermənistanda vəziyyəti düzgün təhlil edən siyasi dairələr və vətəndaşlar da  yaxşı başa düşürlər ki, Paşinyanın yanında dayanıb Qərbin, o cümlədən Türkiyə və Azərbaycanın dəstəyini cəlb etmək daha sərfəlidir...”
 
Son təhlillərdən belə nəticəyə gəlmək olur ki, Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərinə qədər hazırkı baş naziri Nikol Paşinyan  4 istiqamətdə savaş aparmalı olacaq: radikal-revanşist müxalifət, kilsə, erməni diasporu və Rusiya ilə. Hazırda bu mübarizələr, demək olar ki, uğurla davam edir. Görəsən, indiki erməni iqtidarı qarşıdakı hələ təxminən 7 ay müddətində bu savaşlardan qalib çıxa biləcək, yoxsa?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı qeyd edib ki, faktiki olaraq sadalanan bu dörd istiqamət əslində bir istiqamətdir, yəni bir cəbhədir: 
 
“Burada Rusiya, radikal-revanşist müxalifət və kilsə,birmənalı şəkildə Rusiya amilini təmsil edir. Ermənistandakı diaspor da qismən Rusiya amilidir, çünki  erməni diasporunun çoxu Rusiyada məskunlaşıb və həmin diaspor da tam şəkildə Paşinyana qarşı mövqe tutur. Rusiyadakından fərqli olaraq Avropadakı erməni diaspor təşkilatları Ermənistan iqtidarına münasibətdə birmənalı deyil. Orada ABŞ-ın təsiri altındakı qüvvələr var ki, bu da istər-istəməz, həmin dövlətin siyasi xəttinə uyğun hərəkət etmələrinə səbəb olur. Son baş verənlər də onu göstərir ki, Amerika dövləti 8 avqust Vaşinqtondakı birgə razılaşma sonrası artıq bu prosesdə birbaşa iştirak edir. ABŞ-dakı erməni diaspor təşkilatları da bunu görməmiş deyil. Ola bilər ki, əvvəlcə bəzi qruplar buna qarşı öz etirazlarını bildirsinlər, amma əslində onlar ABŞ-ın siyasətinin təsiri altındadırlar və ona görə də bu xəttdən kənara çıxa bilmirlər. Bütün bunları nəzərə alaraq demək olar ki, Paşinyanın qarşısında duran qüvvələr elə bir cəbhədir. Və hadisə və proseslər göstərir ki, o deyilən əks qüvvələrə qarşı tutarlı zərbələr vura bilir."
 
Həmsöhbətimiz Paşinyanın həmin düşmən qüvvələrin böyüməsinə və sosial bazalarını gücləndirmələrinə imkan vermədiyini, həmçinin ictimai rəy yaratmaqda uğurlu olduğunu vurğulayıb:
 
"Paşinyan həmçinin bu qüvvələrin böyüməsinə və sosial bazalarının artmasına imkan vermir. Onun mübarizəsi həm də ictimai rəyin formalaşdırılması üzərində qurulub. Və erməni kilsəsi ilə mübarizədə Ermənistan lideri, demək olar ki, ciddi üstünlük əldə edib. Bu mübarizədə  Paşinyan heç bir inzibati vasitədən, yaxud təzyiqdən istifadə etmədi, sadəcə sübut etdi ki, katolikos II Qaregin kilsə qanunlarını pozur, ona görə də uzaqlaşmalıdır. Artıq hiss olunur ki, baş nazirin siyasəti erməni katolik kilsəsini parçalayıb. Bildiyiniz kimi, bu günlərdə Ermənistanın müxtəlif  kilsələrində dini ayinlər keçirilirdi. Amma bu ayinlər faktiki olaraq Paşinyanı müdafiə edən və katolikos Qareginə qarşı toplantılara çevrilib. Bu da onu göstərir ki, Qaregin artıq kilsəyə nəzarəti itirib.  Eyni zamanda xaricdəki kilisələr arasında da Qaregini ciddi şəkildə müdafiə etmirlər. Hiss olunur ki, Paşinyan orada da müəyyən işlər görür...”
 
AzVP sədri digər tərəfdən, Rusiyanın Ermənistandakı imkanlarının zaman keçdikcə zəiflədiyini diqqətə çatdıraraq ölkədəki rusiyapərsət müxalifətin də birliyə nail ola bilməməsini vurğulayıb:  
 
“Revanşist Robert Köçəryan və Serj Sərkisyan qruplaşmaları arasında da birlik yoxdur. Bir müddət öncə Kremlin emissarı olan milyarder Samvel Karapetyanın reytinqi nisbətən qalxmaqda idi, ancaq hazırda Köçəryan deputat oğlu Levonla birgə daha çox fəallaşrıb. Digər yandan, Köçəryanla Karapetyan arasında müxaifətə ümumi liderlik uğrunda gizli bir rəqabət getməkdədir. Bu da təbii ki, Paşinyanın xeyrinə işləyir.”
 
Siyasətçi Rusiyanın Ermənistandakı mövqeyini də təhlil edərək nəzərə çatdırıb ki, Rusiya ölkəyə birbaşa təsir göstərə bilmədiyindən bunu müxalif qüvvələr vasitəsilə etməyə çalışır. Ancaq müxalif qüvvələr zəif olduğundan deməli, Kremlin də təsir imkanları da getdikcə azalır.  Bəli, Rusiya Ermənistanda hərbi bazaya sahibdir, amma bundan birbaşa istifadə edə bilmir. Moskva həmin hərbi bazanın vasitəsilə tutaq ki, hansısa bir erməni generalı, yaxud digər fiqur hakimiyyətə gətirə bilər. Lakin hakimiyyətə gətirdiyi fiquru  hakimiyyətdə saxlamaq problemi ilə qarşılaşır. Çünki bunun üçün həmin şəxsə ciddi iqtisadi və maliyyə dəstəyi verməlidir. Lakin bu gün Ukrayna “bataqlığı”nda çabalayan Rusiyanın ciddi maliyyə imkanı da yoxdur”. 
 
“Bütün bu deyilənləri düşünərək Ermənistanda vəziyyəti düzgün təhlil edən siyasi dairələr və vətəndaşlar da  yaxşı başa düşürlər ki, Paşinyanın yanında dayanıb Qərbin, o cümlədən Türkiyə və Azərbaycanın dəstəyini cəlb etmək daha sərfəlidir. Çünki Türkiyə və Azərbaycanın münasibətlərin yaxşı olması iqtisadi dividentlər vəd edir, Ermənistanda insanların rifah halının yüksəlməsini vəd edir. Zəngəzur dəhlizinin və Türkiyə ilə sərhədlərin açılmasından sonra əhalinin bütün təbəqələrinin gəlirlərinin xeyli artacağı proqnozlaşdırılır.  Həmçinin Ermənistanın dövlət büdcəsinə də həmin istiqamətlərdən kifayət qədər ayırmalar olacaqdır. Bütün bunları ermənilərin xeyli hissəsi yaxşı başa düşür və ona görə də hələki Paşinyanın siyasətini müdafiə edirlər.  Odur ki, hesab edirəm ki, başqa bir təhlükəli məqam ortaya çıxmayacaq və sadalanan amillərin təsiri altında Paşinyan qalib gələcək və bu prosesləri davam etdirəcəkdir",-deyə Akif Nağı yekunlaşdırıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər