“Belə nəticəyə gəlirəm ki, Ramiz Mehdiyevin cinayəti haqda məlumatlar rəsmən 75 ildən sonra açıqlanacaq…”
Ekskluziv
892
13:23, Bu gün

“Belə nəticəyə gəlirəm ki, Ramiz Mehdiyevin cinayəti haqda məlumatlar rəsmən 75 ildən sonra açıqlanacaq…”

“Nə vaxt və ilk olaraq hansı rəsmi qurum və kanal bu mövzuda rəsmi məlumat verəcək?..”
 
“Rəsmi qurumlar öz qaynaqlarının təhlükəsizliyini qorumaq üçün belə bir addım ata bilərlər və bu, tamamilə qanunidir. Əsas odur ki, Ramiz Mehdiyev barəsində indiyədək irəli sürülən ittihamlar dövlət orqanları tərəfindən yalanlanmayıb…”
 
“Artıq 23-cü gündür ki, Prezident Adiministrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin həbsi, ev dustağı edilməsi, istintaqa ifadə verməsi, köməkçisinin həbsi, yaxın qohumlarının işdən çıxarılması və s. barədə yalnız özəl media qurumları danışır, lakin nə müvafiq rəsmi qurumlar, nə də rəsmi telekanal, qəzet və saytlarda bu haqda bir cümlə də məlumat verilmir. Moderator.az-ın 16 oktyabr tarixində sabiq PA rəhbərinin cinayətləri barədə məhkəmə istintaqı aparıldığı iddia edilən Səbail Rayon Məhkəməsinə telefon sorğusuna cavab olaraq həmin məhkəmədən bildirildi ki, bizdə bu haqda məlumat yoxdur. Sizin bu mövzuda bir müddət öncə mediadakı şərhiniz də o qədər qaneedici olmadı. Görəsən, bu, Azərbaycan, həmçinin dünyada da ilk belə haldır ki, dövlətin ən yüksək vəzifələrindən birində çalışmış şəxsin dövlət çevrilişinə cəhd və s. ən ağır cinayət maddələri ilə həbsi, istintaqı və s. prosesini yalnız rəsmi də deyil, özəl media “aparır”. Bütün bunlar ictimaiyyəti maraqlandıran suallardır.  Bu haqda yeni şərh verə bilərsinizmi? Və sizcə, nə vaxt və ilk olaraq hansı rəsmi qurum və kanal Ramiz Mehdiyevin cinayətləri, həbsi və istintaqı barədə rəsmi məlumat verəcək?”
Bu suallar ətrafında Moderator.az-a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, Ramiz Mehdiyev və onunla əlaqəli saxlanılanlar Cinayət Məcəlləsinin elə maddələri ilə ittiham olunurlar ki, bu işin istintaqı “tam məxfi” qrifi altında aparılmalıdır: 
 
“Qanunvericiliyə görə, mahiyyətindən asılı olaraq işin məxfi aparılması zərurəti var və onun ictimaiyyətə açıqlanmasının da fərqli müddətləri olur. “Dövlət sirri haqqında” Qanunun 13-cü maddəsində məlumatların məxfiliyinə görə açıqlanma müddəti belə müəyyənləşdirilib:
 
“Məlumatın məxfilik müddəti onun məxfiləşdirildiyi gündən hesablanır. Bu müddət məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən çox olmamalıdır. Həmin müddətlər müvafiq icra hakimiyyəti orqanının rəyi ilə uzadıla bilər”. 
 
Hesab edirəm ki, Ramiz Mehdiyevin işinin ictimaiyyətə açıqlanmaması da bununla bağlıdır. Rəsmi qurumlar öz qaynaqlarının təhlükəsizliyini qorumaq üçün belə bir addım ata bilərlər və bu, tamamilə qanunidir. Əsas odur ki, Mehdiyev barəsində indiyədək irəli sürülən ittihamlar dövlət orqanları tərəfindən yalanlanmayıb. Heç keçmiş Prezident Adiministrasiyasının sabiq rəhbərinin özü və yaxınları da bu iddiaları indiyədək təkzib etməyiblər. Halbuki onlar müxtəlif media orqanları vasitəsilə özlərinə qarşı çıxan keçmiş dostlarını hədələməkdən çəkinmir, ən xırda ittihamlarına cavab verirlər. Lazım olsaydı, haqlarında irəli sürülən ittihamlara da cavab verər, bəzi dəqiq olmayan faktlara aydınlıq gətirərdilər. Bunu etmirlərsə, deməli, ittihamlarla razılaşıblar.”
 
Siyasi şərhçi Səbail Rayon Məhkəməsinin Moderator.az-ın sualına cavabında “Ramiz Mehdiyev barəsində məhkəmə prosesi haqda heç bir məlumata malik olmamaları” barəsində açıqlamasına da münasibət bildirib:
 
“Əgər cinayət işi məxfi məlumatlarla bağlıdırsa, məhkəmənin medianın sualına belə cavab verməsi təbiidir. Çünki yəqin ki, Ramiz Mehdiyevin məhkəməsi qapalı şəkildə keçirilib. Və bu haqda  məhkəmə tərəfindən informasiya verilməsi də doğru hesab edilmir…”
 
Heydər Oğuz Ramiz Mehdiyevin istintaqı barədə onda yetərli məlumat olmadığından barədə başqa konkret hər hansı fikir söyləyə bilməyəcəyini diqqətə çatdırdı.
 
“Əvvəla, bildiyimizə görə, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq hər hansı bir şəxsin sadəcə həbsi haqda məlumat dövlət sirrinə aid edilən məlumatlar siyahısına daxil deyil. İkincisi də, axı o da var ki, dövlət sirrini və ya tam məxfi məlumatları sızdırmaq və yaymaq da cinayət məsuliyyətinə səbəb olur. Onda belə çıxır ki, Ramiz Mehdiyevin həbsi barədə məlumatı sızdıran etibarlı mənbə də onu yayan KİV və jurnalistlər də məsuliyyətə cəlb edilməlidir” fikrinə isə Heydər Oğuz belə münasibət bildirib:
 
“Bilirsiz, yenə deyirəm, fakt budur ki, dövlət bunu təkzib etmir. Təkzib etmirsə, deməli, razılaşır və onun qarşısına almır. Belə çıxır ki, həmin məlumatları istintaq yayır. Və istintaq nəyi məsləhət bilirsə, onu yayır. Amma onu rəsmi şəkildə niyə yaymır? Ona görə ki, orada bəzi məqamlar ola bilər ki, məhkəmə istintaqına təsir göstərsin. Yəni məhkəmə istintaqına təsir etmə amili var. Deyək ki, məsələn, dövlətin təhlükəsizliyinə cavabdeh qurum  cinayətkarın cəzasını, onun cinayətini müəyyənləşdirib informasiya verir, halbuki bunu yalnız məhkəmə müəyyən edə bilər. Həmin qurum belə məlumat yayarsa, bu öncədən məhkəməyə təsir edə bilər.  Əsas məsələ odur ki, Ramiz Mehdiyevin işi tam məxfi aparılır. Və bu, dövlətçiliyə qarşı çox ağır cinayətdir. Əslində müxtəlif dövləti cinayətlər var. Məsələn, deyək ki, dövlət adamına, yaxud obyektinə qarşı terror aktı. Bu haqda hardasa rəsmi məlumat yayılması asan məsələdir. Bir də var, dövlət çevrilişinə cəhd cinayəti - Azərbaycanın bütövlükdə suverenliyinin, müstəqilliyinin məhvinə yönəlmiş cinayət… Bu səbəbdən də Ramiz Mehdiyevin də işi barədə rəsmi məlumat yayılmır. Burada Rusiyanın mümkün təsir amili də müəyyən rol oynayır…
 
Amma bütün hallarda, məsələn, Ramiz Mehdiyevin özü olmasa da,  kürəkəni əgər çıxıb hansısa bir keçmiş deputata, deyirsə ki, sən vaxtilə bizim başmaqlarımızı cütləyən birisən, deməli, bu cinayət işi barədə də nəsə deyə bilərlər. Ya burada, yaxud Rusiyada deyə bilərlər ki, bunların hamısı yalandır. Bunun üçün əllərində hər cür imkanlar var. Bunları demirlərsə,  dövlət də onlar haqqında irəli sürülən ittihamları təkzib eləmirsə, deməli, hər iki tərəf o ittihamlarla razıdır…
 
Üstəlik, Rusiyanın özü də susur. Axı, məntiqlə Rusiya susmamalıdır. Əgər Ramiz Mehdiyevin Kremllə bağlılığı yalan olsaydı, həmin Mariya Zaxarova dil boğaza qoymaz, bütün günü danışardı. Deməli, çox ciddi faktlar var ki, Moskva da susmağa məcburdur. Ən əsası, Ramiz Mehdiyevin özü susur. Azərbaycan dövlət orqanları da, dediyim kimi, onun və adamlarının haqqında yayılan fikirləri təkzib eləmirlər. Digər tərəfdən, sözügedən məlumatların dərc olunduğu media orqanları da yetərincə ciddi qurumlardır.  Bu fakt da onu göstərir ki, bu mövzuda müəyyən edilmiş məlumatların yayılmasında dövlət ciddi şəkildə maraqlıdır. Fəqət hansı informasiyanı lazım bilirsə, onu yayırlar. Və yenə deyirəm, ona görə bunu rəsmiləşdirmək istəmirlər ki, istintaq gedir. Və o istintaq məlumatlarının yayılması qadağandır. Çünki onlar ən məxfi informasiyaları ehtiva edir. Və mən belə nəticəyə gəlirəm ki, Ramiz Mehdiyevin istintaqının nəticələri rəsmən 75 ildən sonra açıqlanacaq…” 
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər