Ekskluziv
1736
02 Nov 2025 | 19:56

"Nigeriyada xristianlara qarşı kütləvi qırğın törədilir, ABŞ susa bilməz" - Tramp

Tramp Nigeriyanı "xristianlara qarşı soyqırımda" ittiham etdi, Abuca isə iddiaları qəti şəkildə rədd etdi..."

Dini zorakılıq fonunda diplomatik toqquşma

ABŞ prezidenti Donald Tramp Nigeriyada xristianlara qarşı "kütləvi qırğın" baş verdiyini bildirərək, bu ölkəni "xüsusi narahatlıq doğuran dövlət" elan edib və lazım gələrsə, "ABŞ ordusunun müdaxiləsinə" belə yol açacağını bəyan edib. Trampın "Truth Social" platformasında yazdığı sərt bəyanatda o, Nigeriya hökumətini radikal islamçılara qarşı tədbir görməməkdə ittiham edib: "Xristianlar orada kütləvi şəkildə öldürülür. ABŞ susa bilməz".

Bundan sonra Nigeriya Xarici İşlər Nazirliyi dərhal cavab verərək, ölkədə xristianlara qarşı heç bir sistemli təqibin olmadığını, dini azadlıqların tam qorunduğunu və hökumətin ekstremizmə qarşı mübarizəni davam etdirdiyini bəyan edib. Nazir Yusif Maitama Tuqqar "Newsweek" nəşrinə açıqlamasında deyib: "Nigeriyada nə indi, nə də heç vaxt soyqırım olmayıb. Biz bütün vətəndaşlarımızı - istər xristian, istər müsəlman olsun, bərabər şəkildə
qoruyuruq".

Trampın Afrikaya yeni siqnalı və ABŞ üçün risklər

Trampın sərt çıxışı Vaşinqtonla Abuca arasında münasibətləri kəskin şəkildə gərginləşdirib. Nigeriya 240 milyon əhalisi ilə Afrikanın ən nüfuzlu dövlətlərindən biridir və ABŞ üçün mühüm strateji tərəfdaş sayılır. Lakin mümkün sanksiyalar və ya hərbi təzyiq addımları ABŞ-ın Qərbi Afrikadakı nüfuzuna zərbə vura, Çin və Rusiya kimi güclərin təsirini gücləndirə bilər.

Trampın bəyanatı həm də daxili siyasi kontekstdə - ABŞ-da xristian seçicilərin dəstəyini möhkəmləndirmək məqsədi daşıyır. Respublikaçı senatorlar, o cümlədən Ted Kruz da Trampın mövqeyini dəstəkləyərək, Nigeriya hökumətini "xristianların ölümünə göz yummaqda" günahlandırıb.

Bununla belə, Nigeriya tərəfi bildirir ki, ölkədəki zorakılıqların səbəbi təkcə dini deyil, etnik münaqişələr, torpaq və resurs uğrunda mübarizə, eləcə də iqlim dəyişiklikləri vəziyyəti dərinləşdirib. Bu baxımdan, hadisələrin "xristianlara qarşı soyqırım" kimi təqdim olunması Nigeriyanın daxili tarazlıqlarını və beynəlxalq imicini sarsıda bilər.

Gərginlik artarsa, yeni böhran dalğası qaçılmazdır

Trampın Nigeriya ilə bağlı sərt mövqeyi ABŞ-ın Afrika siyasətində dönüş nöqtəsi ola bilər. Əgər Vaşinqton Nigeriyanı rəsmi şəkildə "dini azadlıqları pozan ölkə" kimi tanısa, bu, iqtisadi sanksiyalar və humanitar yardımın məhdudlaşdırılması ilə nəticələnəcək. Nigeriya isə belə bir addımı suverenliyinə təhdid kimi qiymətləndirir.

Ekspertlərin fikrincə, tərəflər arasında diplomatik gərginlik davam edərsə, ABŞ-ın Qərbi Afrikadakı strateji mövqeləri zəifləyə, regionda Çinin təsiri daha da arta bilər. Trampın ritorikası isə bir daha göstərir ki, onun administrasiyası Afrika ilə münasibətlərə ideoloji deyil, milli təhlükəsizlik və dini motivasiya prizmasından yanaşacaq.

Moderator.az

Link kopyalandı!
Son xəbərlər