"Əgər bir dövlətin ixtiyarında nüvə silahı və dünyanın ən güclü bombaları varsa, o necə "günahsız" adlana bilər?.."
Türkiyə prezidenti İsrailin Qəzzada törətdiyi qətliamları kəskin tənqid edərək beynəlxalq ictimaiyyəti susqunluğa görə ittiham edib və Fələstinin tanınmasına çağırış edib.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
İsrailin "məzlum" obrazına qarşı sərt çıxış
İstanbulda keçirilən 9-cu illik "TRT World Forum"da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza bölgəsində törətdiyi vəhşilikləri kəskin şəkildə pisləyib. "Qlobal yenidənqurma: köhnə düzəndən yeni reallıqlara" mövzusunda keçirilən tədbirdə Ərdoğan dünya ictimaiyyətinə ünvanladığı emosional çıxışında bildirib ki, "İsrail son iki ildə 70 min Qəzza sakininin, o cümlədən 20 mindən çox uşağın ölümünə səbəb olub".
Prezident vurğulayıb ki, Qəzzada artıq salamat bina qalmayıb - "məktəblər, kilsələr, məscidlər, xəstəxanalar məqsədli şəkildə dağıdılıb". Onun sözlərinə görə, "İsrail aclığı uşaqlara qarşı ölüm silahına çevirib", bu isə beynəlxalq hüquq və insanlıq prinsiplərinə açıq-aşkar ziddir.
Ərdoğan sual edib: "Əgər bir dövlətin ixtiyarında nüvə silahı və dünyanın ən güclü bombaları varsa, o necə "günahsız" adlana bilər?". O, eyni zamanda beynəlxalq ictimaiyyəti susqunluğa və laqeydliyə görə tənqid edib: "BMT Baş Assambleyasının qərarları belə Təhlükəsizlik Şurasının maraqları naminə qurban verilir. Bu, nə anlaşılan, nə də qəbulolunan vəziyyətdir".
"Dünya susur, amma biz susmayacağıq"
Türkiyə lideri beynəlxalq medianı da "Qəzzadakı həqiqətləri gizlətməkdə" günahlandırıb. Onun sözlərinə görə, "yalnız az sayda jurnalist və cəsur media orqanları zülm altında inləyən insanların səsini dünyaya çatdıra bilib". Ərdoğan bu kontekstdə TRT kanalına xüsusi təşəkkürünü bildirib və xatırladıb ki, "270 jurnalist həqiqəti çatdırmaq istəyərkən İsrailin təbliğat maşını tərəfindən susdurulub".
Prezident bir daha bəyan edib ki, Türkiyə Qəzzanın bərpası üçün bütün gücünü səfərbər etməyə hazırdır: "Biz fələstinli qardaşlarımızı heç vaxt tək qoymayacağıq. İki dövlətli həll yeganə çıxış yoludur və bütün ölkələri Fələstini dərhal tanımağa çağırıram".
Regional təşəbbüslər və diplomatik addımlar
Ərdoğanın çıxışından dərhal sonra Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada növbəti həftə müsəlman ölkələrinin xarici işlər rəhbərlərinin konfransının keçiriləcəyini açıqlayıb. Görüşdə Qəzza üçün sülhməramlı qüvvənin yaradılması müzakirə olunacaq.
Eyni zamanda, Türkiyə prezidenti Almaniyanı "Fələstinlilərin iztirablarını görməməkdə" və "İsrailin hərbi cinayətlərinə səssiz qalmaqd" ittiham edib: "Almaniya bu soyqırımı görmürmü? Artıq göz yummanın vaxtı keçib. Kim bu qətlləri dəstəkləyirsə, mənəvi məsuliyyət daşıyır", - Ərdoğan bildirib.
Prezidentin çıxışı həm Türkiyədə, həm də Yaxın Şərqdə böyük rezonans doğurub. Ekspertlər hesab edir ki, Ankara bundan sonra İsrail-Fələstin məsələsində daha fəal vasitəçi rolunu öz üzərinə götürməyə hazırlaşır.