"Trampın "radikal qeyri-müəyyənlik" siyasəti həm Putini, həm də Avropanı hərəkətə gətirib - NATO silahlanır, Rusiya isə iqtisadi təzyiq altında geri çəkilir..."
Donald Trampın Ukrayna və Rusiya ilə bağlı siyasəti onun ənənəvi diplomatiyadan tam fərqli bir metod - "radikal qeyri-müəyyənlik strategiyası" üzərində qurulduğunu göstərir.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Qeyri-müəyyənlik diplomatiyası
Nəşr qeyd edir ki, Tramp həm dostlarını, həm də düşmənlərini daim təxmin içində saxlayaraq hər iki tərəfi öz iradəsinə tabe etməyə çalışır. O, seçkiqabağı çıxışlarında NATO müttəfiqlərinə xəbərdarlıq edib ki, əgər onlar hərbi xərclərini artırmasalar, ABŞ müdafiə öhdəliklərini yerinə yetirməyəcək. Bu ritorika bir çoxlarını qorxudub, lakin nəticədə ABŞ-ın yeni prezidentinin ritorikasından çox real siyasi təsiri olub.
Məqalədə qeyd olunur ki, Trampın "24 saat ərzində Ukrayna müharibəsini bitirmək" vədini bir çoxları Rusiya ilə sövdələşmə niyyəti kimi qəbul edib. Amma sonrakı addımlar bunun əksini sübut etdi: Tramp nəinki Rusiyaya təslim mövqeyi tutmadı, əksinə, "Rosneft" və "Lukoyl" kimi enerji nəhənglərinə qarşı sərt sanksiyalar tətbiq edərək Kremlə iqtisadi zərbə vurdu.
Putinə qarşı gözlənilməz sərtlik
Trampın siyasəti Ukrayna məsələsində əvvəlcə sərt tənqidlər və təzyiqlərlə müşayiət olunsa da, sonradan istiqamət dəyişdi. ABŞ bir müddət Kiyevə kəşfiyyat məlumatlarını və silah yardımını dayandıraraq Zelenskini təslimə məcbur etmək istəyirmiş kimi görünsə də, payızda vəziyyət tam çevrildi.
Tramp bəyan etdi ki, Ukrayna öz torpaqlarını tam azad edə bilər və "Rusiyanın işğal etdiyi hər qarışı geri almalıdır". Oktyabrın 22-də Tramp Putinə planlaşdırılmış sammiti ləğv edərək Rusiyanın enerji gəlirlərini hədəf alan yeni sanksiyalar paketi təqdim etdi. Bu addım "Tramp-Putin yaxınlaşması" barədə iddiaları faktiki olaraq alt-üst etdi.
Britaniyanın sabiq xarici işlər naziri Ceremi Hant "The Telegraph"-a açıqlamasında bildirib: "Tramp anlayıb ki, Ukraynanın məğlubiyyətinə imkan verə bilməz. Ona görə də Avropanı daha çox məsuliyyət daşımağa məcbur edir".
Avropanın oyanışı və NATO-nun dirçəlişi
Məqalə qeyd edir ki, Trampın sərt ritorikası və bəzən aqressiv görünən tələbləri əslində NATO-nu gücləndirib. Onun "əgər siz xərcləmirsinizsə, biz də müdafiə etməyəcəyik" tipli çıxışları Avropa dövlətlərini hərbi büdcələrini artırmağa vadar edib.
2022-ci ildə cəmi altı ölkə ÜDM-in 2 faizini müdafiəyə xərcləyirdisə, bu il artıq bütün 32 NATO üzvü həmin səviyyəyə çatıb. Beş ölkə - Polşa, Estoniya, Latviya, Litva və Norveç isə bu göstəricini ABŞ-dan da yüksək səviyyəyə qaldırıb.
Haaqa sammitində Tramp müttəfiqləri hərbi xərcləri 3,5 faizədək artırmağa inandıra bildi və bunun müqabilində NATO-nun kollektiv müdafiə prinsipinə sadiqliyini bir daha təsdiqlədi.
Beləliklə, Putin indi öz qarşısında silahlanmanı sürətlə artıran və daha birləşmiş bir Avropa görür. "The Telegraph" yazır ki, "bu vəziyyətin formalaşması üçün təkcə Putinin aqressiyası deyil, Trampın sərt ritorikası və təhdidləri də həlledici rol oynayıb".