"Bu texnoloji inqilab insan amilini zəiflədərək müharibəni videooyuna bənzədir..."
Rəqəmsallaşan döyüş meydanı: müharibə videoyaya çevrilir
"The Washington Times" nəşri yazır ki, Ukrayna cəbhəsində döyüş getdikcə "rəqəmsal oyun"a bənzəyir - süni intellektlə təchiz olunmuş dronlar müharibənin tempini misilsiz dərəcədə artırıb. Lakin bu texnoloji sıçrayış həm də yeni təhlükələr doğurur.
"Aerorazvedka" təşkilatının həmtəsisçisi Yaroslav Qonçar deyir: "Süni intellekt artıq buradadır - bunu döyüş meydanı tələb edir. Bəzən bizdə operatorlardan çox dron olurdu, buna görə də prosesi avtomatlaşdırmaq məcburiyyətində qaldıq".
Onun sözlərinə görə, əvvəllər 40 saatlıq analiz tələb edən tapşırıq indi bir neçə saniyəyə yerinə yetirilir. Amma Qonçar xəbərdarlıq edir ki, texnologiyaya həddindən artıq etibar insan bacarıqlarını korşalda bilər. "Operator maşına nə qədər çox güvənirsə, öz reflekslərini o qədər itirir", - o, bildirir.
Dronların öz-özünə hədəfi tanıması
Ukraynalı mühəndislər kompüter görmə modellərini birbaşa dronlara yerləşdirərək onların əlaqə pozulduğu hallarda da tankları, səngərləri və ya yolları tanımasına şərait yaradıblar. Qonçarın sözlərinə görə, "dronlar müxtəlif obyektləri - tank, yol, səngər və s. - 80-100 faiz dəqiqliklə tanıya bilir".
Süni intellekt sayəsində bu uçuş aparatları görüntüləri analiz edir, hədəfləri avtomatik işarələyir və koordinatları saniyələr içində artilleriyaya ötürür. Bu, həm də qərargahla rabitənin zəiflədiyi şəraitdə dronların müstəqil fəaliyyət göstərməsinə imkan yaradır. Beləcə, Ukrayna ordusu döyüş meydanında həm sürəti, həm də dəqiqliyi artırır.
Bürokratiya əvəzinə ballar sistemi
"The Washington Times" qeyd edir ki, Ukraynanın ən cəsarətli yeniliyi texnoloji deyil, bürokratik xarakter daşıyır. "Pilat ordusu" proqramı çərçivəsində dron ekipajları məhv edilmiş texnika və təsdiqlənmiş qələbələrə görə "ballar" qazanır.
Bu balları artıq uzun müqavilə prosedurları olmadan yeni dronlara, yerüstü robotlara və ya radioelektron mübarizə sistemlərinə dəyişmək mümkündür. "Əvvəllər müqavilələr aylarla çəkirdi, indi cəmi iki həftə çəkir", - "Brave1" təşəbbüsünün rəhbəri Andrey Qriçenyuk vurğulayır. "Bu, hətta NATO standartlarına görə də inqilabdır".
Onun fikrincə, əsas məqsəd insanı deyil, maşını riskə atmaqdır. Lakin ekspertlər xəbərdarlıq edir ki, "ballar sistemi" əsgərlərdə empatiyanı azalda, döyüşü kompüter oyununa bənzədən soyuq mexanizmə çevirə bilər.
Qərb hüquqşünasları Çad Berd və Mişel Lukomski də qeyd edir ki, belə təşviq sistemi intizamı möhkəmləndirsə də, prioritetləri təhrif edə bilər: "Ballar nəzarəti və hüquqi məsuliyyəti əvəz etməməli, yalnız tamamlamalıdır".
"Kill-zona" və uzun məsafəli zərbələr
"Forbes" nəşri yazır ki, dronların kütləvi istifadəsi nəticəsində cəbhədə "kill-zona" adlandırılan ölüm sahəsi yaranıb - bu zona təmas xəttindən 25 kilometr dərinliyə qədər uzanır. Yaydan bəri Ukrayna Rusiya ərazisinə dərin dron zərbələrini artırıb. Hədəflər əsasən enerji infrastrukturu və hava hücumundan müdafiə sistemləridir. Bu taktika, nəşrin qeyd etdiyi kimi, Kiyevə müharibənin ən vacib mərhələsində strateji təşəbbüs üstünlüyü qazandırıb.