Bizi sosial şəbəkələrdən izləyin:
“Bir şeyin şahidi oldum ki, əhalinin tərəfində olduğu, dəstək verdiyi şəxs öz xarakterində, iradəsində bu keçici dünyanın var-dövlətinə qarşı gözü toxdursa, haqq gördüyü hər işi edə də bilər, etdirə də bilər...”
“2005-ci ildə qardaşım Arzu Səmədbəylinin, 2010-cü ildə digər qardaşım Aqil Səmədbəyli ilə bərabər özümün millət vəkilliyinə namizəd olaraq qatıldığımız parlament seçkilərində haqlarımız uğrunda mübarizə apararkən bir şeyin şahidi oldum ki, əhalinin tərəfində olduğu, dəstək verdiyi şəxs öz xarakterində, iradəsində bu keçici dünyanın var-dövlətinə qarşı gözü toxdursa, haqq gördüyü hər işi edə də bilər, etdirə də bilər. Yetər ki, xalq bilincli olsun”.
Bu fikri Moderator.az-a açıqlamasında deputatlığa sabiq namizəd siyasi fənlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov ifadə edib.
“O dövrdə mənə müxtəlif yollarla təzyiq edən Ramiz Mehdiyev tərəfdarlarına, o cümlədən onun saxtakarlıqla mənim əvəzimə parlamentə deputat təyin etdirdiyi yüksək vəzifəli şəxsə də demişəm ki, mənim aldığım ailə tərbiyəsində əhalinin o güvənini bu keçici dünyanın var-dövlətinə, vəzifəsinə dəyişmək kimi bir dəyər ola bilməz. Lakin haqq yoluyla gedən insanların halal şəkildə vəzifələrə yiyələnməsi, həmçinin məsələn, parlament seçkilərində qalib gəlib mandat sahibi olması yolunda Mehdiyev tipli qaragüruhlara qarşı mübarizə aparmaları üçün, dediyim kimi, əhalinin bilinçli olması, siyasi şüur səviyyəsinin yüksək olması vacibdir. Ancaq təəssüflər olsun ki, cəmiyyətlər müxtəlifdir və Azərbaycan xalqının bizim arzuladığımız şəkildə formalaşması üçün aktiv və dinamik bir cəmiyyət olmalıdır. Mənim fikrimcə, hal-hazırda cəmiyyətimiz passiv cəmiyyət tipinə aiddir", -deyə davamında Pərviz Səmədov diqqətə çatdırıb.