"Faza 0": Rusiya artıq müharibəyə hazırlığın ilkin mərhələsinə keçib
Almaniyanın "Die Welt" qəzetinin yazdığına görə, NATO rəhbərliyi Rusiya ilə mümkün toqquşma ssenariləri üçün 4400 səhifəlik müdafiə konsepsiyası hazırlayıb. Bu plan "Şərq cinahında çəkindirmə xətti" adlanır və Alyansın son onilliklərdə qəbul etdiyi ən geniş hərbi sənədlərdən biridir.
NATO-nun yüksək rütbəli hərbçiləri və analitikləri bildirir ki, Rusiya artıq "Faza 0" adlandırılan mərhələyə, yəni müharibəyə hazırlığın erkən siyasi və informasiya fazasına daxil olub. Bir keçmiş NATO generali nəşrə açıqlamasında deyib: "Ukraynadakı müharibənin nə qədər davam edəcəyini bilmirik. Amma risklər onun bitməsindən sonra artacaq. Xüsusilə Baltikyanı ölkələrə hücum ehtimalı daha real görünür. Biz artıq "Faza 0"-dayıq.
Eyni zamanda, NATO-nun daxilində ciddi narahatlıq hökm sürür. Ekspertlər qeyd edir ki, Ukraynada müharibə bitdikdən sonra Rusiya sərhədyanı bölgələrdə öz ordusunu yenidən qruplaşdıracaq və bu, Avropanın təhlükəsizliyi üçün yeni çağırışlar yaradacaq.
Moskvanın hərbi yenidənqurması və artan risklər
NATO ölkələri xüsusilə Rusiyanın bəzi hərbi dairələri bərpa etməsinə və Baltik regionu ilə sərhədlərdə qoşun sayını artırmasına diqqət çəkir. Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rozin nəşrə bildirib: "Rusiya ordusunun bir hissəsi Ukraynaya göndərilir, lakin onlar bir-iki həftəlik təlimdən sonra döyüşə daxil olur və nəticədə yenidən bazalarına qayıdır. Bu rotasiya daim davam edir və NATO üçün strateji problem yaradır".
Alyans üçün əsas təhlükə odur ki, Rusiya sərhəd yaxınlığında yerləşdirdiyi bölmələri istənilən anda sürətli hücuma keçmək üçün istifadə edə bilər. Bu halda NATO-nun xəbərdarlıq və cavab müddəti çox qısa olacaq. Buna görə də Alyans artıq Rusiya hücumunun qarşısını almağa yönəlik gizli əməliyyat planlarını həyata keçirməyə başlayıb.
Dronlar, ağır silahlar və rəqəmsal koordinasiya
Nəşrin məlumatına görə, NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin ali komandanı Kristofer T. Donahyu cəmi doqquz gün əvvəl Brüsseldə keçirilən toplantıda 32 üzv ölkənin hərbi nümayəndələrinə yeni müdafiə konsepsiyasını təqdim edib.
Planın mərkəzində müasir dron texnologiyaları, avtonom silah sistemləri, şərq sərhədlərində daha ağır zirehli texnikanın yerləşdirilməsi və ordular arasında rəqəmsal məlumat mübadiləsinin təkmilləşdirilməsi dayanır. Məqsəd - Rusiya ilə potensial toqquşma halında Alyansın dərhal koordinasiyalı cavab verməsini təmin etməkdir.
Artan gərginlik fonunda sərt bəyanatlar
Gərginliklə dolu bu mərhələdə Avropa liderlərinin ritorikası da sərtləşir. Belçika müdafiə naziri bəyan edib ki, Rusiya NATO ölkələrinə, o cümlədən Brüsselə belə zərbə endirməyə cəhd etsə, "Moskva yer üzündən silinəcək".
Bundan əvvəl NATO-nun baş katibi Mark Rütte vurğulaylb ki, Putin artıq pul, əsgər və ideya çatışmazlığı içindədir: "Ukraynada onun əldə etdiyi uğurlar kiçikdir və hər biri nəhəng itkilərin hesabınadır".
Nəticə etibarilə, nəşrin qeyd etdiyi kimi, NATO indi Rusiya ilə münasibətlərin ən gərgin mərhələsinə daxil olub - rəsmi müharibə başlamayıb, amma hazırlıq artıq gedir.
Moderator.az