Tramp-Si Tszinpin görüşü: yeni geosiyasi oyunun başlanğıcı
Ekskluziv
1183
14:50, Bu gün

Tramp-Si Tszinpin görüşü: yeni geosiyasi oyunun başlanğıcı

 
"İki liderin Pusanda başlatdığı dialoq gələcək dünya düzəninin əsas konturlarını müəyyən edir..."
 
BBC nəşrinin məlumatına görə, Cənubi Koreyanın Pusan şəhərində baş tutan Tramp- Si Tszinpin görüşü ABŞ-Çin münasibətlərində dönüş nöqtəsi hesab olunur. Bu, Donald Trampın ikinci prezidentlik müddətində Çin lideri ilə ilk üz-üzə danışıqları olub.
 
İlk təmas: "12-dən 10-luq" görüş
 
Nəşrin məlumatında qeyd edilir ki, görüş planlaşdırılandan xeyli uzun - bir saat qırx dəqiqə davam edib. Tramp onu "12-dən 10-luq" səviyyədə uğurlu adlandıraraq, Si Tszinpinə "böyük lider" deyib. Onun sözlərinə görə, ABŞ bütün Çin mallarına tətbiq olunan tarifləri azaldacaq, bunun müqabilində Pekin fentanil komponentlərinin ixracını dayandıracaq.
 
Bundan başqa, Çin ABŞ-dan soya idxalını bərpa edir və nadir torpaq metalları üzrə məhdudiyyətləri ləğv edir. Bu razılaşmalar təkcə iqtisadi deyil, həm də siyasi balans baxımından əhəmiyyətlidir: Pekin Vaşinqtona qarşı iqtisadi blokada ritorikasını yumşaldır, Tramp isə bunu öz diplomatik qələbəsi kimi təqdim edir.
 
Görüşün kölgəsində nüvə sınaqları
 
Tramp görüşdən bir neçə dəqiqə əvvəl 33 illik fasilədən sonra ABŞ-da nüvə silahı sınaqlarının bərpa ediləcəyini elan edib. Bu addım, onun sözləri ilə desək, "digər dövlətlərin eyni sınaqlar aparmasına cavabdır".
 
Bu bəyanat fonunda görüşün ab-havası gərgin olub: Vaşinqtonun yeni nüvə kursu eyni zamanda Çinə açıq mesajdır - "ABŞ üstünlüyünü qoruyacaq". Tramp həmçinin Cənubi Koreyaya ABŞ sahillərində atom sualtı qayıq inşa etməyə icazə verdiyini açıqlayıb. Bu, Vaşinqtonun Asiya-Sakit okean regionunda hərbi varlığını gücləndirmək niyyətindən xəbər verir.
 
Eyni zamanda Tramp bildirib ki, Rusiya ilə denuklearizasiya (nüvəsizləşdirmə) barədə danışıqlar aparır və bu prosesə Çin də qoşula bilər. Beləliklə, nüvə bəyanatı təkcə təhdid deyil, həm də danışıqlara start siqnalı kimi görünür.
Rəqabətdən əməkdaşlığa doğru
 
Bu görüş həm ticarət müharibəsinin yumşalması, həm də yeni geosiyasi çevrənin formalaşması baxımından əhəmiyyətlidir. Çin lideri açıq şəkildə bildirib ki, "dünyanın iki ən böyük iqtisadiyyatı dost və tərəfdaş olmalıdır". Bu, ABŞ-Çin münasibətlərində qarşıdurmadan çox qarşılıqlı asılılığın dərinləşməsi istiqamətində addım kimi qiymətləndirilir.
 
Ukrayna məsələsində də tərəflər "birgə işləmək" barədə razılığa gəlib. Trampın ifadəsi ilə desək, "bəzən tərəflər döyüşməlidir, amma biz sülh üçün işləyəcəyik". Bu, Vaşinqton və Pekinin Ukrayna müharibəsində paralel diplomatik kanallar aça biləcəyinə işarədir.
 
Tramp-Si Tszinpin görüşü göstərdi ki, XXI əsrin yeni geosiyasi balansı Vaşinqton və Pekin münasibətlərindən keçir. ABŞ sərt gücünü qoruyur, Çin isə iqtisadi yumşaqlıqla qarşılıq verir. İki liderin Pusanda başlatdığı dialoq əslində gələcək dünya düzəninin əsas konturlarını müəyyən edir.
 
Moderator.az
Link kopyalandı!
Son xəbərlər