“Bu zəfər sadəcə Azərbaycanın deyil, bütün türk-islam dünyasının zəfəridir”
Ekskluziv
1226
11:55, Bu gün

“Bu zəfər sadəcə Azərbaycanın deyil, bütün türk-islam dünyasının zəfəridir”

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfər edəcək, Zəfər paradında iştirak edəcək.

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi 8 Noyabr zəfərinin ölkəmizlə yanaşı, həm də bütün türk-islam dünyasının zəfəri olduğunu bildirib:

“8 Noyabr zəfəri Azərbaycan xalqının dövlətçilik tarixində əldə etdiyi ən böyük zəfər, ən parlaq qələbədir. Lakin bu zəfərin həm də türk-İslam dünyası üçün çox böyük əhəmiyyəti var. Azərbaycan dövləti 8 Noyabr zəfəri ilə sadəcə öz ərazi bütövlüyünü bərpa etmədi. Həm də türk-İslam dünyasının şərəfini hifz etdi. Türk-İslam dünyasına məxsus milli-mənəvi dəyərləri qorudu.

Bildiyiniz kimi, Ermənistan işğal dönəmində İslam dünyası üçün müqəddəs olan məscidləri, dini abidələri təhqir edir, bunları dağıdır, talana məruz qoyurdu. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfər bu təhqir və talana son qoydu. Torpaqlarımız kimi məscidlərimiz də erməni işğalından azad edildi.

Bu gün işğaldan azad edilən ərazilərimizdə bütün dini abidə və ibadətxanaların bərpası prosesi həyata keçirilməkdə, dini dəyərlrimizin qorunması istiqamətində konkret addımlar atılmaqdadır. Sadəcə İslam deyil, xristian və digər dinlərə məxsus abidələr də həssaslıqla bərpa edilməkdə, dini-mədəni irs kimi gələcək nəsillər üçün qorunub saxlanılmaqdadır. Bu, Azərbaycanın nə qədər tolerant ölkə olduğunun, ümumbəşəri dəyərərə necə böyük ehtiram göstərdiyinin isbatıdır. Və bütün bunlar onu deməyə əsas verir ki, yalnız İslam dövlətləri deyil, bütün demokratik, ədalətli dövlətlər 8 Noyabr zəfərini haqqın zəfəri kimi dəyərləndirməli, Azərbaycanın sevincinə şərik olmalıdırlar”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər