“Şuşa Bəyannaməsi” istənilən təhlükəyə qarşı birgə mübarizəyə imkan verir”
Ekskluziv
832
18:30, Bu gün

“Şuşa Bəyannaməsi” istənilən təhlükəyə qarşı birgə mübarizəyə imkan verir”

“Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrimizin gündən-günə daha da dərinləşməsi və yeni məzmun kəsb etməsi qəti siyasi iradəmizin və ardıcıl birgə səylərimizin parlaq ifadəsidir.

Bu gün dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və müttəfiqliyi eyni zamanda regionda sülhə, təhlükəsizliyə, rifaha və əməkdaşlığa xidmət edən mühüm amildir”.

Bu sözlər Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubunda yer alıb.

Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev, Türkiyə-Azərbaycan dostluğunun, eləcə də iki dövlət arasındakı hərbi əməkdaşlığın mühüm önəm kəsb etdiyini vurğulayıb:

“Azərbaycan və Türkiyə arasındakı təbii müttəfiqlik tarixin miniliklərindən süzülüb gələn dostluq, qardaşlıq münasibətlərinin davamı olmaqla yanaşı, həm də regional təhlükəsizlik, sülh və əmin-amanlıq baxımından da mühüm əhəmiyyətə malikdir. İki dövlət arasında bütün növ münasiətlərin, eləcə də hərbi əməkdaşlığın inkişafı imkan verir ki, regional təhlükəsizlik təmin edilsin, sülh və sabitliyi pozmağa çalışan qüvvələr böyük ölçüdə neytrallaşdırlsın. Bu baxımdan, “Şuşa Bəyannaməsi”nin xüsusilə mühüm önəm kəsb etdiyi birmənalıdır. Bu Bəyannamə imkan verir ki, həm Türkiyə, həm də Azərbaycan onların təhlükəsizliyini təhdid edən istənilən amilə qarşı mübarizədə birlikdə, eyni müstəvi və qətiyyətlə, tam bir koordinasiya içərisində mübarizə aparsın.

Bir məqamı da qeyd edək ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı ümumilikdə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlığın sürətlə genişlənməsi fonunda baş verir ki, bu da xüsusilə əlamətdardır. Bu, türk dünyasının artan biriyindən, çoxalan gücündən, regional və qlobal proseslərə daha ciddi təsirindən xəbər verir”.

Seymur ƏLİYEV

 

 

Link kopyalandı!
Son xəbərlər