AKF prezidentinin köməkçisi: “Azərbaycan karatesi rəqəmsal sistemə inteqrasiya olunur”
Ekskluziv
486
15:35, Bu gün

AKF prezidentinin köməkçisi: “Azərbaycan karatesi rəqəmsal sistemə inteqrasiya olunur”

Azərbaycan Karate Federasiyası son illər həm beynəlxalq arenada qazandığı uğurlarla, həm də ölkə daxilində bu idman növünə olan artan maraqla diqqət çəkir.

Karatenin fəlsəfəsi, gənclərin bu istiqamətdə inkişafı və federasiyanın gələcək planları barədə Moderator.az-a federasiya prezidentinin köməkçisi Vüsal Abdullazadə danışıb:

-Vüsal müəllim, ilk növbədə karatenin fəlsəfəsi haqqında danışmağınızı istərdik. Bu idman növü hansı dəyərləri aşılayır?

– Karate təkcə döyüş texnikalarından ibarət deyil. Bu, insanın özünü tərbiyə etməsi, ruhunun və bədəninin birliyinə nail olması deməkdir.

Karate bizə hörməti, səbrli olmağı, təmkin və intizamı öyrədir. Hər bir zərbə, hər bir hərəkət bir fəlsəfi dəyər daşıyır. İdmançı üçün əsas hədəf rəqibini məğlub etmək deyil, öz zəifliklərini aşmaqdır.

Bu səbəbdən karate bir növ “həyat məktəbi”dir - burada öyrənilənlər təkcə tatamidə deyil, gündəlik həyatda da insanın davranışına təsir göstərir.

– Bəs Azərbaycan gəncləri arasında karateyə marağı necə qiymətləndirirsiniz?

– Son illərdə karatenin inkişafı dinamik xarakter daşıyır. Dövlətimizin idmana göstərdiyi qayğı və yaradılan şərait nəticəsində regionlarda da karate məktəbləri formalaşıb.

Gənclər arasında bu idman növünə maraq çox yüksəkdir. Təkcə paytaxtda deyil, bölgələrimizdə də yüzlərlə yeniyetmə karate ilə məşğul olur.

Bu, həm sağlam həyat tərzinin təbliği baxımından, həm də vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından çox önəmlidir. Çünki karate təkcə idman deyil - milli ruh, əxlaq və mənəviyyatın daşıyıcısıdır.

– Federasiyanın hazırkı fəaliyyəti və prioritet istiqamətləri barədə nə deyə bilərsiniz?

– Federasiyanın əsas məqsədi gənc idmançıların həm fiziki, həm mənəvi cəhətdən inkişafına dəstək olmaqdır.

Bizim üçün əsas prioritetlərdən biri peşəkar təlim sisteminin gücləndirilməsi, yeni nəsil məşqçilərin, hakimlərin yetişdirilməsi və beynəlxalq əməkdaşlıqların genişləndirilməsidir.

Bununla yanaşı, bölgələrdə keçirilən turnirlər, seminarlar və təlimlər sayəsində gənclərin potensialını üzə çıxarmağa çalışırıq.

Federasiya rəhbərliyinin mövqeyi ondan ibarətdir ki, hər bir idmançı təkcə qalib kimi deyil, layiqli və vətənpərvər şəxsiyyət kimi formalaşmalıdır.

– Karate üzrə beynəlxalq uğurlarımızın artması nəyə əsaslanır?

– Bu, sistemli işin nəticəsidir. İllərdir qurulan planlı fəaliyyət, düzgün seçilmiş strategiya və rəhbərliyin diqqəti nəticəsində bu uğurlar qazanılır.

Azərbaycan karateçiləri beynəlxalq arenada öz sözünü deməyi bacarır. Təkcə fərdi nailiyyətlər deyil, həm də ölkə adının orada şərəflə təmsil olunması bizim üçün böyük qürurdur.

Növbəti illər üçün hədəflər nələrdir?

– Əsas məqsədimiz Azərbaycanın karate məktəbini daha da möhkəmləndirmək və yeni nəsil idmançıları dünya səviyyəsinə çıxarmaqdır.

Bunun üçün beynəlxalq təlim proqramları, təcrübə mübadilələri və gənc məşqçilərin, hakimlərin hazırlanması üzərində işləyirik.

Eyni zamanda, qadın karateçilərin inkişafı, regionlarda daha çox mərkəzin açılması və rəqəmsal idarəetmə sisteminin tətbiqi kimi yeni layihələr üzərində çalışırıq.

Biz inanırıq ki, yaxın illərdə Azərbaycan karatesi təkcə regionda deyil, qlobal miqyasda da nümunəvi modelə çevriləcək.

– Sonda karate ailəsinə və gənclərə nə demək istərdiniz?

– Gənclərimizə mesaj budur: idman sadəcə yarış meydanında qalib gəlmək üçün deyil, həyatda düzgün insan olmağı öyrənmək üçündür.

Hər bir gənc, xüsusilə karate ilə məşğul olanlar, daim nizam-intizamlı, təvazökar və məqsədyönlü olmalıdır.

Federasiyamızın bütün üzvlərinə, məşqçilərimizə, idmançılarımıza və bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm.

Bu birlik və səylə biz daha böyük zirvələrə çatacağıq.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər