“Heç kəs inciməsin, bu cür xəbərlərin bəh-bəhlə saytlara, qəzet-jurnallara yerləşdirilməsinə icazə verən, onları yayan, paylaşan istər kişi, istərsə də qadın cinsindən olanların mənəviyyatına, əxlaqına, namus-qeyrətinə şübhə edirəm...”
Son onilliklərdə dünya, o cümlədən, təəssüf ki, Azərbaycan mediası da, sosial şəbəkə seqmenti də mümkün qədər çılpaqlanan, lütlənə bilən qız və qadınları cəsarətli, cəsur olaraq təqdim edir: “60 yaşlı xalq artistindən cəsarətli paylaşım: alt paltarı göründü”, “avroviziya təmsilçimiz küçədə gedə-gedə paltarlarını dəyişdi...”, “filan əməkdar artistin cəsarətli dekolteli geyimi” və s. Heç kəs inciməsin, bu cür xəbərlərin bəh-bəhlə saytlara, qəzet-jurnallara yerləşdirilməsinə icazə verən, onları yayan, paylaşan istər kişi, istərsə də qadın cinsindən olanların mənəviyyatına, əxlaqına, namus-qeyrətinə şübhə edirəm. Heç cür anlaya bilmirəm ki, hələ başqa xalqların nümayəndələrini demirəm, türk, müsəlman, azərbaycanlı qadın və ya kişisi belə davranışların, onları təsvir edən xəbərlərin, foto və video-görüntülərin təbliğinə nə cür razı ola bilir... Məntiqlə belə çıxır ki, bu cür xəbərləri yayan, paylaşan şəxs eynisini özü də təkrar edə bilər... Eyni davranışları kişi cinsindən olan sənətkar(kor) məxluqlara aid edib onları da cəsarət nümunəsi kimi cəmiyyətə, xalqa, bəşəriyyətə sırıyırlar... Artıq bəzi dünya şəhərlərində uzunqulaqlar, meymunlar kimi küçədə camaatın gözü önündə, parkda, küçədə, avtobusda bütün parametrlərlə sevişməyi də böyük cəsarət kimi təbliğ edəcəklər... Belə getsə, bunlar Azərbaycanda baş verəcək...
Eyni prinsip başqa formada adi ailə-məişətdə və siyasi həyatda da tətbiq olunmağa başlayıb. Artıq arvadının, qızının, bacısının nəinki biabırçı, yarıçılpaq geyim-geciminə, hətta əxlaqsızlığına, fahişəliyinə göz yuman, həmçinin bu yolla pul qazanaraq onu da dolandırmasını qəbul edən, bununla fəxr edən “kişi”ləri cəmiyyətin xeyli hissəsi “fərasətli” saymağa başlayıb... İctimai-siyasi həyatda isə nəinki göz önündə olan, həm də xalqın bu günü və gələcəyinə böyük zərbələr vuran subyektiv çılpaq həqiqətlərə göz yuman, bununla paralel həm də həmin subyektiv yaranmasına səbəb olan yüksək vəzifəli siyasi liderlərə yarınan, dünən vəzifəsindən ötrü yaltaqlandığı şəxsə vəzifəsindən çıxıb “vurul”andan sonra təhqirlər, söyüşlər yağdıran kişi cinsli məxluqlar böyük nüfuz, ədalət, fərasət, cəsarət nümunəsi kimi təbliğ olunmaqdadır...
Bu minvalla -mənəviyyatsızlıq, arsızlıq, əxlaqsızlıq, prinsipsizlik “cəsarət” və “fərasət” kimi təbliğ olunmaqla milli, dini ənənələrimizə uyğun dəyərlər sistemi tamamilə çökmək üzrədir... Y Amma şükür Allaha ki, O Özü həm dünyada, həm Azərbaycanda bir sıra olaylarla məşhur “cəsarət”li, “fərasət”li kişi və qadın cinsli məxluqların gerçək mahiyyətini ifşa edir. Və bu cür əxlaqsız normalara uyğun bir həyatın doğru olmadığını dərk edən insanların da sayı artır... Bununla belə, hələ də vicdan, milli əxlaq, namus, qeyrət kateqoriyalarını qəlbində yaşatmağı bacaran hər bi qələm sahibi, yazar, jurnalist, yazıçı, şair, aktyor, artist, eləcə də “siyasət” adıyla olsa da meydanda olan tanınmışların bacardıqca bu prosesə müqavimət göstərmələri, ən azı özlərinin “cəsarət”li qadın və “fərasət”li kişilərin təbliğatçısı olmaqdan çəkinmələri vacibdir...
Sultan Laçın