"Daxili parçalanmaların qayıdışı və Netanyahunun zəifləyən dayaqları..."
Qəzza bölgəsində hələlik davam edən, amma çox kövrək atəşkəs fonunda İsrail siyasəti yenidən köhnə - müharibdənöncəki parçalanmalara qayıdır.
Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşri yazıb.
Ədliyyə naziri Yariv Levin "Likud" partiyası adından Ali Məhkəmənin və Baş prokurorun səlahiyyətlərini məhdudlaşdıran məhkəmə islahatlarının bərpasını elan edib. Müxalifət lideri Yair Lapid bunu "demokratik institutlara zərbə" adlandırıb, prezident İsxak Hersoq isə siyasətçiləri "kobudluqda" və "insan ləyaqətinə hörmətsizlikdə" günahlandırıb.
Müharibə bir müddətlik daxili qarşıdurmaları sanki dondurmuşdu. Amma indi həmin xəttlər daha da dərinləşmiş şəkildə yenidən üzə çıxır. İsraildə növbəti parlament seçkilərinə, əgər hökumət öncə dağılmasa, təxminən bir il qalır.
Baş nazir Benyamin Netanyahunun reytinqi sürətlə düşür, onun sağ və ultraortodoks müttəfiqlərindən ibarət bloku artıq çoxluq toplaya bilmir. Müxalifət isə hələ də bir lider ətrafında birləşmək gücündə deyil. Bu, siyasi mənzərəni son dərəcə qeyri-müəyyən edir: Netanyahunun tərəfdarları azalır, amma onun rəqibləri də parçalanmış vəziyyətdə qalır.
Cəmiyyətin dəyişən ruh halı və dini gərginlik
İsrail cəmiyyəti müharibənin yaratdığı ən uzun və ağrılı travmadan çıxmağa çalışır. Ölkə yarım milyondan çox əsgəri səfərbər edib, yüz minlərlə insan aylarla ailəsindən və işindən uzaqda olub. Qəzza, Livan, Suriya və Yəməndən gələn raket zərbələri ölkənin demək olar hər bölgəsinə çatıb. Nəticədə israillilər "dövlətin əsas vəzifəsini - təhlükəsizliyi təmin edə bilmədiyini" düşünür. Hakimiyyətlə xalq arasındakı bu etimadsızlıq indi seçkilərin əsas amili kimi görünür.
Xüsusi narazılıq doğuran məsələ hərbi xidmət borcudur. Ali Məhkəmə ultraortodoks yəhudilərin hərbi xidmətdən azad edilməsini konstitusiyaya zidd hesab etsə də, hökumət, dini partiyalardan asılı olduğu üçün, bu qərarı görməməzliyə vurub. Bu isə demək olar hər ailəyə toxunan səfərbərlik şəraitində, cəmiyyətdə qəzəb doğurub. Eyni zamanda siyasətdə dinin artan rolu da narahatlıq yaradır: hətta sağçı seçicilər arasında belə, ravvinlərin və dini ritorikanı siyasi alətə çevirən partiyaların nüfuzunun məhdudlaşdırılmasına tələbat artır.
"AGAM Labs" mərkəzinin uzunmüddətli sorğusuna görə, israillilərin 65 faizi özünü "sağ" kimi tanıdır (üç il əvvəl bu göstərici 56 faiz olub), yalnız 13 faizi isə "solçu" hesab edir. Amma paradoks ondadır ki, eyni zamanda 79 faiz Qəzzada müharibənin dayandırılmasını istəyir.
Respondentlərin cəmi 32 faizi Qərb Sahilinin ilhaqını dəstəkləyib, əksəriyyət isə Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ilə münasibətlərin normallaşmasını üstün tutur. Dini kimliyə bağlılıq artsa da, israillilərin yalnız dörddə biri ölkənin dini qanunlarla idarə edilməsini istəyir. Bu, həm mühafizəkar dəyərlərin möhkəmlənməsi, həm də müharibə yorğunluğu ilə formalaşan ziddiyyətli bir ictimai mənzərə yaradır.
Netanyahunun "müharibədən sülhə" çevrilişi və siyasi çıxılmazlıq
Netanyahu indi məcburdur ki, əvvəllər "qəbuledilməz" saydığı sülh razılaşmasını müdafiə etsin. Bir vaxtlar "tam qələbə" və "heç bir danışıqsız bitəcək müharibə" vəd edən baş nazir indi atəşkəsi "tarixi nailiyyət" kimi təqdim edir. Lakin bu dönüş onun bütün siyasi irsini təkzib edir və hətta müttəfiqlərini uzaqlaşdırır.
Dini-sağ bloku təmsil edən nazirlər - Betsalel Smotriç və İtamar Ben-Qvir artıq xəbərdarlıq ediblər: əgər sülh razılaşması Fələstin Administrasiyasını gücləndirsə, onlar koalisiyadan çıxacaqlar. Bu baş verərsə, hökumət parlamentdə çoxluğu itirəcək və növbədənkənar seçkilər qaçılmaz olacaq.
Əgər kabinet 2026-cı ilə qədər qalsa belə, onun üzərində 7 oktyabr hadisələrini araşdıracaq komissiyanın kölgəsi asılı qalacaq. Təhlükəsizlik sisteminin uğursuzluğunu araşdıracaq bu komissiya istər-istəməz Netanyahunun məsuliyyətini gündəmə gətirəcək - o isə indiyə qədər heç bir məsuliyyət qəbul etməyib.
Xarici təzyiq də artır. ABŞ prezidenti Donald Tramp iki il davam edən müharibədən sonra ərəb ölkələrinin dəstəklədiyi atəşkəs razılaşmasını təmin edib. İsrail qüvvələri müəyyən edilmiş xətlərə çəkilib, girovlar azad edilib. Lakin Şarm əl-Şeyxdə keçirilən sammitdə Qəzzanın gələcəyi israilli nümayəndələrin iştirakı olmadan müzakirə olunub.
ABŞ və ərəb tərəfdaşlar indi İsraildən müharibədən sonrakı nizamlanmada iştirak və Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşması istiqamətində addımlar gözləyir. Bu, Netanyahu üçün həm fürsət, həm də təhlükədir: əgər o, özünü "regional sülh memarı" kimi göstərə bilsə, siyasi çəkisini bərpa edə bilər. Amma Səudiyyə Ərəbistanı onun rəhbərliyi dövründə bu normallaşmadan imtina etsə, bu, onun üçün zərbəyə çevriləcək.
Müharibə ilə yaşamaq, yoxsa sülh qurmaq?
İsrail siyasəti yenidən dönüş nöqtəsindədir. Ölkə indi qərar verməlidir: dini və ultra-millətçi qüvvələrə söykənən sağçı kursu davam etdirmək, yoxsa təhlükəsizlik, bərpa və diplomatiyaya üstünlük verən daha orta xəttə keçmək. Netanyahunun taleyi artıq İsrailin gələcəyi ilə sıx bağlıdır. Qəzzadan sonra ölkə hansı yola çıxacaq - müharibə içində yaşamağa davam edən bir dövlət olacaq, yoxsa sülh və birliyə doğru addımlayan bir cəmiyyət?