Ekskluziv
639
25 Oct 2025 | 23:10

"Sivilizasiyanın sonu haqqında xəbərdarlıq: MIT alimlərinin 1972-ci il proqnozu gerçəkləşirmi?" - "LİFE" jurnalı

"Qlobal tənəzzülə aparan yol: insanlıq yarım əsrdir eyni səhvi təkrarlayır..."

1972-ci ildə Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçılar qrupu dünya tarixinə düşən bir model təqdim edib: "Limits to Growth" adlanan bu hesabatda alimlər xəbərdarlıq edib ki, əgər bəşəriyyət nəzarətsiz iqtisadi artımı davam etdirsə, təbii sərvətlərin tükənməsi, ekoloji fəlakətlər və sosial böhran nəticəsində sivilizasiya XXI əsrin ortalarına qədər çökmə riski ilə üzləşəcək.

Moderator.az xəbər verir ki, bu barədə "life.ru" nəşri yazıb.

O vaxt bu modelə bir çoxları şübhə ilə yanaşıb, lakin illər keçdikcə proqnozlar getdikcə daha real görsənməyə başlayıb.

Yarım əsrlik xəbərdarlıq: sərhədsiz istehsalın nəticələri

MIT alimləri 12 mümkün inkişaf ssenarisini araşdıraraq bu nəticəyə gəlib ki, davamlı artım siyasəti əksinə, öz-özünü məhvə aparır. Onların hesablamalarına görə, sənaye istehsalının və istehlakın bu templə davam etməsi təbii ehtiyatların tükənməsinə, kənd təsərrüfatı məhsuldarlığının azalmasına və əhalinin rifah səviyyəsinin düşməsinə səbəb olacaq.

Proqnoza əsasən, kapitalın böyük hissəsi xammal sənayesinə yönələcək, sosial və kənd təsərrüfatı sahələri isə diqqətdən kənarda qalacaq. Nəticədə aclıq, xəstəliklər və ekoloji çirklənmə artacaq, bəşəriyyətin dayanıqlılığı ciddi şəkildə sarsılacaq.

O dövrdə bu ssenarilər fantastika kimi səslənsə də, bu gün ekoloji dəyişikliklər, enerji böhranları, iqlim istiləşməsi və resurs qıtlığı MIT-in xəbərdarlıqlarının nə qədər uzaqgörən olduğunu sübut edir.

2020-ci illərin reallığı: proqnozlar dəhşətli dərəcədə dəqiq çıxır

2020-ci ildə KPMG beynəlxalq  audit şirkətinin dayanıqlı inkişaf üzrə eksperti Qayya Herrinqton MIT modelini müstəqil şəkildə yenidən analiz edib. Nəticələr "Yale Journal of Industrial Ecology" jurnalında dərc olunub və tədqiqatın ilkin proqnozları ilə indiki göstəricilər arasında "təəccüblü dərəcədə uyğunluqv tapılıb.

Herrinqton on əsas göstəricini - əhali artımı, sənaye və kənd təsərrüfatı istehsalını, resursların tükənməsini, ətraf mühitin çirklənməsini, həyat keyfiyyətini və sosial rifahı müqayisə edərək müəyyən edib ki, bəşəriyyət hələ də eyni trayektoriyada hərəkət edir. Onun nəticəsinə görə, əgər bu tendensiyalar dəyişməzsə, qlobal sosial-iqtisadi və ekoloji kollapsın ilkin əlamətləri artıq 2040-cı ilə qədər aydın görünə bilər.

Bu proqnoz təkcə nəzəri xəbərdarlıq deyil: artıq bir sıra əlamətlər özünü göstərməkdədir. Məsələn, Cənubi Atlantik anomaliyasının - Yerin maqnit sahəsinin zəiflədiyi nəhəng zonanın son illərdə sürətlə böyüməsi alimlər arasında narahatlıq doğurur. Bu bölgədə peyklər və elektrik sistemləri yüksək radiasiyaya məruz qalır, texnoloji nasazlıqlar və enerji kəsintiləri riski artır.

Yeni əsrin çağırışı: tənəzzülü dayandırmaq üçün hələ vaxt var

Alimlərin fikrincə, vəziyyət hələ də bərpaolunmaz deyil. Əgər dövlətlər istehsal və istehlak modellərini köklü şəkildə dəyişsələr, bərpa olunan enerji mənbələrinə keçid sürətlənsə və təbiət balansı iqtisadi maraqlardan üstün tutulsa, sivilizasiya özünü xilas edə bilər.

Lakin hər il itirilən vaxt bu şansı azaldır. XXI əsrin ortalarına qədər dünya bir seçim qarşısında qalacaq: ya dayanıqlı inkişaf yolu, ya da resursların tükəndiyi və sosial sistemlərin çökməyə başladığı bir xaos dövrü. MİT-in yarım əsrlik xəbərdarlığı indi bir elmi arxiv sənədi deyil - o, bəşəriyyətin gələcəyinə dair açıq xəbər siqnalıdır.

Link kopyalandı!
Son xəbərlər