"Dörd əsrlik dini parçalanmadan sonra tarixi yaxınlaşma..."
Britaniya kralı III Çarl bu gün Vatikanı rəsmi səfərlə ziyarət edərək Papa XIV Lev ilə birgə ibadət mərasimində iştirak edib.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
Bu hadisə həm siyasi, həm də dini baxımdan mühüm dönüş nöqtəsi sayılır, çünki Anglikan kilsəsinin yaranmasından bəri ilk dəfə onun başçısı Roma Papası ilə eyni dua mərasimində iştirak edib.
Tarixi jestlər və simvolik hədiyyələr
Səhər saatlarında Kral sarayı və Vatikan arasında qarşılıqlı titulların təqdim edildiyi elan olunub. Papa XIV Lev kralı Papalıq cəngavəri rütbəsinə layiq görüb, III Çarl isə öz növbəsində pontifikə Böyük Xaç Ordeninin cəngavəri titulunu verib. Bu qarşılıqlı jestlər yalnız diplomatik nəzakət deyil, həm də dini tarixdə yeni səhifənin açılması kimi dəyərləndirilir.
Sikstin kapellasındakı mərasimdə kral və papa "Atamız" duasını ingiliscə oxuyublar - bu, həm Anglikan ənənəsinə hörmət, həm də simvolik mənada "dil birliyinin" bərpasıdır. Xüsusilə maraqlıdır ki, Papa XIV Lev amerikalı əsilli pontifikdir və ingilis dili onun ana dilidir.
III Çarl həmçinin Papa Levə XI əsr İngiltərə hökmdarı və müqəddəs elan olunmuş Eduard İtirafçının ikonunu hədiyyə edib. Kralın ikonalara, o cümlədən pravoslav sənətinə olan marağı çoxdan məlumdur və bu hədiyyə onun şəxsi zövqü ilə diplomatik zərifliyi birləşdirir.
Dini yaxınlaşmadan geosiyasi tərəfdaşlığa
Rəsmi bəyanatlarda səfərin əsas məqsədi "xristian məzhəbləri arasında dialoqu və qarşılıqlı anlaşmanı dərinləşdirmək" kimi göstərilsə də, bu ziyarətin fonunda siyasi məqsədlər də aydın sezilir. Kralın mətbuat katibi vurğulayıb ki, "bu səfər beynəlxalq gərginliyin artdığı bir dövrdə, tərəfdaşlığın və mənəvi həmrəyliyin önəmini bir daha nümayiş etdirir".
Britaniya tərəfi Vatikanla münasibətləri "qarışıqlıq və tiraniyaya qarşı mənəvi sipər" adlandırır. Xüsusilə, Papa XIV Levdən fərqli olaraq, əvvəlki pontifiklərə nisbətən Ukraynadakı müharibə barədə daha sərt və prinsipial mövqe sərgiləyir. Bu, London üçün həm dini, həm də strateji müttəfiqliyin yeni formasını təmsil edir.
Kral Çarl səfərin gedişində "Şəhər divarlarından kənarda yerləşən Müqəddəs Pavel abbatlığının kral qardaşı" tituluna layiq görülüb. Bu addım onun Anglikan və Katolik kilsələri arasında yaxınlaşmaya verdiyi töhfənin rəsmi tanınmasıdır. Əvəzində isə Papa XIV Lev Vindzor qalasındakı Müqəddəs Georgi kapellasının "papa qardaşı" titulunu qəbul edib, bu, iki dini mərkəzi simvolik şəkildə birləşdirən jestdir.
Daxili fon və siyasi mənzərə
Ziyarət həm də Kral ailəsi üçün reputasiya baxımından mühüm anda baş verir. Şahzadə Endrü ətrafında yenidən qızışan qalmaqal fonunda Bukinqem sarayı bu səfəri "diqqəti kral ailəsinin fəal və məsuliyyətli üzvlərinə yönəltmək" imkanı kimi dəyərləndirir.
Səfər rəsmi hökumət təşəbbüsü ilə həyata keçirilir. Xarici işlər naziri İvet Kuper də kral nümayəndə heyətinin tərkibindədir və o, Sikstin kapellasında keçirilən mərasimdə "Həzrəti Pavelin Roma camaatına məktubu"ndan bir hissəni səsləndirib.
Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü səfərin "dünyanın ən nüfuzlu dini mərkəzlərindən biri ilə strateji münasibətləri gücləndirəcəyini" bəyan edib: "Katolik kilsəsi dünyanın ən geniş yayılmış dini olan xristianlığın ən böyük təriqətidir və Vatikanın təsiri qlobal səviyyədə ölçüyəgəlməzdir".
Dörd əsrlik ayrılığın sonu
1534-cü ildə VIII Henrinin dövründə Reformasiya nəticəsində Anglikan kilsəsi Roma Papasından ayrılmış, bu isə Avropa tarixində dərin izlər buraxıb. Lakin əsrlər sonra, bu gün Vatikan divarları arasında səslənən ortaq dua həm dini, həm də siyasi mənada yeni dövrün başlanğıcı kimi qəbul olunur. III Çarlın səfəri təkcə diplomatik jest deyil - bu, Britaniyanın öz tarixi ilə, həm də Avropanın mənəvi mərkəzi ilə barış cəhdidir. Və görünür, bu barış artıq başlanıb.