“Ermənistandakı səfirin qeyd edilən açıqlması da göstərir ki, Rusiya Zəngəzur yolu ilə bağlı fikirlərdən geri çəkilmir. Lakin gerçəklikdə bu ölkənin əvvəlki real gücü və təsir imkanları artıq çox məhduddur. Praktik olaraq Rusiya indi Zəngəzur dəhlizinə müdaxilə etmək üçün də kifayət qədər təsirə malik deyil. Ümumiyyətlə, artıq onun təsir imkanları hər yerdə azalır. Təcavüzlə məşğul olduğu bütün hərbi və iqtisadi resurslarını qoyduğu Ukraynada belə, Rusiya neçə illərdir tükənərək batdığı bataqlıqdan çıxa bilmir. Moskva Güney Qafqazda, məsələn, Gürcüstanda təsirini tam bərpa etməyə çalışsa da, bu da artıq ciddi nəticə vermir. Ermənistanda da vəziyyət eynidir. Azərbaycana heç bir halda müdaxilə edə bilmir. Yaxın Şərqdə də heç bir proses Rusiyanın təsirinə bağlı deyil.Yəni Qəzza böhranı, Suriyadakı problemlər Rusiyanın iştirakı olmadan həll edilir.
Zəngəzur yolu məsələsinə də, dediyim kimi, Rusiyanın müdaxilə etməsi mümkün deyil. Ancaq Rusiya ilə Ermənistan arasında müəyyən bir dialoq mövcuddur. Və Paşinyan hökuməti xüsusilə seçki ərəfəsində, Rusiyadan müəyyən dəstək almasa da, ən azı neytral qalmasına nail olmağa çalışır. Çünki son vaxtlar Moskva fəal şəkildə Ermənistandakı müxalif qüvvələrə hərtərəfli dəstək verir, rusiyalı milyarder Samvel Karapetyanın “nüfuzu”nun artmasına təsir göstərir. Bununla belə, Kreml Ermənistanla rəsmi əlaqələrində hələ də ciddi maraqlıdır və təsir imkanlarının zəif olması səbəbindən Paşinyan hökuməti ilə münasibətlər qurmağa da məcburdur.
Konkret Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinə gəldikdə, onun bəyanatları çox vaxt reallıqdan uzaq olur. Sanki ermənidən çox erməni olmağa çalışır. Əslində o, Rusiyanın guya Ermənistanla bağlı geopolitik proseslərdə tam iştirakını göstərməyə çalışır. Lakin faktiki olaraq, Azərbaycan Türkiyə ilə birgə Zəngəzur yoluyla bağlı mövqeyini ortaya qoyub və geri çəkilmir. Həmçinin Çin və Qazaxıstan da Zəngəzur məsələsində öz maraqlarını önə çıxarırlar. Bilirsiz ki, Azərbaycan prezidentinin son Qazaxıstan səfərində Qazaxıstan və Azərbaycan rəhbərlərinin birgə iştirak etdiyi xüsusi Orta Dəhliz təqdimatı irəli sürüldü. Bu bir növ həm də Zəngəzur yolunun təqdimatıydı...
Amerika Zəngəzur yolu ilə bağlı üçüncü tərəf şahid qismində olmaqla bir növ üçtərəfli sənəd imzalayıb və bundan geri çəkilmə fikri yoxdur. Həmçinin Türkiyə Rusiyanın burada hər hansı pozuculuq işi görməsinə imkan verməz...
2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli razılaşma isə yalnız atəşkəs ilə bağlı bir sənəd idi və orada Zəngəzur yolunun təhlükəsizliyi ilə bağlı Rusiya “FSB”-nin iştirakı nəzərdə tutulurdu. Yəni həmin sənəddə Rusiya üçün orada gömrük xidməti, yüklərə nəzarət və s. funksiyası yoxdur. Digər tərəfdən, 10 noyabr razılaşması parlamentlərdə ratifikasiya da olunmayıb, yəni hüquqi qüvvəsi yoxdur. Üçüncüsü də, hazırda artıq Zəngəzur yolu üçün ciddi təhlükə sovuşubdur. Yəni o zaman nəzərdə tutulan təhlükəsizlik məsələləri də artıq keçərsizdir. Vaşinqtonda imzalanmış sənədə əsasən həmin yolda inzibati nəzarət və təhlükəsizlik finksiyalarını müəyyən olunacaq Amerika şirkəti yerinə yetirəcəkdir. Və təbii ki, Azərbaycan da, həmçinin Türkiyə də birbaşa olmasa da, Zəngəzur yolunun təhlükəsizliyinə öz təhlükəsizliyi kimi nəzarət edəcəkdir. Bir sözlə, Rusiyanın Trampın TRİPP layihəsinin işləyəcəyi Zəngəzur yoluna müdaxilə etmək üçün dayanacağı bir əsas yoxdur. Rusiya bu müdaxiləni yalnız Ermənistanın vasitəsilə edə bilərdi. Ermənistanın isə bu məsələdə birmənalı şəkildə Moskvaya güzəştə getmək niyyəti yoxdur. Bu yalnız o halda baş verə bilər ki, Paşinyanı seçki vasitəsilə alınmasa, hərbi çevriliş, yaxud bir möcüzə nəticəsində devirsinlər. Ancaq görünən odur ki, Kreml bütün resurslarını cəmləsə də, səfərbər eləsə də, Ermənistanda Paşinyan hakimiyyətinə qalib gələcək bir qüvvə yoxdur. Bütün bu deyilən və deyilməyən amilləri nəzərə alaraq demək olar ki, Rusiyanın regiona dönüşü, regiona təsir imkanlarının artırılması, xüsusilə də Zəngəzur yolu- TRİPP layihəsinə müdaxiləsi Rusiyanın iştirakını tamamilə istisna etmək olar...”