Ekskluziv
348
20:05, Bu gün

"Putinin pulu, əsgəri və ideyası tükənir" - NATO baş katibi

"Kiyev taktikanı dəyişib, NATO isə "Putinin resursları tükənir" deyir..."

Ukrayna müharibədə taktikasını dəyişərək Rusiyanın dərin arxasında yerləşən iki əsas sektora - neft sənayesinə və hərbi-sənaye kompleksinə zərbələr endirməyə başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov "Il Foglio" qəzetinə müsahibəsində bildirib. Məlumatı "glavred.info" nəşri yayıb.

İki istiqamətli hücum və texnoloji üstünlük

Budanovun sözlərinə görə, Kiyev artıq uzaq məsafəli hücumlarda yaradıcı yanaşma və texnoloji innovasiyalar sayəsində üstünlük qazanır.

Son günlər Ukrayna ordusu 
Bryansk vilayətində barıt və raket komponentləri istehsal edən kimya zavodunu, eləcə də Dağıstandakı neft emalı müəssisəsini vurub. Budanov deyir: "Biz Rusiya Federasiyasının cəmiyyətinə qarşı müharibə aparmırıq. Bizim hədəflərimiz sırf strateji və hərbi xarakter daşıyır".

Ukraynanın "dərin zərbələr" strategiyası artıq nəticə verir - Rusiya benzin ixracı sahəsində faktiki olaraq sıxışdırılıb. Moskva hazırda itkiləri kompensasiya etmək üçün xam neft və maye qaz satışını artırmağa çalışır. 

Lakin ölkənin hava hücumundan müdafiə sistemi yalnız sərhəd zonalarında və Moskva ilə Sankt-Peterburqun ətrafında cəmləndiyindən, Ukrayna dronlarının dərinliklərə keçidi çox vaxt problemsiz olur. "Rusiyanın HHM sistemi sadəcə bütün ərazini qoruya bilmir - hədəflər çoxdur, resurslar isə məhduddur", - Budanov əlavə edib.

"Ukrayna dronları Rusiya müdafiəsini aldadır"

"Reuters" agentliyinə danışan Ukrayna Silahlı Qüvvələrinin 14-cü dərin zərbə alayının komandiri, "Çarli" çağırış adlı zabit bildirib ki, Rusiya dronları vurmaqda müəyyən irəliləyiş əldə etsə də, Ukrayna texnologiyada bir addım öndə qalır. "Biz say deyil, keyfiyyət üstünlüyü ilə hərəkət edirik. Yeni platformalar, təkmilləşdirilmiş idarəetmə və analitik sistemlər Rusiya müdafiəsində boşluqları aşkar etməyə kömək edir".

"Çarli"nin sözlərinə görə, bəzi ukraynalı dronlar 2 min kilometrədək məsafə qət edərək hədəfləri dərin arxa bölgələrdə vurur. Sentyabr ayından bəri Ukrayna Rusiyanın neft infrastrukturuna 60-dan çox zərbə endirib, bu da yanacaq təchizatını və ixracını ciddi şəkildə pozub. "Düşmən bizi bəzi istiqamətlərdə gözləyir və əks-tədbirlər görür, lakin yeni texnologiyalar sayəsində biz yenə də irəlidəyik", - o, bildirib.

Kiyevin üç aylıq dron kampaniyası artıq Rusiyanın yanacaq bazarında böhran yaradıb. Bir çox regionlarda benzin qıtlığı müşahidə olunur, Mərkəzi Bank isə faiz siyasətini dəyişmək məcburiyyətində qalıb.

"Putinin pulu, əsgəri və ideyası tükənir"

London toplantısından sonra NATO-nun baş katibi Mark Rüt­te bəyan edib ki, Vladimir Putinin Ukraynada nə hərbi, nə də iqtisadi cəhətdən irəliləmək imkanı qalıb. "O, minlərlə insanın həyatını mənasız müharibəyə qurban verir, lakin nəticə yoxdur. Putinin artıq nə pulu, nə əsgəri, nə də ideyası qalıb", - Rüt­te bildirib.

O, ABŞ prezidenti Donald Trampın mövqeyini dəstəkləyərək müharibənin hazırkı cəbhə xətti üzərində dayandırılmasının vaxtı çatdığını vurğulayıb. "İndi əsas məqsəd Rusiyaya təzyiqi artırmaq və ədalətli sülhə nail olmaqdır". NATO rəhbəri Avropa və Kanadanın Ukraynaya əlavə hərbi yardım vədini alqışlayaraq qeyd edib ki, "cəbhədəki son hadisələr göstərir ki, dəstəyimiz nəticə verir və davam etməlidir".

Dəyişən cəbhə, daralan Kreml

Ukraynanın son aylar həyata keçirdiyi texnoloji yönümlü "dərin zərbələr" Moskvanın iqtisadi sabitliyini ciddi şəkildə sarsıdır. Rusiya HHM sisteminin məhdudluğu və artan daxili yanacaq böhranı Kremlin manevr imkanlarını azaldır.

Paralel olaraq, Qərb liderləri - Tramp və Rüt­te müharibənin dayanması və Rusiyaya təzyiqin artırılması fikrində birləşirlər. Beləliklə, Kiyevin dəyişən taktikasının və Qərbin koordinasiyalı addımlarının fonunda Kreml həm hərbi, həm iqtisadi, həm də siyasi baxımdan dar bir küncə sıxışır.

Link kopyalandı!
Son xəbərlər