"Trampın sanksiyalarından sonra Avropa Moskva üzərinə iqtisadi cəbhə açır..."
Avropa liderləri Ukraynadakı müharibənin dayandırılması və Vladimir Putinə təzyiqin artırılması məqsədilə yeni iqtisadi hücum planı hazırlayır.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Yeni təzyiq dalğası
Böyük Britaniyanın baş naziri Kir Starmer "Rusiya nefti və qazını qlobal bazardan tamamilə çıxarmaq" vədini verib. Nəşr yazır ki, Starmer bu bəyanatı ABŞ prezidenti Donald Trampın Rusiya enerji nəhənglərinə qarşı tətbiq etdiyi sərt sanksiyalardan sonra səsləndirib.
Trampın qərarı - "Rosneft" və "Lukoyl" şirkətlərinə sanksiyalar Ağ Evin Moskva ilə bağlı siyasətində dönüş nöqtəsi kimi qiymətləndirilir. NATO-nun baş katibi Mark Rütte isə ümid edir ki, ABŞ-ın bu addımı "Rusiya neft şirkətlərini gəlirlərdən məhrum edəcək və Putinə qarşı təzyiqi əhəmiyyətli dərəcədə artıracaq".
Londonda üçtərəfli görüş
Starmer, Ukrayna prezidenti Vladimir Zelenski və NATO baş katibi Rütte Londonda keçirilən görüşdə bir araya gəliblər. Danimarkanın baş naziri Mette Frederiksen və Niderlandın hökumət başçısı Dik Sxoof da müzakirələrə qatılıb. Görüşdən sonra "İstəklilər koalisiyası"nın virtual toplantısı baş tutub, bu dəfə Yaponiyanın da iştirak etməsi diqqət çəkib.
Zelenski Avropa liderləri ilə müzakirədə iki əsas hədəfi vurğulayıb: Trampın yeni sanksiyalar paketindən maksimum fayda götürmək və uzaqmənzilli silahların təchizatı məsələsini danışıqlar masasında saxlamaq. "Politico"nun mənbələrindən biri bildirib ki, "Surgutneftegaz" - Putinə məxsus sayılan nəhəng enerji şirkəti hələlik sanksiyalardan yayınır. "Əgər Rusiya neft sektorunu tam sıxmaq mümkün olsa, Putini danışıqlar masasına əyləşdirmək real olar", - mənbə vurğulayıb.
Britaniya rəsmilərindən biri isə Trampın qərarını "həqiqətən də yeni və mühüm addım" adlandıraraq qeyd edib: "Ən böyük effekt yalnız birgə hərəkət zamanı əldə olunur".
Diplomatik dəyişikliklər və Trampın mesajı
Mənbələrə görə, Avropa və ABŞ həmçinin uzuYeni təzyiq dalğası uzaqmənzilli raketlərin Ukraynaya verilməsini müzakirə edir. "Hamı gördü ki, Putin "Tomahawk" raketlərinin mümkün tədarükünə necə reaksiya verdi. Amma amerikalılar bu ideyadan imtina etdilər və Putin dərhal diplomatiyadan çəkildi", - bir Avropa rəsmisi bildirib.
Trampın "Rosneft" və "Lukoyl"a qarşı sanksiyaları elan etməsi onun əvvəlki mövqeyindən ciddi dönüş hesab olunur. Bir vaxtlar "Avropa Rusiya neftindən imtina etməyincə yeni sanksiyalar olmayacaq" deyən Tramp indi bu addımı belə izah edib: "Sadəcə hiss etdim ki, vaxt yetişib".
Ağ Evdə dəyişən ton
Bir neçə gün öncə ABŞ Rusiyaya qarşı ilk dəfə ciddi enerji sanksiyalarını tətbiq edib. "Politico"nun məlumatına görə, bu addım Ağ Evdəki diplomatik istiqamətin dəyişməsi ilə əlaqədardır: artıq Moskva ilə əlaqələrə xüsusi elçi Stiven Uitkoff deyil, dövlət katibi Marko Rubio rəhbərlik edir.
NATO baş katibi Mark Rütte isə Trampla Zelenskinin son görüşünü "uğurlu və məqsədəuyğun" adlandırıb: "Görüş yaxşı keçdi, elə bizə lazım olduğu kimi". Avropa və ABŞ indi eyni cəbhədə hərəkət edir: məqsəd Rusiyanın enerji imperiyasını zəiflədərək Putini danışıqlar masasına məcbur etməkdir.