"Moskva və Kiyev ABŞ-ın vasitəçiliyi ilə sülh razılaşmasına yaxınlaşıb..."
Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ-a gəlib.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
Sanksiyaların kölgəsində baş tutan səfər
CNN və "Axios"-un məlumatına görə, Dmitriyev bu səfər çərçivəsində Ağ Ev rəsmiləri ilə Rusiya-ABŞ münasibətlərini müzakirə edəcək.
Səfər məhz o anda baş tutub ki, prezident Donald Tramp Rusiyanın iki nəhəng enerji şirkətinə - "Lukoyl" və "Rosneft"ə qarşı ilk sərt sanksiyaları elan edib. Bu qərar Moskva ilə Vaşinqton arasında yenidən artan gərginliyin fonunda qəbul edilib.
Dmitriyev ötən dəfə də - bu ilin aprelində Vaşinqtona səfər etmişdi. O, o zaman Ukrayna münaqişəsinin mümkün sülh formullarını müzakirə etmək üçün Rusiya və ABŞ nümayəndələrinin iştirak etdiyi görüşlərdə yer almışdı. İndi isə onun məqsədi, görünür, iki ölkə arasında dondurulmuş dialoqu yenidən canlandırmaqdır.
Rusiya rəsmisi jurnalistlərə açıqlamasında bildirib ki, səfər "çoxdan planlaşdırılıb" və ABŞ tərəfi onu "nə qədər gərginlik olsa da, ləğv etməyib". Dmitriyev Vaşinqtonla dialoqu davam etdirməyin vacibliyini vurğulayıb, lakin görüşlərin kimlə keçiriləcəyini açıqlamayıb.
"Əsas odur ki, Rusiyaya hörmətlə yanaşılsın"
ABŞ-a səfəri çərçivəsində Dmitriyev CNN və "Fox News" telekanallarına müsahibə verərək bildirib ki, Moskva və Kiyev ABŞ-ın vasitəçiliyi ilə "sülh razılaşmasına yaxınlaşıb".
Onun sözlərinə görə, "proses Vaşinqtonun düşündüyündən daha sürətlə irəliləyir", lakin amerikalılar "danışıqların dinamikasını tam anlamadıqları üçün" məyus görünürlər.
Putinin elçisi vurğulayıb ki, danışıqlar zamanı Rusiyanın maraqlarına hörmətlə yanaşmaq lazımdır: təhlükəsizlik təminatları, rusdilli əhalinin müdafiəsi, Ukraynanın neytral statusu və ərazi məsələləri Moskva üçün əsas prioritetlərdəndir.
Dmitriyev hesab edir ki, Kiyev artıq daha realist mövqe sərgiləməyə başlayıb və "döyüş xəttinin indiki vəziyyəti əsasında atəşkəsin dondurulması ideyasına" yaxınlaşıb. Onun sözlərinə görə, "Zelenski cəbhə xəttini fakt kimi qəbul etməklə ciddi addım atıb". Rusiya XİN rəhbəri Sergey Lavrov isə daha əvvəl bu formatdakı "dayandırılmış müharibə" variantının Moskvaya uyğun olmadığını bildirib.
Tramp-Putin xəttində "soyuq" fasilə
Dmitriyevin səfəri həm də Donald Trampın Budapeştdə Vladimir Putinlə nəzərdə tutulan görüşünü ləğv etməsindən dərhal sonra baş tutub. Ağ Ev rəhbəri bəyan edib ki, "şərait dialoq üçün yetərli deyil və görüşün nəticə verməyəcəyinə görə" onu təxirə salıb.
Tramp eyni zamanda Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları "tam yerində və zəruri" adlandırıb, lakin əlavə edib: "Putin hesab edir ki, bu sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir göstərməyəcək. Gəlin, altı ay sonra görək, nə olur".
Moskva isə bildirir ki, görüş tam ləğv edilməyib, sadəcə "daha uyğun vaxta" keçirilib. Prezident Putin deyib ki, "dialoq hər zaman qarşıdurmadan daha yaxşıdır" və Rusiya ilə ABŞ arasında "əməkdaşlıq üçün çox sahə" mövcuddur.
Beləliklə, Dmitriyevin səfəri iki böyük güc arasında gərgin, lakin davam edən diplomatik oyunun yeni mərhələsinə çevrilib. Rusiya nümayəndəsi Vaşinqtonun siyasi dairələrində bir daha "Moskvanın mövqeyinə qulaq asılmasını" tələb edir, Tramp administrasiyasının cavabı isə hələlik müəmmalı qalır.