Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
1002
25 Oct 2025 | 14:41

“Ramiz Mehdiyevin və komandasının varidatını dövlət büdcəsinə qaytarıb xalqın problemlərini həll edək və işi bitirək...”

“Artıq bu kampaniya həm xalqı özü-özünün gözündən salır, həmçinin dövlətimizin, ölkəmizin, onun qurumlarının nüfuzuna dünya miqyasında xələl gətirir... Ona görə də məsələni rəsmiləşdirib, konkretləşdirib bitirmək daha məqsədəuyğundur...”
 
-3 CÜMLƏ İLƏ BİR TÖVSİYƏ...-
 
Artıq 12-ci gündür ki, Azərbaycanın rəsmi orqanlarının yox, yalnız mediasının hökmü ilə cəmiyyətin gündəmi Ramiz Mehdiyevin görüntüləri yayılmayan guya həbsi, ev dustağı edilməsi, onun mühüm vəzifələrdə olduğu son 40-50 ildə xalqımız və dövlətimiz əleyhinə gördüyü işlər, deyilən və yazılanlara görə, Kremlin dəstəyi ilə dövlət çevrilişi hazırlaması, onun haram və qanunsuz yollarla əldə etdiyi varidatı, torpaqları, bankları, mülkləri, obyektləri, vəzifələrə, parlament kürsülərinə sahib etdiyi və vəzifədə ikən var gücləri ilə ona yarınan kəslərin indi ona qarşı ikrah doğuran açıqlama və yazıları, Ramiz Mehdiyev haqda, yaxud biri-birindən xoşu gəlməyənlərin bir-birləri barədə bu mövzuda iyrənc yalan, “feyk”-məlumatları, paylaşımları və s. ilə dolub-daşır...
 
Halbuki deyilənlərin məntiqilə ölkənin əsas problem yaradanlarından biri Ramiz Mehdiyev olsa da, Azərbaycanın əsas problemi bir ayağı burda - bir ayağı gorda olan və artıq azı yüksək vəzifələrdə çalışdığı müstəqillik dövrünün 30 ilində öz nəfsinin, əmrində olduqlarının, Kremlin istədiyi işləri gərəyincə yerinə yetirmiş, icra etmiş olduğundan həbsə atılması daldan atılan daşa bənzəyən Ramiz Mehdiyev yox, saysız-hesabsız xarici və daxili müşküllərimizdir; hazırkı ziddiyyətli, hər han dəyişilə bilən mürəkkəb geo-siyasi durumda müxtəlif güc mərkəzlərinin təzyiqləri arasında bir müstəqil dövlət kimi duruş gətirmək, gələn ildən işləyənlərinin vergisi artırılacaq, işləməyənləri tibbi icbari sığortadan məhrum ediləcək, maaş və pensiyalarının artırılması gözlənilməyən, ərzaq, ət qiymətləri, işıqpulu, su pulu, qaz pulu, nəqliyyatda gediş haqqı və s. isə getdikcə yüksələn xalqın güzəranı və s. və i.a.
 
Əgər son 12 günlük açıqlama, müsahibə, məqalə, sosial şəbəkə paylaşımlarından və s. belə anlaşılırsa ki, Ramiz Mehdiyev, onun komandası və kadrları(elə Adnan Əhmədzadə və komandasını da bunların gözünə qatmaq gərəkdir) dövlət büdcəsi, eləcə də korrupsiya, rüşvətxorluq hesabına özlərinə mal, mülk, torpaq və s. almaqla on milyardlarla manatlıq talançılıq ediblər – o halda ən yaxşı çıxış yolu müvafiq qurumların rəsmi bəyanatlarından sonra özü başda olmaqla həmin cinayətlərə bulaşmış bütün kadrları məhkəmə yoluyla həbsə atmaq,  elə məhkəmələrin hökmü ilə də onların bütün qanunsuz varidatını isə təkrar dövlət büdcəsinə qaytararaq Azərbaycan xalqının sadaladığım və sadalamadığım problemlərini həll edərək işi bitirməkdir...
 
P.S. Ramiz Mehdiyev sovet dövründən hesablasaq, 45 il ərzində Moskvanın əmri altında babat və yüksək vəzifələrdə deyilən və deyilməyən işlərlə məşğul olaraq xalqın həm beynini, ideolojisini, düşüncə tərzini zəhərləyib, vətəndaşların qazancını, varidatını əllərindən alıbsa, yüz minlərlə insanın haqsız yerə məhkəmələrdə, həbslərdə süründürməklə insani enerjisini də istismar edibsə, heç olmasa, indi bu müzakirələrlə xalqın olan-qalan enerjisini bitirməsinə, diqqəti əsas problemlərimizdən yayındırmasına imkan verməyək, əvəzində onun və komandasının hesabına problemlərimizi həll edək... 
 
P.P.S. Eyni zamanda artıq bu kampaniya həm xalqı özü-özünün gözündən salır, həmçinin dövlətimizin, ölkəmizin, onun qurumlarının nüfuzuna dünya miqyasında xələl gətirir... Ona görə də məsələni rəsmiləşdirib, konkretləşdirib bitirmək daha məqsədəuyğundur...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər