Bizi sosial şəbəkələrdən izləyin:
“Layihə üzərindəki işlər davam edir və hər iki tərəf arasında əslində dəhlizin istifadəyə verilməsi məsələsi müzakirə olunmaqdadır...”
“Bildiyiniz kimi, avqustda keçirilmiş Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir”. Bu sözləri də İlham Əliyev Astanada söyləyib. Bəs görəsən, Azərbaycan-Ermənistan Yekun Sülh Sazişi imzalanmamış Zəngəzur yolunun açılması mümkün ola bilərmi?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı aşağıdakı mülahizələri dilə gətirib:
“Prezident İlham Əliyev Astanada başqa bir fikir səsləndirib. O, Zəngəzur yolunun 2028-ci ilə qədər açıla biləcəyini vurğulayıb. Bu çox mühüm bir açıqlamadır, çünki bu layihə yalnız Ermənistanla deyil, ümumilikdə Cənubi Qafqaz regionunda iqtisadi əlaqələri gücləndirəcək bir addım olacaq. Lakin Zəngəzur yolunun açılması, sülh müqaviləsinin imzalanmasından əvvəl baş verə bilərmi? Mən düşünürəm ki, hazırda bu məsələnin reallaşması üçün çox sayda diplomatik və siyasi maneələr mövcuddur. Ermənistanla, xüsusilə də bu məsələ ilə bağlı qarşılıqlı etimadın tam bərpa edilməməsi bu cür addımların atılmasını çətinləşdirir. Amma layihə üzərindəki işlər davam edir və hər iki tərəf arasında əslində dəhlizin istifadəyə verilməsi məsələsi müzakirə olunmaqdadır...
İlham Əliyev xüsusən də Zəngəzur yolunun açılması ilə bağlı bəzi perspektivləri gözləyir və layihənin reallaşması üçün mühüm diplomatik addımlar atılmaqdadır. Lakin, təbii ki, bu cür layihələr və tranzit kommunikasiya məsələləri bir çox məqamlardan asılıdır. Bu da o deməkdir ki, TRİPP layihəsinin reallaşması, yalnız sülh müqaviləsinin imzalanmasından sonra deyil, paralel olaraq da baş verə bilər. Sözsüz ki, bu çox mürəkkəb bir prosesdir, amma 2028-ci ilə qədər bu layihənin gerçəkləşməsi, yəni Zəngəzur yolunun açılması mümkündür...”