“Heykəllərlə bağlı haqlı tənqidlər var, heykəltəraşlar tanışlıqla seçilir” - xalq rəssamından ETİRAZ+ÖZƏL
Ekskluziv
1035
24 Oct 2025 | 11:00

“Heykəllərlə bağlı haqlı tənqidlər var, heykəltəraşlar tanışlıqla seçilir” - xalq rəssamından ETİRAZ+ÖZƏL

“Son illərdə hazırlanan heykəllərlə bağlı tənqidlər var. Bu tənqidləri haqlı hesab edirəm. Çox təəssüf ki, bizdə müsabiqə sistemi yoxdur. Bakıda və xaricdə qoyulan heykəllərin heykəltəraşları müsabiqə yolu ilə seçilmir. Bizdə akademiya var, ildə 5-6 heykəltəraş oranı bitirir. Böyük bir ordu heykəltəraş var, amma müsabiqələr keçirilmir. Müsabiqə yolu ilə seçilən heykəltəraşlardan ən yaxşıları ortaya çıxacaq. Bu zaman inkişaf da olacaq, keyfiyyət də. Heykəltəraşlar da tanışlıqla seçilir”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq rəssamı, tanınmış heykəltəraş Hüseyn Haqverdiyev deyib.
 
O daha sonra əlavə edib:
“Yaxşı əsər olanda onsuz da hamı deyir ki, yaxşıdır. Amma əsər əcaib olanda hamı görür. İstər savadlı olsun, istərsə də savadsız. Bəzən savadsızlar savadlılardan da yaxşı hiss edir və görürlər. Biz özümüz də bilirik ki, filan dostumuzun əsəri zəifdir, bərbaddır. Amma onu deməyə utanırıq. Çünki həmin heykəli hazırlayan da bizim dostumuzdur”.
 
Hüseyn Haqverdiyev bildirib ki, bu sahədə xüsusi komissiyanın işinə ehtiyac var:
 
“Bizdə qiymət sistemi də yoxdur. Mən Özbəkistanda da olmuşam, orada sistem var. Qiymət rəsmiləşdirilib sifarişçiyə göndərilir. Bizdə hələ ki, bu yoxdur. Sovet dövründə rəssamla həmişə müqavilə bağlanılırdı, işə baxan komissiya var idi. Nöqsanlar olanda deyirdi ki, filan yerini düzəlt. Komissiya o demək deyil ki, gəlib heykəli sökəcək, rəssamı təhqir edəcək. Xeyr, nöqsanları göstərir, tövsiyyələrini verir. Komissiya olmalıdır və onun səlahiyyətləri də olmalıdır. Bizdə komissiya var, amma səlahiyyəti yoxdur. Adı var, özü yox”.
 
Hüseyn Haqverdiyev müəllimi, xalq rəssamı Tokay Məmmədovu da xatırlayıb:
 
“Tokay Məmmədov Azərbaycan heykəltəraşlığının ən görkəmli nümayəndələrindən biri olub. Çox ciddi, klassik, formanı bilən heykəltəraş idi. Bir heykəltəraşa məxsus bütün keyfiyyətlər onda var idi. Onun heykəlləri gözümüzün qabağındadır. Hər zaman çalışırdı ki, bu sahəyə yenilik gətirsin. Biz nə öyrənmişiksə ondan öyrənmişik” deyə xalq rəssamı deyib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər