“Ruhani və Əhmədinejat  Xameneini hədəf alıb iqtidara gəlməyə çalışırlar...”- Sabiq səfir
Ekskluziv
1834
24 Oct 2025 | 10:57

“Ruhani və Əhmədinejat  Xameneini hədəf alıb iqtidara gəlməyə çalışırlar...”- Sabiq səfir

“Fəqət, siyasi dairələr də, xalq da yaxşı bilir  ki, onların hər biri konkret  dövrlərdə prezident olub, amma  bir çox ağır siyasi və sosial problemləri həll etməyiblər...”
 
Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov İranın mövcud daxili və xarici siyasi durumu barədə Moderator.az-a növbəti açıqlama verib. O, bildirib ki, hazırda beynəlxalq sanksiyalar və ardıcıl müharibə təhdidləri altında olan İranda ağır iqtisadi-sosial durumla yanaşı, yuxarı eşelonda gərginlik də müşahidə olunur: 
 
“Məsələn, keçmiş prezidentlər Həsən Ruhani və Mahmud Əhmədinejad hər ikisi  dolayı olaraq xarici və daxili siyasətdə yaranmış bütün çətinlik və problemlərin əsas səbəbkarı kimi  Ali Dini Rəhbər Əli Xameneini göstərirlər. Onların iddialarına görə, Ali Dini Rəhbər vaxtında Qərblə nüvə sazişini imzalamağa imkan verməyib. Əgər həmin sənəd imzalanmış olsaydı, İsrail və ABŞ-la müharibə baş verməz, ölkəyə qarşı bu qədər sanksiyalar tətbiq edlməz, nəticə vəziyyət fərqli olardı, xalqın iqtisadi-sosial durumu da belə ağırlaşmazdı. Ali Dini Rəhbər də onlara özünəməxsus cavablar verir.” 
 
Həsənov eks-prezidentlərin əsas məqsədinin hakimiyyəti ələ keçirmək olduğunu diqqətə çatdırır:
 
“Həm Ruhani, həm Əhmədinejat ayrı-ayrılıqda  düşünür ki, əgər Xamenei hakimiyyətdən kənarlaşdırılsa, onlar İranın problemlərini həll etmək, vəziyyəti düzəltməyə söz vermək yolu ilə hakimiyyətə gələcək. Fəqət, siyasi dairələr də, xalq da yaxşı bilir  ki, onların hər biri konkret  dövrlərdə prezident olub, amma  bir çox ağır siyasi və sosial problemləri həll etməyiblər. Yəni ən azı, iqtisadi vəziyyət, əhalinin güzəranı yaxşılaşmayıb,  vətəndaşlara qarşı təzyiqlər, yəni insan haqlarının tapdanması halları azalmayıb.” 
 
Diplomat İranın xarici münasibətlərində də gərginliklərin mövcudluğunu vurğulayıb. 
 
“İran İslam Respublikası xüsusilə İsrail və Avropa İttifaqı ilə mübarizələrini davam etdirir. Hazırda Avropa İttifaqı yeni sanksiya paketləri tətbiq etməyə  hazırlaşır, bu da daxili gərginlikləri daha da artıracaq. Və ən əsası, İsrailin baş naziri Benyamin Netanyahu var gücü ilə ABŞ prezidenti Donald Trampı İranın cəzalandırılmasının, yəni bu ölkəyə qarşı yeni savaşı başlatmağın zəruriliyinə inandırmağa çalışır.  Bir sözlə, İranda həm xarici, həm də daxili səviyyədə qarşıdurma və gərginliklər böyüməkdədir”, -deyə sabiq səfir yekunlaşdırıb.
 
Sultan Laçın
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər