“2026-cı ildə Ermənistanla Sülh Sazişinin imzalanması üçün yaxşı şanslar olacaq...”
Ekskluziv
1320
24 Oct 2025 | 09:05

“2026-cı ildə Ermənistanla Sülh Sazişinin imzalanması üçün yaxşı şanslar olacaq...”

“TRİPP layihəsinin reallaşması, yalnız sülh müqaviləsinin imzalanmasından sonra deyil, paralel olaraq da baş verə bilər. Sözsüz ki, bu çox mürəkkəb bir prosesdir, amma...”
 
Artıq prezident İlham Əliyevin Astanadakı çıxışında qeyd etdiyi kimi, Ermənistana Qazaxıstandan daşınacaq taxıl Azərbaycanın ərazisindən keçirilə biləcək. Bununla bağlı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, "artıq sülh bərqərar olub". Ermənistan XİN rəhbəri Ararat Mirzoyan isə son açıqlamalarında, sülh sazişi ilə bağlı danışıqlarda Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi barədə şərt qoyulmadığını bəyan edib. Görəsən, belə bir şəraitdə Azərbaycan-Ermənistan Yekun Sülh Sazişinin imzalanması yaxın müddətdə mümkün ola bilərmi? Həmçinin gerçəklikdə hansı obyektiv və subyektiv amillər Sülh Sazişini ləngidə bilər?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə anlitik Teymur Qasımlı bunları dilə gətirib:
 
“İlk növbədə qeyd edim ki, Ararat Mirzoyan bu açıqlamanı Polşada keçirilmiş təhlükəsizlik sammitində verib. Mən də həmin müsahibəni Almaniyanın "Döyçə Velle" kanalının rus xidmətində izləmişəm. Əslində Mirzoyan öz açıqlamasında bildirir ki, Azərbaycan tərəfi bunu şərt qoymasa da, Konstitusiya dəyişiklikləri müzakirə edilir və Ermənistan bu dəyişiklikləri həyata keçirəcək. Yəqin ki, burada söhbət 8 avqust görüşü ərəfəsində Tramp administrasiyasının  Azərbaycan tərəfinə sözügedən şərti rəsmən irəli sürməmək barədəki tövsiyəsindən gedir. Bununla belə, Ermənistanın Konstitusiya dəyişikliklər barədə referendumu 2026-cı ilin yayındakı parlament seçkilərindən sonra keçirəcəyi gözlənilir.   Mən  iki ölkə arasında qarşılıqlı etimadı gücləndirən addımların artdığını görürəm. Amma hələlik Azərbaycan-Ermənistan Yekun Sülh Sazişinin imzalanmasının yaxın müddətdə baş verəcəyini düşünmürəm.  Bu prosesin çox yavaş və mərhələli şəkildə irəliləyəcəyini zənn edirəm. Çünki hələ həll olunmamış çoxsaylı məsələlər var. Məsələn, sərhəd məsələləri, delimitasiya, demarkasiya və digər texniki və hüquqi məsələlər var... Lakin gələcəkdə, məsələn, ilin sonuna yaxın və ya 2026-cı ildə bu cür müqavilənin imzalanması üçün yaxşı şanslar yaranacaq. Bu, təbii ki, hər iki tərəfin siyasi iradəsinə və beynəlxalq faktorların rolu ilə bağlı olacaq...”
 
“ “Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir”. Bu sözləri də İlham Əliyev Astanada söyləyib. Sizcə, sülh sazişi imzalanmamış Zəngəzur yolunun açılması mümkün olacaqmı?” sualına isə analitik belə cavab verib:
 
“Prezident İlham Əliyev Astanada başqa bir fikir səsləndirib. O, Zəngəzur yolunun 2028-ci ilə qədər açıla biləcəyini vurğulayıb. Bu çox mühüm bir açıqlamadır, çünki bu layihə yalnız Ermənistanla deyil, ümumilikdə Cənubi Qafqaz regionunda iqtisadi əlaqələri gücləndirəcək bir addım olacaq. Lakin Zəngəzur yolunun açılması, sülh müqaviləsinin imzalanmasından əvvəl baş verə bilərmi? Mən düşünürəm ki, hazırda bu məsələnin reallaşması üçün çox sayda diplomatik və siyasi maneələr mövcuddur. Ermənistanla, xüsusilə də bu məsələ ilə bağlı, qarşılıqlı etimadın tam bərpa edilməməsi bu cür addımların atılmasını çətinləşdirir. Amma layihə üzərindəki işlər davam edir və hər iki tərəf arasında əslində dəhlizin istifadəyə verilməsi məsələsi müzakirə olunmaqdadır...
 
İlham Əliyev xüsusən də Zəngəzur yolunun açılması ilə bağlı bəzi perspektivləri gözləyir və layihənin reallaşması üçün mühüm diplomatik addımlar atılmaqdadır. Lakin, təbii ki, bu cür layihələr və tranzit kommunikasiya məsələləri bir çox məqamlardan asılıdır. Bu da o deməkdir ki, TRİPP layihəsinin reallaşması, yalnız sülh müqaviləsinin imzalanmasından sonra deyil, paralel olaraq da baş verə bilər. Sözsüz ki, bu çox mürəkkəb bir prosesdir, amma 2028-ci ilə qədər bu layihənin gerçəkləşməsi, yəni Zəngəzur yolunun açılması mümkündür...”
 
 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər