22 oktyabr 2023-cü il tarixində İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə baş tutan dəyirmi masada sülh gündəliyi müzakirə edilib, qarşılıqlı etimadın formalaşması istiqamətində atılması gərəkən addımlar dəyərləndirilib.
Xatırladaq ki, görüş 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamə və bu Bəyannamədən irəli gələn vəzifələrin icrası üçün etimad mühitinin yaradılması məqsədilə təşkil olunub. Görüşdə Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İsgəndərli, Kamalə Məmmədova, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil edib.
Müharibədən sonra tərəflər arasında gerçəkləşən ilk görüş bir çox baxımdan mühüm əhəmiyyət daşıyır. Görüş 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündən irəli gələn vəzifələrin icrası üçün ictimai sferada əlverişli mühitin formalaşmasına xidmət edir ki, bu, Cənubi Qafqazda sülh ideyasının yayılması, revanşist qüvvələrin təbliğatına qarşı sağlam sülh çağırışlarının ictimai fikirdə dərindən kök salması baxımından olduqca əhəmiyyətlidir. Çünki heç kimə sirr deyil ki, sülhün uzunmüddətli və etibarlı olması xalqlar və cəmiyyətlər tərəfindən sülh ideyasının dəstəklənməsindən, bu ideyanın zəruriliyinin sözün həqiiq mənasında dərk edilməsindən gedir. Bu mənada vətəndaş cəmiyyəti nümayəndələrinin bu kimi görüş və təmaslarının ictimai şüura təsir göstərəcəyi, sülh ideyasının təbliğinə töhfə verəcəyi birmənalıdır.
Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında keçirilən bu görüşdə diqqət çəkən məqamlardan biri də prosesdə Qərb institutlarının iştirak etməməsi, müzakirələrin tərəflər arasında bilavasitə şəkildə gerçəkləşməsidir. Bunun da çox ciddi səbəbləri mövcuddur. Həm işğal dönəmi, həm də post-müharibə dönəmi göstərdi ki, Qərb institutları Cənubi Qafqazda münaqişənin başa çatmasında, gərginliyin ortadan qalxmasında maraqlı deyillər. Onlar problemi aradan qaldırmaqdan daha çox onu daha da mürəkkəbləşdirməyə çalışırlar ki, məqsəd mövcud gərginlikdən istifadə edərək regiona müdaxiə etmək, regionla bağlı öz maraqlaırnı təmin etməkdir. Bu səbəbdən də Bakı və İrəvan siyasi müstəvidə birbaşa razılığa gəldikləri kimi, bundan sonrakı proseslərin də heç bir vasitəçi olmadan həyata keçirilməsində maraqlıdır.
Bundan başqa, yaxın keçmişin təcrübəsi göstərdi ki, bilavasitə təmaslar nəticə etibarı ilə də vasitəçilərlə birlikdə təşkil edilən görüşlərdən effektivdir və daha qısa zamanda nəticə verir.
İrəvanda keçirilən məlum görüşün daha bir önəmi də bu toplantının Ermənistandakı revanşist qüvvələrə ciddi zərbə olmasıdır. İrəvandakı məlum görüş bir daha sübut etdi ki, Ermənistandakı revanşist qüvvələr geniş sosial bazadan, geniş kütlələrin dəstəyindən məhrumdurlar. Onlar Birinci Qarabağ müahribəsinin qatilləri olan keçmiş Ermənistan rəhbərliyinin siyasi sifarişlərini yerinə yetirməklə regionda yeni bir gərinlik yaratmağa çalışsa da, onların bunun üçün gərəkli gücdən məhrum olduğu göz önündədir.
22 oktyabr tarixində İrəvanda keçirilən bu görüş sadəcə sırdan bir təmas deyil. Bu, bir qərinədir ki, müharibə şəraitində yaşayan xalqların müharibənin qaranlığından sülhün işığına doğru addımlamasıdır.
Proseslərin məlum məcrada inkişafı onu deməyə əsas verir ki, Azərbaycan və Ermənistan arasında vətəndaş cəmiyyəti nümayəndələrinin bu görüşü öz müntəzəmliyini artıracaq, bu görüşlər hər iki xalqın fikir və düşüncəsində yeni, işıqlı bir səhifə açacaq.
Seymur ƏLİYEV