“Estoniyanın da NATO üzvü olduğunu unutmamalıyıq və bu mənada belə bir hücum Rusiya üçün çox riskli olardı və bu halda onun üçün ikinci Ukrayna bataqlığı yaranacağı ehtimalı böyükdür. Lakin onu da nəzərdən qaçırmayaq ki, NATO...”
Bəzi xarici, o cümlədən Ukrayna ekspertləri iddia edirlər ki, NATO ölkələri ərazisinə, xüsusilə dron və qırıcı hücumlarından sonra, Avropa ölkələri Rusiyaya qarşı mübarizədə ortaq məxrəcə gələ bilmir. Bunun nəticəsində Putin yaxın illərdə Estoniyaya hücum edə bilər. Hətta bir alman politoloq konkret tarix də göstərib: guya 27 mart 2028-ci ildə ruslar Narva istiqamətindən Estoniyaya hücum edəcək. Digər ekspertlər isə bu hücumun yaxın vaxtda, hətta qarşıdakı 2-3 həftədə baş verə biləcəyini iddia edirlər. Görəsən, belə bir hücum nə dərəcədə real ola bilər və NATO-nun buna reaksiyası necə olar?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə siyasi analitik Teymur Qasımlı bunları dilə gətirib:
“Bu sual bir qədər spekulyativdir, çünki bunu konspirologiya ilə də əlaqələndirmək mümkündür. Tramp hakimiyyətə gəldikdən sonra Putin Avropaya hibrid hücumları intensivləşdirib. Məsələn, Polşaya, ardınca hətta Almaniyanın Münhen hava limanına, Danimarkanın paytaxtına dron hücumları, Estoniyaya qırıcı hücumları və s. kimi qəribə olaylar baş verib. Ola bilər ki, bu, Rusiya ilə ABŞ arasında razılaşdırılmış oyundur. Yəni Rusiya Avropaya, NATO ölkələrinə bu hücumları təşkil edir, ABŞ isə dolayısıyla həmin ölkə rəhbərlərinə çatdırır ki, görürsüz, biz olmasaq, Putin sizi məhv edər. Amma Bayden administrasiyası zamanı belə hadisələr baş vermirdi...
Konkret Estoniyaya hücumlara gəlincə, nəzərə almaq lazımdır ki, həmin Baltikyanı ölkədə rusdilli əhali və rusiyapərst qüvvələr var. Və rusdilli əhaliyə münasibəti bəhanə edən Kreml digər baltikyanı ölkələr kimi, Estoniyaya da qarşı xüsusi kin-nifrət bəsləyir. Ancaq Putin qoşunlarının konkret Estoniyaya, Narva şəhərinə nə vaxt, necə hücuma keçəcəyini proqnozlaşdırmaq çətindir...
Bu yaxınlarda NATO baş katibinin Rusiyanın NATO-ya, ümumiyyətlə, Avropa dövlətlərinə müharibə elan etməsi haqda maraqlı bir bəyanatı oldu... Bilirsiz, bu günədək NATO Koreya savaşında, Əfqanıstanda, İraqda və s. əməliyyatlara ABŞ-ın xeyir-duası və dəstəyi ilə qoşulub. Bununla belə, Estoniyanın da NATO üzvü olduğunu unutmamalıyıq və bu mənada belə bir hücum Rusiya üçün çox riskli olardı və bu halda onun üçün ikinci Ukrayna bataqlığı yaranacağı ehtimalı böyükdür. Lakin onu da nəzərdən qaçırmayaq ki, NATO üzvləri arasında Rusiya ilə münasibətlərə həm də praqmatik yanaşmalar mövcuddur. Hər bir üzv ölkə fərqli maraqlara sahibdir, məsələn, bəzi NATO üzvləri Ukraynaya tam dəstək vermirlər...
Sözsüz ki, Amerikanın başçılığında NATO Estoniyanı müdafiə etmək üçün qüvvə göndərə bilər, lakin bu, dünya siyasətinin mürəkkəbliyi nəzərə alındığında çətin olacaq. Estoniyanın öz mübarizəsi də vacibdir; dövlət və xalq bu cür bir işğala qarşı çıxmalıdır. Hesab edirəm ki, estonlar hər zaman öz torpaqlarını qorumağa hazır olan bir xalqdır...
Alman politoloqunun Estoniyaya hücum barədə nəzər nöqtəsi və proqnozu da maraqlıdır, çünki tarixən Almaniya ilə Estoniya arasında xüsusi əlaqələr və fərqli siyasət olub. Lakin təhlillər göstərir ki, Putin yaxın müddətdə nəinki Estoniyaya, hər hansı digər postsovet, yaxud Avropa ölkəsinə hücum etməyə cəsarət göstərməyəcək. Çünki Rusiya onsuz da Ukraynada xirtdəyəcən bataqlığa batıb...”
Sultan Laçın