“Paşinyanın siyasəti Ermənistanın Müstəqillik Bəyənnaməsində Azərbaycan əleyhinə olan tezislərə qarşıdır...
Ekskluziv
1020
11:01, Bu gün

“Paşinyanın siyasəti Ermənistanın Müstəqillik Bəyənnaməsində Azərbaycan əleyhinə olan tezislərə qarşıdır..."

Elxan Mehdiyev: “Azərbaycan sülh sazişi ilə bağlı Ermənistana çox güzəştə getdi...”
 
Beynəlxalq məsələlər üzrə tədqiqatçı alim Elxan Mehdiyev Moderator.az-a açıqlamasında Azərbaycan-Ermənistan münasibətlərindəki aktual vəziyyəti və  iki ölkə arasında Yekun Sülh Sazişinin imzalanmasının qarşısındakı maneələri müzakirə edərkən baş nazir Nikol Paşinyanın siyasətinin Ermənistanın Müstəqillik Bəyannaməsindəki tezislərə qarşı olduğunu vurğulayıb. O, xüsusilə Paşinyan hökumətinin mövqeyinin Azərbaycan üçün strateji olaraq faydalı olduğunu qeyd edib.
 
Tədqiqatçının fikrincə, Azərbaycanla sülh sazişini pozan amillər ilk növbədə Ermənistan daxilindəki anti-Paşinyan qüvvələrinin fəaliyyətindən asılı ola bilər. Bu qüvvələrin hakimiyyətə gəlməsi, mövcud sülh prosesi və atəşkəsin pozulmasına gətirib çıxara bilər. O, Paşinyan hökumətinin sülh yönlü siyasətinin, xüsusilə də Azərbaycanın maraqları ilə uyğunlaşmasının, münaqişənin həlli üçün daha əlverişli olduğunu söyləyib. Həmsöhbətimiz həmçinin əlavə edib ki, bu gedişat bir çox xarici güclərin də regionda mövqelərini müəyyən edəcək.
 

Siyasətşünas alim Azərbaycanın 2020-ci ildəki Vətən savaşının dünya güclərinin iradələrinə qarşı qələbə ilə nəticələndiyini, ölkənin öz qələbəsini zamanla daha da aydın hiss edəcəyini bildirib. Mehdiyev xüsusilə 2023-cü ilin Sentyabr əməliyyatıyla Azərbaycanın beynəlxalq güclər qarşısında öz iradəsini ortaya qoyduğunu və Ermənistanın da reallığı qəbul etməyə başladığını vurğulayıb. O, Azərbaycanın Qələbəsinin dünya tərəfindən təsdiqlənməsinin vacib olduğunu və bunun gələcək sülh danışıqlarına müsbət təsir göstərəcəyini söyləyib:

“Uzun zaman beynəlxalq güclər Azərbaycanın qalibiyyətini qəbul etməmək yolunu tutaraq vəziyyəti dəyişməyə çalışdılar. Amma Azərbaycan 2020-ci idən sonra 4 il qətiyyətlə müqavimət göstərdi və əzmlə öz işini gördü. 2023-cü ilin Sentyabr əməliyyatı bu qüvvələrə qarşı Azərbaycanın  iradəsinin nümayişi idi və Ermənistanın da reallığı qəbul etməsi nəticədə bu aparıcı gücləri də ofsaytda qoydu. Sonrakı gedişlərdə Azərbaycanın Ermənistanla birbaşa danışıqları və Sülh Sazişi ilə bağlı razılığa gəlməsi Azərbaycanın mövqeyini daha da gücləndirdi və 8 avqust Vaşinqton görüşü heç də Trampın nailiyyəti yox, Azərbaycanın qələbəsi və  Azərbaycan və Ermənistanın vasitəçi olmadan birbaşa danışıqlarının nailiyyəti idi. Azərbaycanın Qələbəsinin dünya birliyi tərəfindən təsdiq edilməsi idi... 

Bu baxımdan qalib ölkə kimi, Azərbaycan sülh təşəbbüslərində də öndə getməlidir və Ermənistanla yaradılacaq və artacaq istənilən əməkdaşlıq sülhə xidmət edən praktik addımlardır və Azərbaycanın maraqlarına tam uyğundur...”

Siyasi tədqiqatçı Azərbaycan tərəfindən Ermənistan qarşısında qoyulan tələblərin sülh sazişinin imzalanması üçün əsas şərtlər olduğunu bildirib. Onun sözlərinə görə, əslində Paşinyan hökuməti faktiki olaraq Ermənistanın Müstəqillik Bəyannaməsindəki Azərbaycan və Türkiyə əleyhinə olan tezislərlə mübarizə aparır və bununla Azərbaycan əleyhinə olan zehniyyətə qarşı çıxır. Həmçinin Mehdiyev Azərbaycan üçün bu tələblərin haqlı olduğunu diqqətə çatdırıb, çünki ölkə hələ də müharibənin nəticələrini yaşayır və çoxsaylı qaçqın problemi mövcuddur...

Elxan Mehdiyev Azərbaycan tərəfindən sülh sazişi üçün Ermənistan qarşısında edilən güzəştləri qeyd edib. O, bununla yanaşı, sülh sazişinin əsas şərtlərinin arasında işğal edilən ərazilərdəki zərərin ödənilməsi və Ermənistanın hərbi cinayətkarları Robert Köçəryan və Serj Sarkisyanın geri verilməsi məsələlərinin olmasının vacibliyini vurğulayıb. "Ədalət olmadığı halda sülh də olmaz", -deyə siyasi tədqiqatçı əlavə edib.

Onun fikrincə, Yekun Sülh Sazişinin imzalanmasının uzanmasının səbəblərindən biri Azərbaycanın  Ermənistanın Konstitusiyasında dəyişikliklər edilməsi barədəki haqlı tələbləridir. Bu dəyişikliklər yeni Konstitusiya qəbul edildikdən sonra mümkün olacağından həmin proses də zaman alacaq. Lakin Mehdiyev bildirib ki, bu müddət ərzində, hər iki tərəf arasında razılaşdırılmış müvəqqəti razılaşmalar həyata keçirildikcə, Konstitusiyadakı məsələlər asanlıqla həll oluna bilər.

Sonuç olaraq, Elxan Mehdiyev Paşinyan hökumətinin mövqeyinin Azərbaycan üçün uyğun olduğunu və regionda sülhün əldə edilməsinin zaman alacağını bildirib. O, həmçinin, sülhün yalnız hər iki tərəfin haqqını tanıyan, ədalətli bir razılaşma ilə mümkün olacağını qeyd edib.

Sultan Laçın

 
Link kopyalandı!
Son xəbərlər