Bizi sosial şəbəkələrdən izləyin:
“Ona görə ki, indiki halda Paşinyan artıq Qərbin maraqlarını tam ödədiyi üçün onu hakimiyyətdən uzaqlaşdırmaq mümkünsüzdür…”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, siyasi şərhçi Sərdar Cəlaloğlu Moderator.az-a verdiyi açıqlamada son dövrlərdə Ermənistanda baş verən ziddiyyətli hadisələri şərh edib. Cəlaloğlu xüsusilə, Türkiyə mənşəli erməni iqtisadçı, Nobel mükafatçısı Daron Acemoğlunun Ermənistanda siyasi fəaliyyətə qatılması, başqa sözlə, işğalçı Rusiya diktatoru Vladimir Putinin həbsdə olan milyarder “desant”ı Samvel Karapetyanın “Bizim yol” hərəkatına qoşulması, onlayn olsa da, həmin hərəkatın ilk hesabat yığıncağında məruzə etməsu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Ermənistandakı iqtisadi inkişafın əsas yolu insan ağlının hesabına olan rasional tərəqqidir. Ermənistanın təbii ehtiyatları məhdud olduğundan, iqtisadiyyat yalnız insan intellekti ilə inkişaf edə bilər. Bu səbəbdən Paşinyan, Acemoğlunu iqtisadi islahatları dəstəkləmək məqsədilə dəvət edərək doğru addım atıb”, – deyə Sərdar Cəlaloğlu qeyd edib.
Lakin Nobel mükafatçısı olan dünya şöhrətli iqtisadçının siyasi fəaliyyətə qatılmasına gəldikdə, ADP sədri bunun hüquqi və siyasi cəhətdən mənasız olduğunu vurğulayıb.
“Acemoğlunun siyasi təşkilatlara qoşulması Ermənistan qanunlarına ziddir. Hərçənd ki, o, siyasi hərəkatlara dəstək verə bilər, amma bu, heç bir ciddi nəticə doğurmaz. Bu hətta Samvel Karapetyanın hərəkatı olsa belə, bir nəfərin ona kənardan dəstək verməsinin heç bir ciddi nəticəsi ola bilməz. Yəni bunun hakimiyyətə təsir etməsi mümkün deyil. Həm də ona görə ki, indiki halda Paşinyan artıq Qərbin maraqlarını tam ödədiyi üçün onu hakimiyyətdən uzaqlaşdırmaq mümkünsüzdür”, – deyə o, fikrini tamamlayıb.