“Ağdamın məşhur “Çay evi” rəhmətlik akademik Xudu Məmmədovun təşəbbüsü və Sadıq Murtuzayevin biləvasitə rəhbərliyi ilə tikilmişdi. Həmin çay evinin ideyasını Yaponiyadan gətirmişdilər. Onun fasadının vurulması ilə bağlı çox çətinliklər var idi. Bizim dəmirçilər onun öhdəsindən gəldilər. 3 mərtəbəli unikal bir bina idi. Mən sizə deyim ki, Ağdam az-çox dinimizi yaşadan bir bölgə olub. Sovet dönəmində bütün o qadağalara baxmayaraq məscid fəaliyyətini dayandırmayıb. Aşura və digər dini mərasimlər üçün ətraf rayonlardan hamı Ağdama gəlirdi. “Çay evi”-nin məscidin yaxınlığında tikilməsinin əsas səbəbi də o idi ki, həmin insanlar gedib orada istirahət etsinlər, çay içsinlər”
Bunu Moderator.az-a açıqlamasında 1995-2000-ci illərdə Milli Məclisinin deputatı olmuş, əslən ağdamlı Çimnaz Əliyeva deyib. O daha sonra “Çay evi”-nin yenidən tikiləcəyini bildirib:
“Bilirsiniz ki, həmin “Çay evi” yenidən Ağdamın Quzanlı qəsəbəsində tikildi. Ancaq bilirəm ki, məşhur “Çay evi” də Ağdam şəhərində bərpa olunacağı nəzərdə tutulub. Bununla bağlı artıq layihələndirmə və dizayn işlərinə də başlanılıb” deyə o bildirib.
Qeyd edək ki, ötən il Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorunun müavini Səbuhi Abdullayev açıqlamasında Ağdam “Çay evi”-nin olduğu kimi bərpa olunaraq istifadəyə veriləcəyini bildirərək, dizayn və layihələndirmə işlərinin davam etdirildiyini deyib.