Ekskluziv
589
21 Oct 2025 | 20:20

"ABŞ totalitar bir cəmiyyət deyil ki, orada prezident ağlına gələni etsin..."

"Əslinə baxsan, Tramp imrovizatordur. O görəcəyi işi əvvəlcədən demir. Əvvəlcə ona gərək olmayan bir ideyanı səsləndirir, lazım olan ideyanı isə onun arxasınca həyata keçirir..."
 
"Trampın xüsusən ikinci prezidentlik dövründəki ilk baxışdan həddindən artıq məntiqsiz, tez-tez hədəfləri dəyişən və xaotik görünən siyasəti haqda fikirlərinizi bilmək maraqlı olardı. Düzdü, son günlər atəşkəs yenə də pozulsa da, hazırkı ABŞ liderinin Qəzza ilə bağlı Sülh sazişinə nail olmasını hələlik  siyasi uğur hesab etmək olar. Fəqət Rusiyanın Ukraynaya təcavüzü probleminə gəlincə... Bəzən siyasi təhlildən uzaq adi müçahidəçidə belə təəssürat yaranır ki, doğrudan da bəzi mənbələrin bildirdiyi kimi, hazırkı ABŞ lideri keçmiş “KQB” dövründən ələ alınıb və hazırda Putinin təlimatlarına uyğun hərəkət edir. Ukraynada savaşın ədalətli şəkildə dayandırılması üçün real bir iş görmür və sadəcə baş qatır, Rusiyanın xeyrinə vaxt uzadır. Yəni belə düşünüsək, belə çıxar ki, Tramp elə Zəngəzur dəhlizi məsələsini də sonda Rusiyanın xeyrinə həll edəcək... Bu mövzuda nə düşünürsüz?"
 
Bu sualla müraciət etdiyimiz ADP sədri, siyasi şərhçi Sərdar Cəlaloğlu cavabında aşağıdakı fikirləri ifadə edib:
 
"Əvvəla, Trampın guya “KQB” agenti olması haqdakı söz-söhbətlərin hamısı yanlış məlumat və mühakimələrdir... 
 
İkincisi də, Birləşmiş Ştatlar dövləti şəxslərlə idarə olunmur.  Amerikanın bir çox siyasi institutları var ki, prezidentlər üçün siyasi istiqamətləri onlar müəyyən edir. 
 
Üçüncüsü, əslinə baxsan, Tramp imrovizatordur. O görəcəyi işi əvvəlcədən demir. Əvvəlcə ona gərək olmayan bir ideyanı səsləndirir, lazım olan ideyanı isə onun arxasınca həyata keçirir. Məsələn, əvvəlcə hamıya elə gəldi ki, ABŞ prezidenti Ağ Evdən Zelenskini qovdu, deməli, Ukrayna liderini bəyənmir, Putini çox istəyir. Belə nəticəyə gəlindi ki, artıq Ukrayna münaqişəsi Rusiyanın xeyrinə həll olunacaq.  Amma sonra gördük ki, az qala, Ukraynanın əvəzinə, Amerika Rusiya ilə vuruşur. Yəni Trampın metodu bundan ibarətdir. Əvvəlcə nəyisə əldə etmək üçün rəqibini şirəyə çəkməyə çalışır, ona xoşluqla, “bişim-bişim”lə yanaşır. Əgər bu yolla nəsə əldə edə bilmirsə, o halda öz dişini göstərir. Heç təsadüfi deyil ki, o dedi ki, əgər Rusiya mənim dediyimi eləməsə, bu onun üçün çox baha başa gələcək... Bir sözlə düşünmürəm ki, Tramp bəzilərinin ehtimal etdiyi kimi, sadəlöhvdür və yalnız öz başının ağlı ilə hərəkət edir... 
 
 Trampın guya “KQB agenti olması haqdakı mülahizələrə bir də qayıtsaq, Amerika kimi bir dövlətin başına Rusiya agenti gəlsə belə, bu dövlətin bütün institutları Moskvaya satılmayanadək həmin prezident heç bir xəyanətkar iş görə bilməz. Ən yaxşı halda impiçment yoluyla hakimiyyətdən gedər. Ona görə də Trampın Amerika siyasətində yeganə rol oynadığını düşünmək də yanlışdır. Birləşmiş Ştatlar totalitar bir cəmiyyət deyil ki, orada prezident ağlına gələni etsin. Orada Senat var, Konqres var, məhkəmələr var. Hakimiyyətdə olduğu 10 aya yaxın müddətdə Tramp prezident kimi neçə qərar verib, bəzilərini Senat və Konqres, bir çoxunu isə Ali Məhkəmə ləğv edib. Ona görə də bu gün Tramp nə istəsə, deyə bilər, amma onları özbaşına həyata keçirə bilməz. Onun dediklərinin qanun halına gəlib həyata keçməsi üçün  Konqresin, Senatın və Ali Məhkəmənin bilavasitə razılığı gərəkdir. Hətta bəzi məsələlərdə Pentaqon prezidentin göstərişlərini icra etməyə bilər. Məsələn, Trampın ilk prezidentliyi dövründə Suriyadan qoşun çıxarmaq qərarını versə də,  Pentaqon bunun  Amerika maraqların uyğun olmadığını bildirdi və bu günədək hələ də qoşunlar orada qalır.
 
Odur ki, Trampın çıxışlarına o qədər də diqqət kəsilmək lazım deyil. Əsas o çıxışlardan sonra gələn nəticə və əməli izləmək gərəkdir. Və unutmayaq ki, Amerikanın xarici siyasətinin yüzillik prinsipləri var. Onlar 1915-ci ildə o vaxtkı prezident Vidro Vilson tərəfindən müəyyən edilib. Və bütün ABŞ prezidentləri həmin prinsipləri, proqramı həyata keçirirlər..."
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər