Məlum olduğu kimi, Prezident İlham Əliyev Astanada keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında iştirak edib.
Maraqlıdır, son vaxtlar türk dövlətləri arasında artan qarşılıqlı səfərlər, verilən bəyanatlar və görülən işlər türk dünyasının birliyinə nə vəd edir?
Moderator.az-a açıqlama verən ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov baş verənlərin türk dünyasının gələcəyi və təhlükəsizliyi baxımındna mühüm önəm kəsb etdiyini bildirib:
“Azərbaycan və Qazaxıstan türk dünyasının ən önəmli dövlətləri kimi digər türk dövlətlərinə də örnək münasibətlər nümayiş etdirirlər. Qarşılıqlı münasibətlərdəki səmimiyyət türk irsinin əsl ənənələrinə uyğundur. Türk dünyası bu kimi münasibətlər sayəsində daha da böyük olacaq.
TDT-nin təşkilat kimi daha da irəli mərhələlərə çatması üçün Azərbaycan və Qazaxıstanın önəmi daha böyükdür. Hər iki ölkə Orta Dəhlizin vacib halqası kimi strateji əhəmiyyət kəsb edir. Nəqliyyat marşrutunun infrastruktur obyektlərinin yaradılması və inkişaf etdirilməsi bütün türk dünyasının maraq çərçivəsində olduğu üçün Azərbaycan və Qazaxıstan bu istiqamətdə vacib layihələr həyata keçirirlər. Çünki bu, tək iki ölkəyə yox, bütün türk dünyasına xidmət edəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin səyləri bu istiqamətdə xüsusi vurğulanmalıdır. Türk dünyası ailəsi ideyasının müəllifi kimi Azərbaycan Prezidenti bütün səylərini bu istiqamətə yönəldib. Çünki bizim səmimi şəkildə TDT-dan başqa dayaq yerimiz yoxdur. Hesab edirəm ki, Azərbaycan və Qazaxıstan dövlətlərinin rəhbərləri buna görə bütün səylərini artırırlar”.
Seymur ƏLİYEV