"Həyatın mənası yaşla birgə formalaşır: gənclikdə axtarılır, ortada qurulur, qocalıqda paylaşılır..."
Məna nədir? Bu əbədi sual tarix boyu bəşəriyyəti düşündürüb. İndi isə alimlər buna elmi cavab təqdim edir: məna donmuş, dəyişməz anlayış deyil, insanla birlikdə dəyişən, həyat boyu transformasiya olunan canlı bir prosesdir.
Moderator.az xəbər verir ki, bu barədə "poisknews.ru" nəşri yazıb.
Rusiya Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbi alimlərinin apardığı yeni tədqiqat ilk dəfə açıq şəkildə göstərib ki, 20, 40, 60 və daha yuxarı yaşlarda insanlar "mənanı" tamamilə fərqli şəkildə dərk edirlər.
Unikal eksperiment çərçivəsində 18-dən 78 yaşadək iştirakçılardan "məna" sözünün onlarda hansı assosiasiyalar yaratdığını soruşublar. Cavablar təhlil edildikdə məlum olub ki, bu anlayışın məzmunu həyatın müxtəlif dövrlərində bir neçə aydın mərhələdən keçərək ciddi şəkildə dəyişir.
20 yaş - mənanın özü hələ yoldadır
Gənclik dövründə, təxminən 18-dən 30 yaşların əvvəllərinə qədər "mən nə üçün yaşayıram?" sualı cavabdan çox bir kompas kimidir. İnsan bu dövrdə mənanı tapmır, onu qurur. Mərkəzdə "məqsəd", "axtarış", "potensial", "mümkün həyat" dayanır. Gənclər üçün sevgi, dostluq, azadlıq, səyahət, kəşf etmək hissi mənanın özüdür. Maraqlıdır ki, bu yaşda iş məna ilə yox, vasitə ilə - pul qazanmaq, təcrübə toplamaq, daha maraqlı həyata keçid üçün "tramplin"lə əlaqələndirilir.
Bu mərhələ psixoloqların sözləri ilə desək, potensialın mərhələsidir - insan özünü sınağa çəkir: "Mən kiməm? Hara gedə bilərəm? Mənim üçün nə dəyərlidir?"
40 yaş - mənanın adı artıq məsuliyyətdir
Orta yaşa - təxminən 34-47 aralığına daxil olanda mənanın coğrafiyası dəyişir. O artıq uzaq gələcəkdə deyil, bu gün yaşanır. "Bir gün" yox, "indi"yə keçir. Gənclikdə ideal kimi səslənən "ailə" indi konkret insanlara - uşaqlara, həyat yoldaşına, yaşlanan valideynlərə çevrilir. İnsanın öz rolu daha aydınlaşır: "Artıq mən yalnız özüm üçün yaşamıram".
Bu mərhələdə iş sadəcə maaş mənbəyi yox, özünü təsdiq formasıdır. Uğurlu olmaq, faydalı olmaq, "öz yerində olmaq" - bunlar artıq mənanın mərkəzinə keçir. Həyat daha az romantik, lakin daha dərin olur. Çünki ideal yox, məsuliyyət artıq mənanın adıdır.
60 yaş - mənanın ölçüsü fayda ilə dəyişir
48 yaşdan sonra mənanın semantikası dəyişməyə başlayır. Artıq "mənim həyatımın mənası nədir?" sualı tədricən "mənim etdiklərimin mənası nədir?" sualına çevrilir. Bu, şəxsi axtarışdan dünyanı anlamağa və öz təcrübəsini ötürməyə keçid mərhələsidir.
60 yaşdan yuxarı isə ən güclü motiv "fayda vermək" olur. Mənalı həyat - kiməsə xeyir verən, bir iz buraxan həyatdır. Burada mənanın spektri daha sakit, lakin daha müdrikdir: "Yaşamaq üçün yox, faydalı olmaq üçün yaşamaq".
Psixoloqlar bu mərhələni transsendent mərhələ adlandırır - insan mənanı artıq yalnız öz həyatında yox, özündən sonra gələcəkdə görür: nəslin davamında, verdiyi məsləhətlərdə, yaratdığı dəyərlərdə.
Bu tədqiqat göstərir ki, biz mənanı itirmirik, onu sadəcə dəyişirik. 20 yaşda yön göstərən ulduz olan şey, 40-da dayaq sütununa, 60-da isə mayaka çevrilir. Deməli, "mən hələ cavab tapmamışam" deyən hər kəs əslində doğru yoldadır, çünki mənanın özü də bizimlə birlikdə böyüyür.