“Acemoğlu və ABŞ-da fəaliyyət göstərən bir çox ictimai xadimlərin İrəvandakı Rusiya agentura şəbəkəsini açıq şəkildə dəstəkləməsinin başlıca səbəblərindən biri də Ermənistanın ictimai dinamiklərini ələ keçirmək və ya Rusiyadan təhvil almaq cəhdindən qaynaqlana bilər…”
Ermənistanda da son vaxtlar maraqlı və ziddiyyətli olaylar baş verir. Bu günlərdə dünya şöhrətli Türkiyəli erməni mənşəli iqtisadçı, Nobel mükafatçısı Daron Acemoğlunun guya Putinin həbsdə olan milyarder “desant”ı Samvel Karapetyanın son günlər kütləvi mitinqləri ilə fəallaşmış “Bizim yol” hərəkatına qoşulması, onlayn olsa da, həmin hərəkatın ilk hesabat yığıncağında məruzə etməsi haqda məlumatlar yayıldı. Halbuki Acemoğlunu 2018-ci ildə hakimiyyətə gəldikdən az sonra Nikol Paşinyan Ermənistan iqtisadiyyatını dirçəlməsinə dəstək verməsi məqsədi ilə ölkəyə dəvət etmişdi. Hətta bəzi məlumatlara görə, o bir müddət baş nazirin iqtisadi müşaviri də olmuşdu. Görəsən, nə baş verir? Yəni necə olur ki, "demokratiya ocağı" adlanan ABŞ-dan gələn respublikaçı vəkil Robert Amsterdam totalitar Rusiyanın Ermənistandakı agentlərini müdafiə etdiyi kimi, Paşinyanın özünün dəvət etdiyi demokratik düşüncəli sayılan Acemoğlu da rusiyapərəstlərin düşərgəsi ilə əməkdaşlıq edir?..
Siyasi şərhçi Heydər Oğuz mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bildirib ki, erməni iqtisadçısı Daron Acemoğlunun Paşinyan hakimiyyəti ilə yaxın əlaqələri barədə iddialar əsaslı dəlillərə söykənmir:
“Düzdür, Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə Daron Acemoğluna Ermənistan iqtisadiyyatını yenidən qurmaq barədə təkliflər verib. Acemoğlunun da bu təklifə müsbət cavab verdiyini də iddialar arasındadır. Lakin bu qarşılıqlı razılaşmanın reallaşdığına dair hər hansı məlumat yoxdur. Əksinə, erməni mediasının yazdığına görə, Acemoğlu hökumətə yardım etmə qarşılığında İrəvandan 300 min dollar qonorar istəyib. Paşinyan hökuməti isə sponsorluq məsələsini həll etməyi hazırda Bakı türməsində yatan Ruben Vardanyana tapşırıb. Rubenin Paşinyan hökumətinin nəfinə bu “xeyriyyəçiliyi” nə qədər həyata keçirib-keçirmədiyini müəyyənləşdirməyi sizin öhdənizə buraxıram. Amma fakt budur ki, Acemoğlu bu təklifdən sonra media orqanlarına verdiyi müsahibəsində Ermənistan iqtisadiyyatının dərin problemləri olduğunu, bunun üçün ilk növbədə ölkədə korrupsiya və rüşvətxorluğun ortadan qaldırılmasının vacibliyini bildirib. Bununla da sanki Ermənistanı iqtisadi cəhətdən dirçəltməyin onun bacaracağı iş olmadığına eyham vurub…
İkincisi, dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin arasındakı münasibətlər biz düşündüyümüz qədər geopolitik bölünmələrə məruz qalmayıb. Əksinə, imperialist qüvvələrin erməni məsələsini qızışdırdığı ilk gündən indiyədək öz ətraflarındakı ermənilərdən digər ölkələrdə yaşayan soydaşlarına təsir riçaqları kimi istifadə ediblər. Bu səbəbdən də erməni diasporlarının bir-biri ilə yaxın təmas qurmasında maraqlı olublar. ABŞ da, Fransa da, Rusiya da erməni siyasətində məhz bu amildən faydalanıblar. Çünki ermənilər tarix boyu heç bir yerdə kompakt halda yaşamayıblar və onların təşkilatlanması da heç bir dövlət üçün təhdid kimi qavranılmayıb. Əksinə, onların bir çox milli xüsusiyyətlərindən casusluq fəaliyyətlərində bacardıqları qədər istifadə etməyə çalışıblar. Ermənilərin casusluğa yarayan başlıca xüsusiyyətləri boylarını aşan iddia və arzularıdır. Təsəvvür edin ki, Ermənistanda 2 milyondan bir qədər çox erməni yaşamasına baxmayaraq, Aralıq dənizindən Xəzərə və geniş ərazidə dövlət qurmaq arzusundadırlar. Vaxtilə fransızlar, ingilislər və amerikan imperialistləri tərəfindən şovinizm xəstəliyinə yoluxan bu millət rahatlıqla casusluq fəaliyyətinə cəlb oluna, guya öz milli dövlətlərini qurmaq uğrunda istənilən təxribata gedə bilirlər. Elə bu səbəbdən də 1915-ci ildə onlara vəd edilən əraziləri türk, kürd və digər müsəlman əhalidən təmizləmək üçün girişdikləri qanlı iğtişaşlar böyük fiasko ilə nəticələndi. Nə yazıq ki, bu mənasız ehtiraslarından hələ də xilas olmayıblar…
Ermənilərin casusluğa yarayan digər xüsusiyyətləri isə dilləridir. Məşhur sovet agenti sayılan və dünyanın müxtəlif ölkələrində casusluqla məşğul olan Gevork Vartanyan öz fəaliyyətində erməni dilindən faydalandığını etiraf edərək demişdi: “Mən 6 xarici dil bilirəm və öz fəaliyyətimdə bu dillərdən istifadə etmişəm. Amma mənim üçün “qızıl açar” xarakterində olan erməni diliydi”. Bununla da Vartanyan xarici ölkələrdəki fəaliyyətini əsasən ermənilərlə qurduğunu etiraf edirdi. Eyni şəkildə, Osmanlı dövlətinin parçalanmasında və zəiflədilməsində önəmli rol oynayan çox sayda erməni casusları da olub”.
Analitikin fikrincə, Acemoğlu və ABŞ-da fəaliyyət göstərən bir çox ictimai xadimlərin İrəvandakı Rusiya agentura şəbəkəsini açıq şəkildə dəstəkləməsinin başlıca səbəblərindən biri də Ermənistanın ictimai dinamiklərini ələ keçirmək və ya Rusiyadan təhvil almaq cəhdindən qaynaqlana bilər:
“Bilirsiniz ki, social psixologiyada toplumların iç dinamikləri deyilən bir anlayış var. Bu anlayışa görə, toplumları onların iç dinamikləri formalaşdırır və istənilən cəmiyyəti ələ keçirmək üçün bu dinamiklər üzərində hakimiyyət qurmaq tələb olunur. Ermənistanın iç dinamiklərini bu cür sıralamaq mümkündür: dini amil, iqtisadi imkanlar, təhlükəsizlik qarantiyaları, mənəvi-əxlaqi dəyərlər və s. Ukrayna savaşı çıxandan sonra Cənubi Qafqazda mövqeləri zəifləyən Rusiyanın boşaltdığı bu sahəni ABŞ doldurmaq istəyir. Torplumların siyasi təsirlənmə riçaqlarının təhvil alınması dediyimiz bu transformasiya iki yolla aparıla bilər: ya Rusiyanın təsir dairəsinə daxil olan bütün dinamikləri məhv etmək, ya da onların orientasiyasını dəyişdirərək özünə bağlamaq. Toplumların bir çox dəyərlərini dəyişdirmək asan olmadığından bütün imperialist qüvvələr əsasən ikinci yolu seçirlər. Bu mənada İrəvanda Eçmiədzin kilsəsinin nüfuzdan salınaraq, mərkəzi Livanda yerləşən Kilikiya kilsəsinin təsir gücünün artırılması da, Daron Acemoğlunun siyasi proseslərə cəlb olunması da təsadüfi deyil. Məqsəd Ermənistanda ciddi təsir gücünə malik olan dinamikləri ABŞ-ın tərəfinə çəkmək və stabilliyi qorumaqdır.
Bir başqa önəmli səbəb isə ABŞ-ın özünün də geo-siyasi oriyentasiyasını dəyişməsidir. Məlumdur ki, ABŞ-da Trampa qədərki hakimiyyətlər Demokratlar Partiyasının nümayəndələri idilər. Paşinyan da ideoloji təmayül baxımından qlobalist cizgini müdafiə edən bu hökumətlərin zamanında hakimiyyətə gəlmişdi və onlara bağlıdır. Tramp isə bu cür hakimiyyətlərə çox bel bağlamır, onların əvəzinə hətta Rusiya ilə əməkdaşlığa üstünlük verir. ABŞ prezidenti Paşinyana da çox güvənə bilməz və onu nəzarətdə saxlamaq üçün alternativlər yaratmalıdır. Fikrimcə, ABŞ-ın ermənipərəst nümayəndələrinin Rusiyaya bağlı dinamikləri dəstəkləməsinin altında yatan gizlinlərdən biri də budur”, -deyə Heydər Oğuz yekunlaşdırıb.
Sultan Laçın