Ekskluziv
377
14:40, Bu gün

"Rusiya ordusu artıq zəifləyib və Putin döyüş meydanında üstünlük qazana bilmir" - Zelenski

 
"Sülh yalnız güclə əldə ediləcək - ya diplomatik təzyiq gücü ilə, ya da real hərbi dirənişlə..."
 
Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Rusiya ordusu artıq zəifləyib və Vladimir Putin döyüş meydanında üstünlük qazana bilmir. 
 
Moderator.az xəbər verir ki, bu barədə o, "NBC News" nəşrinə müsahibəsində bəyan edib.
 
Onun sözlərinə görə, Kremlin yeganə üstünlüyü havadan zərbələri artırmaqdır, çünki quru əməliyyatlarında irəliləyə bilmirlər. Zelenski iddia edir ki, Rusiya cəmi 1fa ərazi üçün 1,3 milyon itki verib və bu, "torpaq üçün həddən artıq baha qiymətdir". Buna baxmayaraq, Moskva müharibəni dayandırmaq niyyətində deyil və Şimali Koreya, İran və Çin kimi tərəfdaşlardan silah dəstəyi alır.
 
ABŞ prezidenti Donald Trampın ikinci dəfə hakimiyyətə qayıtması isə Ukraynada vəziyyəti daha da gərginləşdirib. Rusiyanın hücumları artıb, lakin Zelenski bunu Trampın zəifliyi ilə yox, Moskvanın öz istehsalını artırması ilə əlaqələndirir. Buna baxmayaraq, Kiyev Trampdan daha sərt mövqe gözləyir: "Putin HƏMAS-dan daha təhlükəlidir. Buna görə də təzyiq daha böyük olmalıdır".
 
"Donbasdan geri çəkilmək yoxdur"
 
"Bloomberg"-in məlumatına görə, Zelenski müharibənin dayandırılması üçün cəbhə xəttində mövcud vəziyyətin "dondurulması" ssenarisini müzakirəyə hazırdır. Lakin bir şərtlə - əlavə ərazi güzəşti olmayacaq. Rusiya bütün Donbası tələb edir, hətta bəzi mənbələr Putinin Zaporojye və Xersonun bir hissəsini güzəştə gedib Donbası tam almağa hazır olduğunu bildirir. 
 
Lakin Zelenski qətiyyətlidir: "Əgər indi pis bir qərarı qəbul etsək, sonra bütün başqa məsələləri də bizim əvəzimizə həll edəcəklər. Biz "boşqabdakı yeməyi" udsaq, növbəti dəfə bizsiz qərar verəcəklər". Zelenski həmçinin bildirib ki, əgər Tramp və Putin Budapeştdə görüşəcəklərsə, o da həmin görüşə qatılmağa hazırdır. Onun fikrincə, Ukraynanın iştirakı olmadan heç bir saziş legitim ola bilməz.
 
Ukrayna həm müqavimət göstərir, həm də uzunmüddətli müdafiə qurur
 
Sülh danışıqları müzakirə olunsa da, Kiyev eyni anda ordunu gücləndirir. Zelenski açıqlayıb ki, Ukrayna ABŞ-la 25 ədəd "Patriot" hava hücumundan müdafiə sistemi üçün uzunmüddətli müqavilə hazırlayır. Sistemlər mərhələli şəkildə hər il təhvil veriləcək, bəziləri Avropadakı ABŞ arsenallarından alınacaq.
 
Bundan əlavə, PURL adlı beynəlxalq proqram çərçivəsində ABŞ silahlarının alışı genişləndirilir. Zelenski bildirir ki, Ukrayna ordusu uzaqmənzilli zərbə qabiliyyətini artırıb və demək olar ki, "hər iki gündə bir" Rusiya neft obyektlərinə zərbələr endirilir.
 
Eyni zamanda, Kiyevdə hərbi vəziyyət və ümumi səfərbərlik rejiminin 2026-cı ilin fevralına qədər uzadılması üçün parlamentə 17-ci dəfə qanun layihəsi təqdim edilib. Bu, onu göstərir ki, Ukrayna həm diplomatik masaya hazırlaşır, həm də yeni eskalasiya ehtimalını nəzərə alır.
 
Zelenski ilk dəfədir ki, açıq şəkildə "müharibənin mümkün sonu"ndan danışır, lakin bu son nə təslimçilik, nə də kapitulyasiya yolu ilə olmayacaq. O, iki paralel kurs aparır: Tramp və Putinlə danışıqlara hazır olmaq, eyni zamanda ordunu gücləndirib savaşdan əl çəkməmək. Bu isə onu göstərir ki, sülh yalnız güclə əldə ediləcək - ya diplomatik təzyiq gücü ilə, ya da real hərbi dirənişlə.
Link kopyalandı!
Son xəbərlər