Ekskluziv
556
15:55, Bu gün

"Qəzza üçün beynəlxalq missiya: Misir rəhbərlik edəcək, Azərbaycan qoşun göndərməyə hazırdır" - İsrail mətbuatı

 
"Azərbaycan ilk dəfə qlobal sülhməramlı missiyada Yaxın Şərqə daxil olur..."
 
Qəzza münaqişəsindən sonra bölgənin gələcək təhlükəsizliyi üçün yeni beynəlxalq arxitektura formalaşır.
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, ABŞ və Avropa dövlətləri BMT Təhlükəsizlik Şurasına xüsusi qətnamə təqdim edib - sənəd Qəzzada təhlükəsizliyi təmin edəcək beynəlxalq sabitləşdirici qüvvələrinə geniş səlahiyyətlər verilməsini nəzərdə tutur. Əsas namizəd isə artıq bəllidir: missiyaya Misir rəhbərlik edəcək.
 
BMT mandatı, amma “mavi dəbilqəsiz"
 
Vaşinqton israr edir ki, bu qüvvələr rəsmi olaraq "BMT sülhməramlıları" adlandırılmasın - onlar daha çox Haitidə olduğu kimi silahlı qruplaşmalarla mübarizə aparan mandatla fəaliyyət göstərəcək. Missiyanın əsas iştirakçıları arasında Türkiyə, İndoneziya və Azərbaycan göstərilir. Britaniya və ABŞ isə birbaşa qoşun göndərməyəcək, lakin Trampın "20 bəndlik planı"nın ikinci mərhələsi üzərində İsraildə yaradılmış birgə qərargahda məsləhətçi heyəti ilə iştirak edir. Hazırda orada təxminən 200 hərbçi çalışır.
 
Azərbaycanın rolu ilk dəfə açıq şəkildə təsdiq edilib
 
"The Times of Israel" mənbələrinin məlumatına görə, Azərbaycan Qəzzaya sabitləşdirici qüvvələri göndərməyə razılıq verib. Bu, rəsmi Bakının Yaxın Şərqdə ilk belə genişmiqyaslı sülh missiyası olacaq. İndoneziya artıq 20 min əsgər göndərməyə hazır olduğunu elan edib. Pakistan da ehtimal olunan iştirakçılar sırasındadır. Buna qarşılıq olaraq Misir və İordaniya ehtiyatla yanaşır, çünki onların qoşunları bölgədə "İsrailin maraqlarını qoruyan qüvvə" kimi qəbul edilə bilər.
 
Ən çətin mərhələ: HƏMAS necə silahsızlaşdırılacaq?
 
Əsas problem HƏMAS-ın tərksilah edilməsidir. London Şimali İrlandiya modelini, yəni silahların üçüncü tərəfin nəzarəti altında mərhələli şəkildə təhvil verilməsini təklif edir. Ssenari belə görünür: Əvvəlcə ağır silahlar və raket qurğuları təhvil alınacaq, daha sonra fərdə məxsus silahlar və yeraltı şəbəkələr məsələsi müzakirə ediləcək. HƏMAS yalnız fələstinli struktura təslim etməyə razı ola bilər, İsrailin nəzarətini qəbul etməyəcək.
 
Trampın Blerlə birlikdə "Sülh Şurası" 
 
Hərbi missiya ilə paralel olaraq "Trampın Sülh Şurası" adlı yeni siyasi format da yaradılır. Onun həmsədrləri kimi ABŞ prezidenti Donald Tramp və Böyük Britaniyanın sabiq baş naziri Toni Blerin adı çəkilir. Şura noyabrda Qahirədə keçiriləcək bərpa konfransında rəsmiləşdiriləcək. BMT hesab edir ki, Qəzzanın tam bərpası üçün təxminən 70 milyard dollar tələb olunacaq və bu vəsait təkcə dövlətlərdən deyil, özəl investorlardan da cəlb ediləcək.
 
Qəzza üçün formalaşan bu yeni model - Misirin rəhbərlik etdiyi, Azərbaycan və İndoneziyanın qoşun verdiyi, Tramp və Blerin siyasi çətiri altında qurulan təhlükəsizlik arxitekturası Yaxın Şərqdə uzun illərdən sonra ilk dəfə unikal beynəlxalq təcrübə ola bilər. Amma həlledici sual hələ də qalır: HƏMAS silahı yerə qoyacaqmı və İsrail bu prosesə nə qədər güvənəcək?..
Link kopyalandı!
Son xəbərlər