“ABŞ Zəngəzur yoluna görə Rusiya ilə müharibə də edə bilər...”
Ekskluziv
1371
08:45, Bu gün

“ABŞ Zəngəzur yoluna görə Rusiya ilə müharibə də edə bilər...”

“Ermənistandakı siyasi və iqtisadi proseslərin hamısı “Tramp yolu” adlanan Zəngəzur yolunun mövcudluğuna uyğunlaşdırılacaqdır. Bu da o deməkdir ki, rusiyapərəst qüvvələrin orada hakimiyyətə gəlmək şansı yoxdur...”
 
Bu günlərdə erməni mediasına müsahibəsində rusiyalı politoloq Mixail Aleksandrov deyib ki, “Tramp marşrutu” layihəsinin həyata keçirilməsi Ermənistan daxilindəki siyasi proseslərdən asılı olacaq". Yəni onun sözlərindən belə çıxır ki, əgər gələnilki seçkilərdə radikal revanşist qüvvələr tərəfindən Paşinyan məğlub edilərsə və hakimiyyətə Köçəryanın, Samvel Karapetyanın nəzarət etdiyi qüvvələr gələrsə, o zaman Zəngəzur yoluna nəzarət asanlıqla Rusiyanın əlinə keçə bilər. Bəs hazırkı geo-siyasi gerçəkliyə uyğun proqnozlar nədən ibarətdir?
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında ADP sədri, politoloq Sərdar Cəlaloğlu bunları söyləyib:
 
“Əksinə, mən hesab edirəm ki, Ermənistanın daxilindəki siyasi proseslərin inkişafı “Tramp yolu” ilə bağlı görülən işlərdən asılı olacaq. Çünki artıq Amerika əlini ora qoyubdur. Və istər Rusiya, istərsə də İran buna müqavimət göstərə bilməyəcək.  Azərbaycanda bu marşrutun Trampın nəzarətində olmasına razılıq veribdir. Ona görə də, dediyim kimi, Ermənistandakı siyasi və iqtisadi proseslərin hamısı “Tramp yolu” adlanan Zəngəzur yolunun mövcudluğuna uyğunlaşdırılacaqdır. Bu da o deməkdir ki, rusiyapərəst qüvvələrin orada hakimiyyətə gəlmək şansı yoxdur...
 
Onu da xatırladım ki, Ermənistan hakimiyyəti ABŞ-la Zəngəzurdan keçəcək TRİPP layihəsi ilə bağlı konkret bir saziş bağlayıb və həmin sazişə əsasən Birləşmiş Ştatlar artıq bölgədədir... Odur ki bu sazişi heç bir qüvvə pozmaq iqtidarında deyil. Burada Vaşinqtonun iqtisadi marağı var və ABŞ Zəngəzur yolu naminə Rusiya ilə müharibə də edə bilər.Yəni bu dəhlizin əhəmiyyəti olduqca böyükdür..."
 
“Belə çıxır ki, seçkilər, yaxud başqa vasitələrlə Ermənistanda hakimiyyət dəyişsə və yenidən revanşist, rusiyapərəst qüvvələr idarəçiliyə keçsə belə, onlar da Zəngəzur- “Tramp yolu” ilə bağlı sazişi icra etməmək iqtidarında ola bilməzlər?” sualını isə partiya sədri belə cavablandırıb:
 
“Ümumiyyətlə, əgər hakimiyyətə gələcək yeni qüvvə onun strateji planlarına mane olacaqsa, Amerika Ermənistanda heç bir hakimiyyət dəyişikliyinə imkan verməyəcək. Hesab edirəm ki, Ermənistanın siyasəti artıq Amerikanın təsirindən daha çox asılıdır və burada hər hansı bir müdaxilə mümkünsüzdür...”
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər